Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-560/2025 28.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 4.702.5 manat məbləğində dəymiş zərər və ödənilmiş 67.03 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 yanvar 2019-cu il tarixində “X9 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aramızda “Yaşıl tütünün alqısatqısına dair”, 10 saylı müqavilə bağlanmışdır. Müqavilənin bağlanılmasında məqsədim sahibkarlara aşagı faizlə kredit verməklə tütünçülüyün inkişafı üçün onlarla işləmək arzusunda olan "xxxx" MMC-nin dəstəyi ilə öz sahibkarlıq fəaliyyətimi inkişaf etdirmək olub. Müqaviləyə əsasən, o öz mülkiyyətində, istifadəsində və ya icarəsində olan 8 (səkkiz) ha torpaq əkin sahəsində müvafiq aqrotexniki qaydalara və bu müqavilənin şərtlərinə uyğun olaraq tütün əkib, "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüş, "xxxx" MMC isə öz növbəsində onun istehsal etdiyi yaşıl tütünü texniki şərtlərə uyğun qəbul etməyi, onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qaydada müəyyənləşdirməyi və qəbul olunmuş yaşıl tütünün müəyyənləşdirilmiş dəyərini ona ödəməyi öz öhdəsinə götürüb. 30 yanvar 2019-cu il tarixində "xxxx" MMC, "xxxx" MMC-nin tabeliyində fəaliyyət göstərən X8 və Emalı Məntəqəsi və o, istifadəsində olan torpaq sahəsində yaşıl tütün tədarük edib təhvil vermək üçün lazım olan pul vəsaitini təmin etmək məqsədilə Maraqlı şəxs Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə TM-085/19 saylı, çoxtərəfli kredit müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən Maraqlı şəxs QSC BOKT ona tütün əkini üçün illik 10 faizlə əsas və faiz borcları 31 dekabr 2019-cu il tarixinədək tam ödənilmək şərtilə 13600.00(on üç min altı yüz)manat məbləğində kredit vermişdir. Eyni zamanda həmin vaxt ərazidə fəaliyyət göstərən digər fermerlər də "xxxx" MMC və Maraqlı şəxs QSC BOKT ilə eyni məzmunlu müqavilələr bağlamışdırlar. Müqavilə bağlandığı zaman “xxxx MMC” öz təqsirinə görə onlar fermerlərə hər hansı zərər dəyəcəyi təqdirdə həmin zərəri özü ödəyəcəyi barədə əvvəlcədən öhdəlik götürmüşdür. Həmçinin, kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsini təmin etmək məqsədilə "xxxx" MMC ilə Maraqlı şəxs QSC BOKT Şəki filialı arasında 2019-cu il üçün 50%-lik, 2020-ci və sonrakı illər üçün isə 100%-lik zaminlik müqaviləsi bağlanılmışdır. Müqavilə bağlanılan zaman "xxxx" MMC bildirdi ki, əgər əkəcəyi tütünün qüsuru və yaxud da şitillərin xəstəliyi nəticəsində sahibkarlara maddi zərər dəyərsə o, zaman dəymiş zərərin 50%-ni "xxxx" MMC banka öz hesabına ödəniş etməyi öhdəsinə götürməsi barədə bankla özləri arasında müqavilə bağlayır və fermerlər də buna tam əmin olaraq dəymiş zərərdən sığortalanmış olacaqdır. Öz işini həvəslə inkişaf etdirdiyi bir vaxtda 2019-cu il mövsümündə "xxxx" MMC tərəfindən əkmək üçün verdiyi tütün toxumunun keyfiyyətinin aşağı olması və toxum xəstə çıxdığından bütün fermerlərdə problemlər yaşanmağa başladı. Hər fermer ayrı-ayrılıqda "xxxx" MMC-yə üz tutaraq verdikləri toxumda xəstəliyin olmasını bildirmiş, xxxx MMC-dən mütəxəssislər göndərildi onlar da toxumun xəstə olduğunun şahidi oldular, eyni zamanda biz fermerlər tütün şitilinin keyfiyyətsiz və xəstə olması ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə də eyni məzmunlu müraciətlər etmişlər. Buna baxmayaraq bildirdilər ki, əkininizi davam etdirin əgər zərər dəyərsə müqavilə əsasında ödəyə bilmədikləri 50 % -i xxxx MMC tərəfindən ödəniləcək. Beləliklə hər birinin bankdan götürdüyü məbləği qaytara bilmədiklərindən problemlər yaşanmağa başlayanda "xxxx" MMC-yə bununla bağlı etdiyi müraciətə baxılmadığından banka olan borcu faizlə artmağa başladı və xxxx MMC-nin 50 %-lik müqavilə öhdəliyi olduğu halda xxxx MMC banka heç bir ödəniş etməyərək onlara problemlər yaratdı. Bununla bağlı dəfələrlə xxxx MMC-nin X8 və Emalı Məntəqəsinə, Zaqatalada yerləşən Baş ofisinə müraciətinə baxmayaraq get-gələ salaraq heç bir tədbir görülmədi. Hal-hazırda Maraqlı şəxs QSC BOKT 07 mart 2019-ci il tarixli, çoxtərəfli kredit müqaviləsinə əsasən borcun ödənilməsini yalnız fermerlərdən tələb edir. Digər fermerlərlə birlikdə edilmiş müraciətlərə baxmayaraq “xxxx MMC” və Maraqlı şəxs QSC BOKT aralarında bağlanılmış zaminlik müqaviləsini ona təqdim etmir. Lakin “xxxx MMC” ünvan 1 ünvanladığı 28 avqust 2019-cu il tarixli, Z/656 saylı məktubunda Maraqlı şəxs QSC BOKT ilə fermerlər arasında bağlanmış müqaviləyə əsasən verilən kreditlərin ödənilməsində 50 (əlli) faiz zaminlik öhdəliyi götürdüyünü təsdiq etmişdir. O, Maraqlı şəxs QSC BOKT 07 mart 2019-ci il tarixli, çoxtərəfli kredit müqaviləsinə əsasən bankdan 13 600 manat kredit götürmüş və bu aralarında bağlanmış müqavilə üzrə sübut olunur. Tütün keyfiyyətsiz olduğundan az məhsul götürmüş və bunun da əsasında banka 4,195 manat pul ödəmiş, bu faktı Aqrarkredit” QSC BOKT –n ona qarşı Şəki Kommersiya Məhkəməsində pul tələbi ilə qaldırdığı iddia ərizəsi ilə sübut olunub. Onun banka olan əsas borcu 9405.77 manat təşkiledir, həmin məbləğin 50%-i olan 4,702.5 manat pulu “xxxx MMC” götürdüyü öhdəlik üzrə ödəməlidir.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edərən iddiaçı iddia ərizəsinə uyğun izahatına əlavə olaraq bildirmişdir ki, əvvəlki illərdə də tütün əkib, bank və xxxx ilə əməkdaşlıq edib. Əməkdaşlıq etdiyi müddətdə müqavilədə göstərilən öhdəlikləri yerinə yetirib. 2019-cu ildə ziyana düşməsinin səbəbi məhz toxum səbəbindədir. Dəfələrlə xxxx MMC-yə müraciət ediblər. Lakin mütəxəssislər gəlib baxış keçirsələr də heç bir tədbir görməyiblər. Həmçinin "xxxx" MMC fermerlərə hər hansı zərər dəyəcəyi təqdirdə həmin zərəri özü ödəyəcəyi barədə əvvəlcədən öhdəlik götürmüşdür. Dəymiş zərərin 50%-ni "xxxx" MMC banka öz hesabına ödəniş etməyi öhdəsinə götürməsi barədə bankla onun arasında müqavilə bağlanmışdır. İddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, xxxx ASC və onun törəmə müəssisələri 27 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ləğv olunmuşdur. Beləliklə bütün öhdəliklər İnvestisiya Holdinqinə keçmişdir. Zaqataldan 5 nəfər fermer 141250 manat iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il tarixli qətnaməsi ilə xxxx MMC məhkəməni qazanmışdır. Daha sonra təzədən Zaqataldan 5 nəfər fermer 141250 manat iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəf məhkəməni qazanmışdır. Halbuki həmin tarixdə xxxx MMC-nin fəaliyyəti dayandırılmışdır. Həmçinin məhkəmədə iştirak edəcək hüquqşünas və işçiləri olmayıb. Fermerlərin toxumla bağlı narazılığı 2019-cu ildə olmuş və aradan 6-7 il keçmişdir. O zaman niyə şikayət etməmişlər. Digər şikayət verən şəxslərin məhkəməni qazandıqlarını gördükləri üçün indi şikayət verməyə başlamışlar. İqtisadiyyat Nazirliyinin ləğv etmə komissiya üzvləri onlarla əlaqə saxlamış və onlarda da araşdırılma aparıdığını bildirmişdir. Hazırki iddia tələbi ilə bağlı bildirdi ki, sahibkarlara maddi zərər dəydiyi təqdirdə dəymiş zərərin 50%- ni "xxxx" MMC banka öz hesabına ödəniş etməyi öhdəsinə götürmüşdür. Bu məsələni mübahisələndirmir. Lakin iddiaçıya verilmiş toxumun keyfiyyətsiz olmasını qəbul etmir. Belə ki, toxumun keyfiyyətli olması barədə məhkəməyə sənəd təqdim etmişdir. Sonradan tütün məhsulunun az olması toxumda olan problemlə əlaqəli deyildir.
5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Maraqlı şəxs QRC BOKT tərəfindən 7 mart 2019-cu ildə 0,85/19 saylı kredit müqaviləsinə əsasən İddiaçı 8 hektar torpaq sahəsində tütün əkmək üçün 13600 manat məbləğində kredit verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi ayrıldıqdan sonra İddiaçı 4807 manat 72 qəpik vəsait tütün satışına daxil omuşdur. Bunun da 4194 manat 23 qəpik əsas borca, 613 manat 49 qəpik faiz borca silinmişdir. İddiaçı 4807 manat 72 qəpik vəsait tütün satışına daxil omuşdur. Bunun da 4194 manat 23 qəpik əsas borca, 613 manat 49 qəpik faiz borca silinmişdir. Həmçinin qeyd edir ki, iddiaçının iddiasına etiraz etmir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. Məhkəmə əvvəlcə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X9 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X9 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X9 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. “X9 Kompleksi” MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən “X9 Kompleksi” MMC-nin hüquqi varisi "xxxx" MMC olmuşdur.
8. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi Şəki Kommersiya Məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3-21-2- 17/2-43547/2025 nömrəli məktubla bildirmişdir ki, "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. Hazırda Cavabdeh MMCnin fəaliyyəti aktivdir.
9. “X10 Kompleksi” MMC (alıcı) direktor X5 şəxsində, "xxxx" MMC-nin X8 və emalı məntəqəsinin (tədarükçü) müdiri Ş.H. Mamaedov şəxsində və yaşıl tütün istehsalçısı İddiaçı (fermer) şəxsində “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı satqısına dair xx.xx.2019-cu il tarixli 10 nömrəli müqavilə bağlanmışdır. 2.1.1-ci bəndinə görə mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 8 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini həyata keçirir və hər hektardan 13 tondan az olmamaqla yaşıl tütün istehsal edib “alıcı”ya təhvil verir.
10. İş materiallarında olan tütün bitkisinin becərilməsi üçün Maraqlı şəxs QSC BOKT, "xxxx" MMC-nin nümayəndəsi, həmin MMC-nin tabeliyində fəaliyyət göstərən X8 və Emalı Məntəqəsinin müdiri Şadnuş Mamaedov (tədarükçü), İddiaçı borclan qismində iştirakı ilə xx.xx.2019-cu il tarixli TM-085/19 nömrəli Kredit müqaviləsi bağlanmış və müqavilənin 1.1ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq Maraqlı şəxs QSC və borc alan İddiaçı, ona 13000 manat kredit verilməsi barədə razılaşmışlar. - 1.2-ci bəndinə görə bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü ünvan 1 ərazisində 8,0 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə “Yaşıl tütün yarpağı.Texniki şərtlər.” OST- 46 151- 84 standartının tələblərinə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürür. - 2.2.2-ci bəndinin “k” yarımbəndinə görə borcalan tütün istehsalı üzrə bütün aqrotexniki qaydalara ciddi riayət etmək və bir hektardan minimum 15 ton məhsul istehsal etməyə nail olmaq öhdəliyini daşıyır. 2.4-cü bəndin d. bəndinə əsasən Müqavilə üzrə Alıcı olan "xxxx" Borcalana (iddiaçıya) təqdim etdiyi texnika, kamera, ştil və yaxud toxum, kimyəvi preparatların, mineral gübrələrin dəyərini və daşınma xərclərini tədarük zamanı əvəzləşdirmək vəzifəsi qeyd edilmişdir. - 3.1-ci bəndinə görə tədarükçü əmtəə növünə görə qüvvədə olan standarta əsasən yaşıl tütün yarpağını borcalandan 1-ci növ üzrə 0.25 manat/kq, 2-ci növ üzrə 0.17 manat/kq, 3-cü növ üzrə 0.10 manat/kq, dib yarpaq 0.08 manat/kq qiymətə qəbul edir.
11. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 03/13-08-14-143 nömrəli məktubunda qeyd edilmişdir ki, “GL-939” sortunun toxumu Zaqatala və Qax rayonlarında fermerlərə paylanmışdır. Qızdırılmayan primitiv istixanalarda “GL-939” sortunun toxumunun optimal müddətdə əkilməsinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, toxumlar kütləvi şəkildə cücərməmiş, zəif və seyrək bitiş alınmış və nəticədə şitillərin açıq sahəyə köçürülməsi xeyli gecikmişdir. “GL-939” sortunun toxumunun cücərmə keyfiyyəti ilə bağlı bildirir ki, təqdim etdiyi toxum keyfiyyəti sənədində laboratoriya cücərməsi 97% göstərilmişdir, lakin bu sənəd rəsmi təsdiqlənməmişdir. Həmçinin "xxxx" MMC-nin idxal etdikləri toxumların cücərmə keyfiyyətini cari ilin avqust ayında “X11” şirkətində yoxlatmışdır və analizin nəticələrinə əsasən “GL-939” sortu üzrə cücərmə 60% müəyyən edilmişdir.
12. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-423/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “9405,77 manat əsas borc, 740,23 manat faiz borcu olmaqla, cəmi 10146 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir.
13. Maraqlı şəxs QSC BOKT tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatından görünür ki, “Aqrar Kredit SKT” Şəki filialı tərəfindən kredit müqaviləsi üzrə İddiaçı hesabına xx.xx.2019-cu il tarixdə 4080 manat, xx.xx.2019-cu il tarixdə 1360 manat, xx.xx.2019-cu il tarixdə 4080 manat, xx.xx.2019-cu il tarixdə 1360 manat, xx.xx.2019-cu il tarixdə 2720 manat olmaqla cəmi 13000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Bundan sonra İddiaçı təhvil verilmiş yaşıl tütün əsasında kredit borcundan cəmi 4807,69 manat məbləğində ödəniş etmişdir.
14. "xxxx" MMC-nin AZS 037-99 nömrəli xx.xx.2019-cü il tarixli “Toxumun kondensiallığı barədə vəsiqədən görünür ki, “Vircinya” növlü Gl 939 nömmrəli, ABŞ istehsalı olan toxum analizdən keçmiş və toxumun cücərməsinin kondinsiyaya cavab verdiyi və cücərməsinin 95 % olduğu müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli 3- 22/2-892/2025 nömrəli məktubunda bildirilmişdir ki, tütün bitkisinin “NC-291” (NG-291) hibridi “AR ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə 2020-ci ildə qeydiyyata alınmışdır. Tütün bitkisinin qeyd olunan “GL-939”, Brazilya mənşəli “PVH-2310” sortları isə Dövlət Reyestrində qeydiyyatda deyildir.
V. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.
17. “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 21. Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata alınmış, sortluq və səpin keyfiyyətləri dövlət standartlarının tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə daxil edilir. Maddə 22. Toxumların sortluq və səpin keyfiyyətlərinin normaları müvafiq dövlət standartları ilə müəyyən edilir. Toxumluq əkinlərin tarla müayinəsi, aprobasiyası, toxum nümunələrinin təhlili müvafiq qaydada təsdiq edilmiş, təlimatlar əsasında dövlət toxumçuluq xidməti tərəfindən aparılır. Toxumların laboratoriya təhlili dövlət toxumçuluq xidmətinin akkreditasiya edilmiş sınaq laboratoriyalarında və ya akkreditasiya edilmiş sınaq laboratoriyalarında aparılır. Dövlət standartlarının tələblərinə cavab verən toxumlara akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilir. Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Dövlət standartlarına cavab verməyən toxumlara təhlillərin nəticəsini əks etdirən vəsiqələr verilir. Maddə 24. Azərbaycan Respublikasında rayonlaşmış, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan bitki sortlarının toxumları ticarət dövriyyəsinə daxil edilir. Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə yol verilmir: rayonlaşmamış sortların;sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların; qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların; sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatının müddəti qurtarmış toxumların; sort qarışığı olan toxumların. Maddə 26. Toxumların əldə edilməsi, istifadəsi və satışı mühafizə olunan sortun patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilir. Bitki sortlarının toxumlarından istifadəyə görə patent sahibi ilə bağlanmış lisenziya müqaviləsində patent sahibinə ödəniləcək haqqın miqdarı, müqavilənin şərtləri və tərəflərin məsuliyyəti göstərilməlidir. Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət reyestrinə daxil edilməmiş bitki sortlarının toxumları aşağıdakı hallarda istifadə oluna bilər: beynəlxalq müqavilələr əsasında becərilərək Azərbaycan Respublikasından kənara ixrac edilməsi məqsədilə; müvafiq icra hakimiyyəti orqanlarının qərarına əsasən; seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə. Maddə 30. Toxumçuluq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
18. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. Azərbaycan Respublikasında yalnız patentləşmiş və dövlət reyestrinə daxil edilmiş seleksiya nailiyyətləri istehsalatda istifadə edilə bilər. Satılan bitki materialları və damazlıq ehtiyatları müvafiq dövlət orqanları tərəfindən keyfiyyət sertifikatları ilə təchiz olunmalıdır. Sertifikat dövlət reyestrinə daxil edilmiş və rayonlaşdırılmış seleksiya nailiyyətlərinə verilir. Maddə 28. Sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə müvafiq olaraq mükafatın və haqqın ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanın tərəfindən müəyyən edilir. Maddə 33. seleksiya nailiyyətlərinin sertifikatsız satılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyətə səbəb olur. Seleksiya nailiyyətləri haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Vl. Məhkəmənin mövqeyi:
19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
21. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya keyfiyyətsiz toxum təqdim etməsi və bununla bağlı öhdəlik münasibətləri üçün müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması müəyyən edilir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı). Bu səbəbdən məhkəmə cavabdeh tərəfin hər hansı müraciəti olmadığından bu məsələyə baxmamışdır.
22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
23. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə “X9 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş, təsisçilərin xx.xx.2021-ci il tarixli yığıncağının qərarı ilə qeyd edilən hüquqi şəxsin tərkibindən ayrılmaqla "xxxx" MMC yaradılmış, həmin hüquqi şəxslər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən “X9 Kompleksi” MMC-nin hüquqi varisi qeyd edilən sahə üzrə hüquq və öhdəlikəri "xxxx" MMC olmuşdur. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. Hazırda Cavabdeh MMC-nin fəaliyyəti aktivdir. Ona görə də qeyd edilən Cavabdeh MMC hazırkı iş üzrə cavabdehlik daşıyır.
24. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən iddiaçının izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları ondan ibarətdir ki: a) Yaşıl tütün bitkisinin əkini üçün Maraqlı şəxs QSC BOKT, "xxxx" MMC-nin nümayəndəsi, həmin MMC-nin tabeliyində fəaliyyət göstərən X7 və Emalı Məntəqəsinin müdiri Mohuma Hüşənov (tədarükçü), İddiaçı iştirakı ilə xx.xx.2019-cu il tarixli TM-085/19 nömrəli Kredit müqaviləsi bağlanmışdır. b) Həmin kredit müqaviləsinə əsasən, İddiaçı ünvan 1 ərazisində yerləşən 8 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərməyi, əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. c) Həmin kredit müqaviləsinə əsasən, “Aqrar Kredit SKT” Şəki filialı tərəfindən iddiaçının hesabına 13600 manat məbləğində pul vəsaiti köçürüldüyü, iddiaçının təhvil verdiyi yaşıl tütünün dəyəri olan 4807,69 manat məbləğində pul kredit borcunun ödənilməsinə (əsas və faiz borcuna) yönləndirildiyi öz təsdiqini tapmışdır.
25. Məhkəmə işin mübahisəsiz hallarına qiymət verərərək hesab edir ki, iddiaçının qeyd etdiyi kimi ünvan 1 ərazisində yerləşən 8 ha torpaq sahəsində yaşıl tütün bitkisinin əkinin həyata keçirilməsi üçün iddiaçı və digər tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi əsasında Maraqlı şəxs QSC BOKT tərəfindən iddiaçıya 13600 manat kredit verilmiş, bundan sonra iddiaçı tərəfindən təhvil verilən yaşıl tütünün dəyəri olan 4807,69 manat məbləğində pul kredit borcunun ödənilməsinə yönəldilmişdir.
26. İş materialları ilə öz təsdiqini işin qismən mübahisələndirilən halları iddiaçının təhvil verdiyi tütünün ümumi çəkisi, məbləği, toxumun növü, markası torpaq sahəsinin hər hektarından minimum nə qədər məhsul əldə edilməli olması, tütünün 1 kq-nın hansı növə uyğun qiymətlə təhvil-satın alınması halları aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
27. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2019-cü il tarixli “Toxumun kondensiallığı barədə vəsiqədə “Vircinya” növlü Gl 939 nömmrəli, ABŞ istehsalı olan toxumunun analizdən keçdiyi və toxumun cücərməsinin kondinsiyaya cavab verdiyi və cücərməsinin 95 % olduğu qeyd edilsə də, həmin vəsiqə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-22/2-892/2025 nömrəli məktubundan müəyyən edilir ki, tütün bitkisinin “GL-939”, Brazilya mənşəli “PVH-2310” sortları Dövlət Reyestrində qeydiyyatda deyildir.
28. İddiaçı cavabdeh tərəfindən verilmiş “GL 939” markalı toxumun keyfiyyətsiz və yararsız olmasını, bu səbəbdən də, planlaşdırılmış məhsulu əldə edə bilmədiyindən "xxxx" QSC qarşısında öhdəliyini tam şəkildə icra edə bilmədiyini və müqavilədə ehtimal edilən gəlirdən məhrum olduğunu bildirərək, Maraqlı şəxs QSC BOKT-a olan borcunun yarısının dəymiş ziyanın əvəzi kimi ödənilməsini tələb edir.
29. İş materiallarında hazırkı iş üzrə iddiaçıya verilən tütün bitkisinin sortunun həqiqətən də “GL 939” markalı toxum olduğunu təsdiq edən sübut-həmin dövr üçün Zaqatala və Balakən rayonlarında fermerlərin müvafiq qurumlara kollektiv müraciətləri, Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli 03/13-08-14-143 nömrəli məktubu, tərəflər arasında imzalanmış 30 yanvar 2019-cu il tarixli yaşıl tütün alqı-satqısına dair müqavilə və müvafiq məhkəmə aktları qarşılıqlı təhlil edildikdə hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya da əkib-becərilməsi üçün “GL 939” markalı toxumunun verildiyini təsdiq etmək mümkündür. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli TM-085/19 nömrəli kredit müqaviləsində qeyd edilən toxumu Borcalan olan hazırkı iddiaçıya vermək vəzifəsini borclunun hüquqi varisi xxxx MMC-nin daşıdığı müəyyən edilir .
30. Məhkəmə məhsulun az əldə edilməsinin “GL-939” toxumu ilə əlaqəli olub-olmaması məsələsinə münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli məhkəmə aktı ilə həmin dövr "xxxx" MMC-nin digər fermerlərə (həmin iş üzrə iddiaçılara) verdiyi “GL 939” sortlu toxumun dövriyyəyə buraxılması zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsini, eyni zamanda toxumun keyfiyyətinin müəyyənləşdirilməsi üçün cavabdeh tərəfindən ekspert tədqiqatına təqdim olunmamasını işin halları baxımından bütövlükdə qiymətləndirməklə, sözügedən toxumun keyfiyyətsizliyi barədə iddiaçıların dəlillərinin əsaslı olması, iddiaçıların uğradıqları zərərlə toxumun keyfiyyətsizliyi arasında birbaşa səbəbli əlaqə olması qənaətinə gəlinmişdir.
31. Məhkəmənin qənaəti belədir ki, iddiaçı zərər vurulmasını birbaşa olaraq cavabdeh tərəfindən verilmiş toxumun keyfiyyəti ilə əlaqələndirmişdir. Toxumların keyfiyyəti barədə dəqiq qənaətə gəlmək üçün isə ilk növbədə dövriyyəyə buraxılmış həmin toxumların “Toxumçuluq haqqında” və “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verib-vermədiyi yoxlanılmalıdır.
32. “Toxumçuluq haqqında” Qanunun 21-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında dövlət reyestrində qeydiyyata alınmış, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən bitki sortlarının toxumları dövriyyəyə daxil edilir. Göründüyü kimi, qanunla yalnız keyfiyyətli toxumların dövlət qeydiyyatının mümkünlüyü təsbit olunmuşdur. Yəni, məhz dövlət qeydiyyatına alınma faktı toxumun müvafiq keyfiyyət tələblərinə cavab verməsi barədə birmənalı fikir yürütməyə birbaşa əsas verir. İşin müəyyən edilmiş hallarından isə məlum olur ki, mübahisə predmeti olan toxum ölkəmizdə müvafiq dövlət reyestrində qeydiyyata alınmamışdır.
33. Qanunun 22-ci maddəsinin dördüncü və beşinci hissələrində isə dövlət standartlarının tələblərinə cavab verən toxumlara səlahiyyətli qurumlar tərəfindən sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatlarının verilməsi, dövlət standartlarına cavab verməyən toxumlara isə təhlillərin nəticəsini əks etdirən vəsiqələrin verilməsi təsbit edilmişdir. İş materiallarında belə uyğunluq sertifikatları da mövcud deyil, bu hal da “GL 939” sortu toxumunun keyfiyyəti barədə qənaətə gəlməyə imkan vermir.
34. Həmin qanunun 24-cü maddəsi isə sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olmayan, qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilməsini ümumiyyətlə qadağan edir. İş materiallarından toxumun fitosanitar sertifikatının olması da müəyyən olunmur. Bundan əlavə, işin müəyyən edilmiş hallarından məlum olur ki, toxumun mühafizə olunan seleksiya nailiyyətlərinin qablaşdırılması da standarta uyğun olmamışdır. Göründüyü kimi, “GL 939” sortu toxumu Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilməsi üçün Qanunun 24-cü maddəsinin heç bir dispozisiya şərtinə cavab vermir.
35. Eyni zamanda “GL 939” sortu toxumu ölkəmizə idxalı üçün istinad olunan Qanunun 26-cı maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı birinin olması iş materialları ilə müəyyən edilmir.
36. İşin müəyyən edilmiş hallarından məlum olur ki, “GL 939” sortunun toxumunun mühafizə olunan seleksiya nailiyyətləri də dövlət reyestrində qeydiyyatda alınmamışdır.
37. Göründüyü kimi, mübahisə predmeti olan “GL 939” sortunun toxumunun ölkəyə idxalı, o cümlədən Azərbaycan Respublikasında ticarət dövriyyəsinə daxil edilməsi və istifadəsi üçün “Toxumçuluq haqqında” və “Seleksiya nailiyyətləri haqqında” qanunlarla müəyyən edilmiş hüquqi əsasların mövcudluğu iş materiallarından öz təsdiqini tapmır. Bu da mübahisə predmeti olan toxumların keyfiyyətini şübhə altına alır.
38. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-412/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması və qeyd edilən məhkəmə aktlarınnın hazırkı işin faktiki halları və hüququn tətbiqi ilə bağlı eynilik təşkil etdiyindən məhkəmə qeyd edilən qərarları qanunvericiliyin tələbləri baxımından məhkəmə təcrübəsinin vahidliyi baxımından əsas tutmağa borcludur. Əks yanaşma qeyd edilən qərarın yuxarı məhkəmə instansiyası tərəfindən qüvvədə saxlanmasını sual altında saxlayır.
39. Belə ki, hazırkı iş üzrə İddiaçı Qurban oğluna da eyni dövrdə (2019-cu ilin fevral ayının 20-dən sonrakı dövrdə) “GL 939” sortlu toxumun verildiyi müəyyən edilmişdir ki, məhkəmə yuxarıda adı çəkilən məhkəmə aktlarını əsas götürərək iddiaçıya dəymiş zərərin qeyd edilən toxumun keyfiyyətsizliyi ilə əlaqəli olması qənaətinə gəlir.
40. xx.xx.2019-cu il tarixli TM-085/19 nömrəli Kredit müqaviləsinin 2.2.2-ci bəndinin “k” yarımbəndinə görə borcalan tütün istehsalı üzrə bütün aqro-texniki qaydalara ciddi riayət etmək və bir hektardan minimum 15 ton məhsul istehsal etməyə nail olmaq öhdəliyini daşıyır. Eyni zamanda "xxxx" MMC (alıcı) və yaşıl tütün istehsalçısı İddiaçı (fermer) arasında bağlanmış “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı satqısına dair xx.xx.2019-cu il tarixli 01 nömrəli müqavilənin 2.1.1-ci bəndinə görə mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini həyata keçirir və hər həktardan 13 tondan az olmamaqla yaşıl tütün istehsal edib “alıcı”ya təhvil verir. Məhkəmə, iş materiallarına əlavə edilmiş hər iki müqavilənin qarşılıqlı təhlil edilməsi nəticəsində iddiaçının “hər hektardan ən azı 13 ton məhsul götürülməsi” ilə bağlı qeyd etdiyi halın əsaslı olması qənaətinə gəlir. 41.Bundan başqa xx.xx.2019-cu il tarixli TM-172İH/19 nömrəli Kredit müqaviləsinin 3.1-ci bəndinə görə tədarükçü əmtəə növünə görə qüvvədə olan standartlara əsasən yaşıl tütün yarpağını borcalandan 1-ci növ üzrə 0.25 manat/kq, 2-ci növ üzrə 0.17 manat/kq, 3-cü növ üzrə 0.10 manat/kq, dib yarpaq 0.08 manat/kq qiymətə qəbul edir. Bu hissədə məhkəmə qeyd edir ki, müqavilənin bu bəndində tütünün müəyyən növlər üzrə hansı qiymətə götürüldüyü ümumi qaydada müəyyənləşdirilmiş, lakin iddiaçı tərəfindən təhvil veriləcək tütünün tam olaraq hansı qiymətə götürülməsi kredit müqaviləsində və ya digər səndələrdə öz əksini tapmamış, yaşıl tütünün alqı-satqı müqaviləsi də təqdim edilmədiyindən bu halın müəyyənləşdirilməsi yanakı sübutlara əsasən müəyyənləşdirilmişdir. Belə ki, məhsulun dəyərinin hesablanması ilə bağlı məhkəmədə konkret hansı standarta uyğun tütün məhsulunun qəbul edilməsi faktı olmadığından, ən azı tərəflər təqdim etmədiyindən məhkəmə yalnız orta sort-orta qiymət, yəni nə aşağı, nə də yüksək sort məhsula görə yox, ortaq sinif üzrə- 2-ci sinif (növ) məhsula görə əldə ediləcək gəlirə münasibətdə zərərin hesablanmasını qanuni və ədalətli hesab edir. “Ortaq sort-ortaq qiymət” həm itirilmiş gəlirə, həm də təhvil verilmiş məhsulun dəyərinə münasibətdə nəzərə alınmışdır.
42. Bundan başqa iddiaçı tərəfindən cavabdehə təhvil verilən tütünün ümumi məbləğinin kredit borcunun ödənilməsinə yönləndirilən 4807,72 manat hissəsi hesabdan çıxarış məlumatları ilə tam təsdiqini tapır. Həmçinin, iddiaçı həmin pulu kredit borcuna yönləndirdiyini bildirmişdir.
43. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-412/2024 nömrəli qərarında müəyyən edilmiş halların hazırkı hüquq münasibəti ilə oxşar hüquqi münasibət üzrə vahid hüquqi yanaşma baxımından tətbiq edilməsi məqsədəuyğun hesab edilmişdir.
44. Belə ki, qanunvericiliyin tələbinə görə oxşar istiqamət üzrə nümayiş etdirilmiş mövqelərin əsas tutularaq mübahisələrin həll edilməsi hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab edilir və imperativliyi müəyyən edilir. Qeyd edilən müvafiq məhkəmə aktlarında müəyyən edilən hallarla bağlı məhkəmə o qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş zərərin məbləği hesablanarkən iddiaçının müqavilə əsasında təhvil verməli olduğu tütün miqdarı ilə cavabdehin təhvil aldığı tütünün miqdarı arasındakı fərq nəzərə alınmalıdır.
45. İşdən müəyyən olunur ki, iddiaçı Rəafil Oynağanov 8 ha ərazi üzrə 104 ton (8 ha x 13 ton = 104 ton) məhsul əldə etməli olduğu halda yuvarlaq olaraq 28,28 ton (4807,69 manat / 170 manat) məhsul əldə etmişdir.
46. Əldə edilməli olan və faktiki əldə edilmiş məhsul arasında fərq üzrə hesablama apararkən (1 kq – 0,17 ton – 170 manat) isə məlum olur ki, İddiaçı 12872,4 manat (75,72 ton (104 ton – 28,28 ton) x 170 manat) məbləğində zərər vurulmuşdur.
47. Məhkəmə onu qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(117)-423/2020 nömrəli qətnaməsinə əsasən ondan-İddiaçı “9405,77 manat əsas borc, 740,23 manat faiz borcu olmaqla, cəmi 10146 manat borcun tutularaq iddiaçı Maraqlı şəxs QSC Bank Olmayan Kredit Təşkilatının ödənilməsi qət edilmişdir. İddiaçı hazırki tələbində həmin borcun 50%-ni təşkil edən borcun cavabdehdən tutulmasnı xahiş edir.
48. Məhkəmə iddiaçının cavabdehdən dəymiş zərərə görə 4702,5 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi ürzə cavabdehin nümayəndəsi məhkəmə iclasında fermerə dəymiş ziyanın yarısını ödəyəcəkləri barədə öhdəlik götürdüklərini etiraf etmişdir. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında bağlanmış zaminlik müqaviləsi məhkəməyə təqdim edilməsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə mübahisələndirilmir. Həmçinin iddiaçı dəymiş zərər kimi Maraqlı şəxs QSC Bank Olmayan Kredit Təşkilatına kredit müqaviləsi üzrə ödəməli olduğu borc məbləğinin yarı hissəsini cavabdehdən tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən 4702,5 manat pulun tələb edilməsini əsaslı hesab edir.
49. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
50. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
51. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
52. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
53. Məhkəmənin qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi, hazırkı işə hər hansısa münasibət bildirməməsi onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyi və iddia tələbini qəbul etdiyi kimi qiymətləndirilməsinə əsas vermişdir.
54. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 126,40 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 126,40 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
Vİl. Nəticə:
55. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 4702,5 manat məbləğdə vurulmuş ziyanın əvəzi və ödənilmiş dövlət rüsumuna görə 67,03 manat məbləğdə pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova