Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-547/2024 01.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “1787.24 manat məbləğində krеdit bоrcu, 260.45 manat məbləğində faiz bоrcu və 112.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2160.21 manat məbləğində bоrcun və 70 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı QSCyə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “1787.24 manat məbləğində krеdit bоrcu, 260.45 manat məbləğində faiz bоrcu və 112.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2160.21 manat məbləğində bоrcun və 70 manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 035L**********13 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti aşılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixli 035R********** saylı kredit razılaşması imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 18 ay müddətində 2.0833% faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 1.12-ci bəndinə əsasən bank kredit sazişində razılaşdırılmış məbləğdə krediti kredit alana verməyi, kredit alan isə həmin krediti banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.2%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş ödəniş planından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən hər ay 230 manat, sonuncu ay xx.xx.2024-cü il taixində isə 237.41 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, 3400 manat məbləğində pul İddiaçı QSC tərəfindən Cavabdeh **********090135 nömrəli hesabına köçürülmüşdür. Cavabdeh götürdüyü kredit borcundan 1612.76 manat ödəniş etmiş və onun 1787.24 manat ödənilməmiş kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 1787.24 manat əsas, 260.45 manat faiz və 112.52 manat cərimə borcu və 287 gün gecikməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2022-ci il tarixli uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, ödəniş planı, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 035L**********13 nömrəli uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti aşılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixli 035R********** saylı kredit razılaşması imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 18 ay müddətində 2.0833% faiz dərəcəsi olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 1.12-ci bəndinə əsasən bank kredit sazişində razılaşdırılmış məbləğdə krediti kredit alana verməyi, kredit alan isə həmin krediti banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.2%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 1787.24 manat əsas, 260.45 manat faiz və 112.52 manat cərimə borcu və 287 gün gecikməsi mövcuddur. Məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçının 1787.24 manat əsas və 260.45 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “112.52 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.2%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 1787.24 manat məbləğində əsas, 260.45 manat məbləğində faiz və 50 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə qərara əsasən iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda ödənilməli olan mediasiya rüsumu 60 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edilsə də, əsas və faiz borc məbləği dəyişmədiyindən 60 manat mediasiya xərci cavabdehdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1787.24 manat əsas borc, 260.45 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov