Məhkəmə qərarları › İş №e-2-2(117)-565/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-565/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-565/2024 10.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdeh tərəfindən hesablanmış 2268 manat cərimənin iddiaçının abonent hesabından silinməsi və ödənilmiş rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı istifadəsində Qəbələ şəhərində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı 40379152 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə 4,5 m3 sərfiyyat aşma aşkar olunmuşdur. Eyni zamanda sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edilməmişdir. Müəyyən edilmiş hallarla bağlı təbii X2 pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli akt və xx.xx.2024-cü il tarixli yoxlama aktı tərtib edilmişdir. Bundan sonra təbii X2 pozulması haqqında ******* nömrəli akt əsasında xx.xx.2024cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 14,2 m3/saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 9072 m3 (14,2 -10 = 4,2 x 24 x 90 = 9072 m3) – 2268 manat müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus qeyri yaşayış sahəsində sahibkarlıqla məşğul olur. İstifadəsində olan cihazlar təbii qazla işlədiyindən qaz idarəsi ilə əlaqədar alqı satqı müqaviləsi bağlamış və müqavilə əsasında istifadə olunan qazın dəyərini təqdim olunan hesab faktura ilə ödəmişdir. Qeyri yaşayış sahəsi gün ərzində demək olar ki 10-12 saat fəaliyyət göstərdiyi halda, qaz cihazlarının hamısı eyni anda işləmədiyi halda, sayğac yalnız istehlak olunmuş qazı qeydə aldığı halda Cavabdeh İB-nin əməkdaşları tərəfindən heç bir əsas olmadan qanunsuz olaraq 19 yanvar 2024-cü il tarixli ******* saylı aktı tərtib edilmiş və 2268 manat cərimə tətbiq edilmişdir. Qanunsuz tətbiq edilmiş cərimənin silinməsi tələbi ilə cavabdehə müraciət etsə də, **********00020 saylı hesabındakı 2268 manat cərimə silinməmişdir. Bununla belə müraciətindən sonra cavabdehin ona verdiyi sənədlər içərisində onun iştirakı olmadan tərtib edilmiş ******* saylı akt, çıxarış, tələbnamə, yoxlama aktı, abonent saldosu mövcuddur. Cavabdeh İB tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü və 17-ci maddələrini rəhbər tutularaq alınmış 19 yanvar 2024-cü il tarixli KY242072968 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsaslanaraq ona məxsus (VÖEN: **********) Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparılması, yoxlama xx.xx.2024-cü il tarixində başlanılması və xx.xx.2024-cü il tarixində başaçatdırılması, Zaqatala RQİİ-nin Baş mühəndisi X3 həvalə edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə cavabdehin tərtib etdiyi 19 yanvar 2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydaarının pozulması haqqında aktda göstərilmişdir ki, obyektin qaz xəKi üzərində quraşdırılmış G-6 markalı 40379152 nömrəli qaz sayğacından sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacınn maksimal gücündən əlavə 4.5 kub metr sərfiyyat aşma aşkar edilmiş, hesablanmış qaz itkisi abonent tərəfindən tam ödənilməlidir. Həmçinin 30 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 119 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsas götürülərək “X5” nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 kub.metr/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 14.2 kub.metr/saat, hesabat müddətinin 90 gün olduğunu hər gün isə 24 saat nəzərə alaraq hesabat 14.2-10 = 4.2 x 24 x 90 = 9072 kub metr kimi aparılmışdır və onun dəyəri saldodan göründüyü kimi 2268 manat təşkil edir. Qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh təşkilatın ona məxsus qeyri yaşayış sahəsində aparılan yoxlamalardan məlumatsız olmuşdur, onun iştirakı təmin edilməmiş və ya buna şərait yaradılmamış, yoxlamanın keçirilməsi ilə bağlı hər hansı sənəd verilməmiş, aktlada istehlakçının nümayəndəsi kimi göstərilən şəxs (X1) onun səlahiyyətli nümayəndəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, buna baxmayaraq sonuncunun nümayəndəsi əsaslandırılmış etirazını 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: abonentin saldosu, aktlar, dəymiş ziyanla bağlı tələbnamə, çıxarış, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan 2268 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində (çörək sexi) quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Göründüyü kimi Cavabdeh İB tərəfindən aparılmış yoxlama qanuni olmuşdur. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X5”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın maksimal gücündən əlavə 4,5 m3 sərfiyyat aşma aşkar olunması) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB-ni əməkdaşları tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində Qəbələ rayonu, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğacında və qeyri-yaşayış sahəsində yoxlama keçirilmişdir. Sayğacın hesablama sayğacın maksimal gücündən əlavə 4,5 m3 sərfiyyatı aşması müəyyən edilərək, bununla bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 9072 m3 olmaqla dəyəri 2268 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X2” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Bundan başqa məhkəmə onu da qeyd edir ki, qazpaylayıcı tərəfindən həqiqətən də sayğacda sərfiyyatın maksimal gücdən əlavə hesablanması da iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd edilən pozuntunu əks etdirən akt abonentin şəxsən özü tərəfindən imzalanmamış, G.Həmidov adlı şəxs tərəfindən imzalanmış və tərtib edilən yoxlama aktını abonent imzalamaqdan imtina etmişdir ki, sonuncunun da abonentin nümayəndəsi olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir və iddiaçı yoxlamanın aparılması ilə bağlı məlumatlandırılmadığını, yoxlamada iştirakını təmin olunmadığını və aktı imzalyan şəxsin onun nümayəndəsi olmadığını bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələrinin (foto, video çəkiliş və s.) 2 gün müddətində məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq həmin sübutlar məhkəməyə təqdim edilməmiş və sayğaca baxış keçirilməsi zamanı iddiaçının iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi, sayğacın göstəricisində sərfiyyatı aşma halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, habelə fiziki şəxsə münasibətdə qaz sayğacını işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdehin üzərində olduğundan borcun hesablanmasına dair Azəriqaz İB-nin hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi təmin edilməli və 2268 manat borc iddiaçının abonent hesabından silinməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 42,68 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 42,68 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 43 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. Buna baxmayaraq iddianın qiymətinə uyğun hesablanmış 42,68 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,32 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən hesablanmış 2268 manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdeh İB-dən 42,68 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar