Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-556/2024 27.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 2901,6 manat krеdit bоrcu, 309,16 manat faiz bоrcu və 100,98 manat cərimə borcunun və ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 100000 manat məbləğində uzunmüddətli kredit xətti açılmış, müqaviləyə əsasən cavabdehə kreditlərin verilməsinin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 007R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 5500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 2901,6 manat kredit borcu qalmışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixə qalıq borcun göstərildiyi maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada ünvanı üzrə xx.xx.2024-cü il tarixdə (Mahmudov.C) təqdim edilməsinə baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Arayış, Pretenziya, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 007R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 5500 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 2901,6 manat krеdit bоrcu, 309,16 manat faiz bоrcu və 100,98 manat cərimə borcu qalmışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixə qalıq borcun göstərildiyi maliyyə arayışı ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddiaçıdan 2901,6 manat əsas bоrc, 309,16 manat faiz bоrcu və kredit müqaviləsinin 4.2.2-ci bəndinə əsasən hesablanmış 100,98 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 53,12 manat təşkil edir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 53,12 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı 70 manat mediasiya xərci ödədiyini iddia etsə də, iş materiallarında olan “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan müəyyən olunduğu kimi iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Bu səbəbdən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh müştərək qaydada 2901,6 manat əsas, 309,16 manat faiz bоrcu, 100,98 manat cərimə bоrcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Ödənilməmiş 53,12 manat dövlət rüsumu Cavabdeh dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-556/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-556/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver