Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-558/2024 30.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2023-cü il tarixli, 016229 nömrəli akt üzrə hesablanmış 1382,7 manat borcun silinməsi və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü il tarixli, 016229 nömrəli akt üzrə hesablanmış 1382,7 manat borcun silinməsi və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində “X1 Qaydalarına” uyğun yoxlama aparılmış, elektrik sayğacının qoşulma sxeminin səhv olduğu, sayğacın faz yuvasına sıfır xətti, sıfır yuvasına isə faz xəttinin daxil olduğu və kənar mənbədən götürülmüş sıfır xətti ilə sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə 016229 nömrəli akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixində itirilmiş enerjinin bərpası məqsdilə abonentə sayğacdan keçən yükə uyğun 0,11 manatla 10670 kvts, dəyəri 1173,70 manat məbləğində ödənilməmiş elektrik enerjisinin dəyəri hesablanmışdır. “X1 Qaydalarının” pozulması haqqında xx.xx.2023-cü il tarixdə 016229 nömrəli akta əsasən itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 1173,70 manat borcun ödənilməsi İddiaçı tələb olunur. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Mol Bulak” BOKT obyektinə quraşdırılmış elektrik sayğacı onun adınadır, həmin obyekt fəaliyyət göstərdiyi dövrdə elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəmişdir, lakin cavabdehin nümayəndələri xx.xx.2023-cü il tarixində akt tərtib edərək 1173,70 manat borcun ödənilməsini ondan tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir, cavabdeh isə xx.xx.2024-cü il tarixində iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi əsassızdır və rədd olunmalıdır. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********31001 (**********2) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları iddiaçının nümayəndəsi Nəriman İbrahimlinin iştirakı ilə “X1 Qaydalarına” uyğun yoxlama aparılmış, elektrik sayğacının qoşulma sxeminin səhv olduğu, sayğacın faz yuvasına sıfır xətti, sıfır yuvasına isə faz xəttinin daxil olduğu və kənar mənbədən götürülmüş sıfır xətti ilə sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə 016229 nömrəli akt tərtib edilmişdir. İddiaçının nümayəndəsi Nəriman İbrahimli həmin akta imza çəkməkdən imtina etmişdir. Həmin tərtib olunmuş akt “X1 Qaydalarına” uyğun olaraq tərtib olunmuşdur, buna görə də itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 1173,70 manat pul enerji təchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara akt, etiraz, məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X1 Qaydalarının” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntunun istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş enerjinin bərpası məqsədilə borc hesablanmışdır. Cavabdeh tərəf iddiaçının elektrik xəttinə qanunsuz qoşulması ilə bağlı yoxlamanın aparılmasını təsdiq edən video görüntü təqdim etməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin yoxlama aparma ilə bağlı hərəkətlərinin qanuniliyi, yəni müvafiq dövlət reyestrində yoxlamanın qeydiyyatı oluğu halda həmin video görüntü sübut olaraq nəzərə alına bilər. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.18-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qərarın 7.19-cu bəndinə əsasən Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan, qeyri-yaşayış sahəsində (çay evi) quraşdırılmış işıq xəttində yoxlama aparılmış, bununla bağlı 016229 nömrəli akt tərtib edilmişdir. Lakin cavabdeh tərəfindən yoxlamanın aparılmasının qanuniliyi ilə bağlı sübutlar təqdim edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin iddiaçının adına açılmış yoxlama əvvəlki illərə aid yalnız vergi yoxlaması ilə əlaqədar olmuş, 2023 və 2024-cü illər üçün hər hansı bir yoxlama qeydə alınmamışdır. İddia tələbində xx.xx.2023-cü il tarixli016229 nömrəli aktın etibarsızlığı barədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən akt hər hansı inzibati və ya vəzifə yaradan qərar və ya sərəncam hesab edilmədiyindən, yalnız müvafiq faktı təsdiq və ya inkar edən sübut olaraq qiymətləndirildiyindən həmin sənədin etibarsız hesab edilməsi barədə tələbə iddia tələbi olaraq baxılmır. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı öz ərizəsində ona 1382,7 manat borcun hesabladığını bildirsə də, 016229 nömrəli akt əsasənda tərtib edilmiş icra vərəqindən görünür ki, iddiaçıya yalnız 1173,70 manat borc hesablanmışdır. (10670 kvts x 0.11 = 1173,70) Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh tərəfindən qanunun tələblərini pozmaqla yoxlama aparıldığından həmin akt əsasında hesablanmış 1173,70 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən və iddiaçı müraciət edən zaman dövlət rüsumu ödəmədiyindən 33,82 manat məbləğində ödənilməli dövlət rüsumunun 5,11 manatı iddiaçıdan, 28,11 manatı cavabdehdən tutulub dövlət büdcəsinə döənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən “xx.xx.2023-cü il tarixli, 016229 nömrəli akt üzrə hesablanmış 1173,70 manat borc İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. 33,82 manat ödənilməli dövlət rüsumunun 5,11 manatı iddiaçıdan, 28,11 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-558/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-558/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver