Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-550/2024 15.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “1906.26 manat əsas, 2150.58 manat faiz, 1707.39 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 271.96 manat faiz borcu və 80.37 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “1906.26 manat əsas, 2150.58 manat faiz, 1707.39 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 271.96 manat faiz borcu və 80.37 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 019T08170022 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən kredit borcalana növbəti ay üçün məktəblərin açılması ilə əlaqədar satış üçün əlavə mal gətirmək məqsədilə verilir. Müqavilənin 2.5-ci bəndinə əsasən cavabdeh gecikdirilən keredit ödənişinin əsas borc məbləğində gecikdirilən hər gün üçün cərimə kimi illik 58 faiz dəbbə pulu ödəyir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasənda nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 6.4.4-cü bəndinə əsasən ödəniş qrafikində nəzərdə tutulmuş borcları, komissiya haqlarını və digər ödənişləri vaxtında və tam həcmdə ödəmək cavabdehin vəzifəsidir. Müqavilənin 7.1-ci bəndinə əsasən kreditin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 ilə bağlanmış zaminlik müqavilələri göstərilmişdir. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022ci il tarixinə 1906.26 manat əsas, 2150.58 manat faiz, 1707.39 manat cərimə və 5 faizlə hesablanmış 271.96 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli ZM1/019T08170022 və ZM2/019T08170022 nömrəli (zaminlər Cavabdeh2 və Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh3 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 3.4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. Zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqavilələrinin 5.1.3-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Əlavə olaraq məhkəməyə təqdim edilmiş hesabdan çıxarış və 9 ədəd qəbzdən də görünür ki, cavabdeh ümumilikdə 1720 manat ödəniş etmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə 1906.26 manat əsas, 2150.58 manat faiz, 1707.39 manat cərimə və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 383.5 manat faizborcu vardır. Eyni zamanda məhkəmə, borcun dəqiq araşdırılması ilə bağlı məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4891 nömrəli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixinə 186.79 manat əsas, 783.57 manat faiz və müqavilə müddəti bitən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 316.17 manat 5 faizlə hesablanmış borcunun olduğu müəyyən edilir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli 019T08170022 saylı kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi lə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün xx.xx.2019-cu il tarixə Cavabdeh3 cərimə borcu hesablanmalıdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqavilələri, hesabdan çıxarışlar, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 019T08170022 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcu qalmışdır. Məhkəmə əsas və faiz borcuna münsibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, borcun dəqiq araşdırılması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixinə 186.79 manat əsas, 783.57 manat faiz və 316.17 manat 5 faizlə hesablanmış cərimə borcunun olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 1906.26 manat əsas, 2150.58 manat faiz borcunun tutulmasını tələb etsə də ekspert rəyini təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə ekspert rəyində göstərilmiş əsas və faiz borc məbləğlərini əsas tutur və hesab edir ki, iddiaçı həmin borcun tutulmasını cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddia tələbinin “AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 271.96 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Düzdür məhkəməyə təqdim edilmiş ekspert rəyində AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 316.17 manat borcun mövcud olduğu göstərilsə də, iddiaçı həmin məbləğdən daha az, yəni 271.96 manat borcun tutulmasını məhkəmədən tələb edir. Məhkəmənin iddia tələbindən kənara çıxmağa haqlı olmadığından qanuna zidd olduğundan hesab edir ki, illik 5 faizlə hesablanmış 271.96 manat faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “1707.39 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən cavabdeh gecikdirilən keredit ödənişinin əsas borc məbləğində gecikdirilən hər gün üçün cərimə kimi illik 58 faiz dəbbə pulu ödəyir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcuna münasibətdə 50 manat cərimə borcunun tutulmasını daha ədalətli, ağlabatan və qanunidir. Eyni zamanda, xx.xx.2017-ci il tarixli ZM1/019T08170022 və ZM2/019T08170022 nömrəli (zaminlər Cavabdeh2 və Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh3 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 3.4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il zaminlik müqavilələrinin müddəti xx.xx.2019cu il tarixinədəkdir. Eyni zamanda zaminlik müqavilələrinin 5.1.3-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Göründüyü kimi zaminlik müqaviləsinin müddəti ötürüldüyündən borcun zaminlər Cavabdeh2 və Cavabdeh1a yönəldilməsi əsassızdır. Bundan başqa, hüquqi müəyyənlik baxımından zaminlik müqaviləsinin qüvvədə olma müddəti öhdəliyin icrası müddətindən çox olmamalı, eyni zamanda öhdəliyin icrası müddəti zaminlik müqaviləsinin müddətindən az olmamalıdır. Hazırki vəziyyətdə zaminlik müqaviləsində onun qüvvədə olma müddəti öhdəliyin icrası müddəti ilə üst-üstə düşdüyündən qanunvericilikdə müəyyən edilmiş müddətin nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Şərh olunan maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminə qarşı iddia ən geci müqavilənin bitdiyi müddətdən sonra xx.xx.2020-ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Göstərilən müddətlə bərabər hətta bir illik müddət də ötürülmüşdür. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Cavabdeh3 xx.xx.2017-ci il tarixli 019T08170022 saylı kredit müqaviləsi üzrə 186.79 manat əsas borc, 783.57 manat faiz borcu, 50 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 271.96 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 80.37 manat dövlət rüsumunun 18.8 manat hissəsi cavabdehdən tutulmalı, qalan 61.57 manatlıq hisssi isə iddiaçıya aid edilməlidir. Bundan əlavə məhkəmə ekspertizası üçün 100 manat tədqiqatın dəyəri müəyyən edilmişdir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, 100 manat məbləğində ekspert xərcinin tərəflər arasında bərabər bölüşdürülməsi nəticəsinə gəlir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 xx.xx.2017-ci il tarixli 019T08170022 saylı kredit müqaviləsi üzrə 186.79 manat əsas borc, 783.57 manat faiz borcu, 50 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 271.96 manat faiz borcu və 18.8 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov