Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-57/2021 02.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı və ya İddiaçı MMC) Cavabdeh (bundan sonra mətndə cavabdeh və ya Cavabdeh) qarşı “2013-cü il istehsalı olan, 400 litr tutumlu Klimasan” markalı soyuducunun, bu mümkün olmadıqda isə onun dəyəri olan 1200 (bir min iki yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 018 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı özünə məxsus dondurmanı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib müqavilədə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilə ilə satıcı istifadə üçün alıcıya dondurma məhsullarını saxlamaq üçün 1 ədəd klimasan 400 l markalı soyuducunu verməyi öhdəsinə götürmüşdür. Alıcı Cavabdeh müqavilə üzrə öhdəliklərinə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq (mövsümün başa çatması ilə əlaqədar) saxlanc üçün götürdüyü soyuducunu qaytarmamış və ya onun dəyərini ödəməmişdir. İddiaçı həmin əşyanın qaytarılması və ya 1200 manat dəyərinin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehə göndərilmiş əvvəlki məhkəmə bildirişləri onun yaşadığı ünvan üzrə çatdırılmış, sonuncu məhkəmə iclası barədə bildiriş onun həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmışdır. Buna baxmayaraq cavabdeh SMS məlumatlandırma vasitəsilə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə qeyd edilən halları nəzərə alıb məhkəmə iclasının təkrar təxirə salınması üçün əsaslar görmədiyindən tərəflərin iştirakı olmadan hazırkı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, hüquqi şəxsin nizamnaməsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 732, 736, 737, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2020-ci il tarixli 018 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı özünə məxsus dondurma məhsullarını alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib müqavilədə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqavilə ilə satıcı istifadə üçün alıcıya dondurulan malı saxlamaq üçün 1 ədəd klimasan 400 l markalı soyuducunu verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilədən müəyyən edilir ki, iddiaçı dondurma məhsullarının satılması məqsədi ilə özünə məxsus soyuducunu cavabdehin istifadəsinə əvəzsiz olaraq vermiş, qeyd edilən məhsulların verilməsi dayandırıldığı halda (mövsümlə bağlı) halda qeyd edilən soyuducu qaytarılmalı idi. Həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən, soyuducu oğurlandıqda, itirildikdə, başqasının istifadəsinə verildikdə alıcı satıcıya onun dəyərini (1200 manat) ödəyir. Həmin müqavilənin 8.3-cü bəndinə əsasən tərəflərdən biri digər tərəfi 5 gün qabaqcadan yazılı formada (səlahiyyətli şəxs tərəfindən imzalanmış və möhürlənmiş) xəbərdar edilməklə Müqaviləyə xitam vermək hüququna malikdir. İddiaçı tərəfindən təqdim edilən sənədlərdən cavabdehi xəbərdar etməklə müqaviləyə xitam verilmişdir. Hazırkı iş üzrə məhkəmə araşdırması ilə bağlı cavabdeh dəfələrlə məlumatlandırılsa da, tələbə qarşı və ya onun hər hansı bir hissəsinə qarşı hər hansı bir etirazı daxil olmamışdır. Buna görə də məhkəmə qeyd edilən soyuducunun cavabdehə təhvil verilməsi faktını cavabdehin tanıdığını qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 1 il müddətinə alqı-satqı müqaviləsi bağlandığından, qeyd edilən alqı-satqı münasibətləri dondurma məhsullarının satışı ilə bağlı olduğundan, mövsümün başa çatması ilə əlaqədar iddiaçı tərəfindən məhsul verilmədiyindən, cavabdeh tərəfindən satış həyata keçirilmədiyindən, iddiaçıya məxsus məhsulların saxlanılması və satışı məqsədi ilə Cavabdeh istifadəsinə verilən “2013-cü il istehsalı olan, 400 litr tutumlu “Klimasan” markalı soyuducu qaytarılmalı olduğundan, lakin qaytarılmaması nəticəsində tərəflər arasında mübahisə yarandığından və iddiaçı tərəfindən müqaviləyə xitam verildiyindən, həmin soyuducunu qaytarılmadığı təqdirdə isə soyucudunun dəyəri olan 1200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması ilə bağlı tərəflər razılaşdığından iddiaçı tələbində haqlıdır. Bu səbəbdən də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 2013-cü il istehsalı olan, 400 litr tutumlu “Klimasan” markalı soyuducu, həmin əmlak olmadıqda isə onun dəyəri olan 1200 (bir min iki yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçınə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-57/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-57/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver