Məhkəmə qərarları › İş №e-2-2(117)-571/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-571/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-571/2025 25.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) Cavabdeh qarşı “765.29 ABŞ dolları əsas, 191,32 ABŞ dolları faiz, 1476,49 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 117,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2550.36 ABŞ dolları pul vəsaiti və 63,36 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “765.29 ABŞ dolları əsas, 191,32 ABŞ dolları faiz, 1476,49 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 117,26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2550.36 ABŞ dolları pul vəsaiti və 63,36 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə 24 ay müddətinə 3800 ABŞ dolları kredit verilmiş, borcalan kreditora kreditin istifadəsinə görə illik 30% ödəməyi öhdəsinə götürmüşdür. 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 60 faiz dərəcəsilə, aylıq isə 5.00 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Ödəniş cədvəli ilə xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək hər ay 212.53 ABŞ dolları, sonuncu ay isə 212.37 ABŞ dolları ödəniş edilməsi müəyyənləşdirilmişdir. xx.xx.2015-ci il tarixli 1314/15-ƏS nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3490,70 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2017-ci il tarixədək təşkil edir. Ödəniş cədvəli ilə xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək hər ay 159.77 ABŞ dolları, sonuncu ay isə 156.49 ABŞ dolları ödəniş edilməsi müəyyənləşdirilmişdir. xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borclana verdiyi kreditin qalıq məbləği 4227,09 ABŞ dolları (2809.63 USD əsas borc, 1126.97 USD faiz borcu, 290.49 USD cərimə borcu) təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Ödəniş cədvəli ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər ay 56.97 ABŞ dolları, sonuncu ay isə 56.91 ABŞ dolları ödəniş edilməsi müəyyənləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “Problemli kreditlərin kompensasiyasının hesablanması” barədə məlumatdan göründüyü kimi restrukturizasiyadan sonra qalıq borc 1300.99 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, restrukturizasiya barədə cavabdehə məlumat verilməyib, bu barədə qarşı tərəf onlara müraciət etməyib. Borclu olan şəxslər onlara müraciət etdiyi təqdirdə həmin krediti restrukturizasiyaya aid edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, keçən məhkəmə iclasında bildirdiyi kimi banka dəfələrlə müraciət etmişdir ki, əsas borcu aylara bölsünlər o şəkildə ödəniş etsinlər. Bank əməkdaşları razılaşmamışdır. 2019-cu ildən Dəmirbank ləğv edildi. Dəmirbanka restrukturizasiya ilə bağlı bir dəfə müraciət etdi. Bank əməkdaşlarından biri kreditinin restrukturizasiyaya düşmədiyini bildirdi. Bundan əlavə bank bu barədə onların yaşadıqları ünvana hər hansısa sənəd göndərməmişdir. Həmçinin, onlara telefon vasitəsilə də məlumat verilməyib. Ünvan da, telefon nömrəsi də əvvəlkidir, dəyişməyib. Onların banka borcu 765 dollardır. Həmin borcu qəbul edirlər, digər borcların silinməsini məhkəmədən xahiş edirlər. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, əlavə sazişlər, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə 24 ay müddətinə 3800 ABŞ dolları kredit verilmiş, borcalan kreditin istifadəsinə görə kreditora illik 30% ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən kredit restrukturizasiya edilmiş, yekun olaraq kreditin qalıq məbləği 4227,09 ABŞ dolları (2809.63 USD əsas borc, 1126.97 USD faiz borcu, 290.49 USD cərimə borcu) və kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Bundan başqa iddiaçının nümayəndəsini izahatında cavabdehin kreditinin problemli kredit olduğunu, güzəştli kredit müqaviləsi bağlanması üçün cavabdehə müraciət edilmədiyini, cavabdehin müraciətini əsasən restrukturizasiyaya etdiklərini bildirmişdir. Cavabdehin nümayəndəsi də bu barədə ona heç bir məlumat verilmədiyini, restrukturizasiya ilə bağlı bir dəfə müraciət etdiyini, lakin ona kreditinin restrukturizasiyaya düşmədiyini bildirdiklərini, 765 AŞB dolları borcunu qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh 765.29 ABŞ dolları (1300.99 manat) pulun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir. Eyni zamanda cavabdehdən 765.29 ABŞ dolları borc məbləği tutularkən ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə deyil, problemli kreditlərin kompensasiyası hesablanarkən müəyyən edilmiş məbləğ, yəni 1300.99 manat əsas götürməlidir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 8.3-cü bəndinə əsasən bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulut. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas borc məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Əsas borc məbləği isə 765.29 ABŞ dolları (1300.99 manat) təşkil edir. Qeyd edilən Fərmanın məqsədləri üçün müvafiq maliyyə vəsaiti ayrıldığından və Banklara faiz və cərimə borclarının silinməsi və güzəştli müddətlə əsas borca münasibətdə yeni müqavilələrin bağlanması qeyd edildiyindən hazırkı tələbin əsas borc məbləği hissəsində təmin edilməsi qanuni və ədalətlidir. İş materialları və tərəflərin izahatları ilə kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü öz təsdiqini tapır və kredit borcunun qalıq məbləği də həmin Fərmanın təsir dairəsinə düşür. Bundan əlavə olaraq cavabdeh məhkəmə iclasında verdiyi izahatında onun kreditinin həmin fərmanın təsir dairəsinə düşməsi barədə ona məlumat verilmədiyini qeyd etmiş, iddiaçı tərəf isə kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli müqavilənin bağlanması ilə bağlı cavabdehə təklif göndərməsini sübut edən dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, qeyd edilən Fərmanın tələbləri hazırkı borc məbləğinə münasibətdə tətbiq edilərək müvafiq kompensasiya edilməklə cavabdehin borclarının ödənilməsinə yönəldilməli, qalan faiz və cərimə borclarının Fərmanın tələblərinə əsasən silinməsi təmin edilməli idi. Bank tərəfindən yalnız əsas borc müvafiq kompensasiya edilməklə azaldılsa da, digər borclar silinməmiş, cavabdehlə yeni güzəştli şərtlərələ bağlı müqavilənin bağlanması təklifinin iddiaçı tərəfindən irəli sürülməsi müəyyən edilməmişdir. Ona görə də iddiaçı qeyd edilən faizləri və cərimə məbləğini tələb etməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı yalnız yeni güzəştli müqavilənin şərtləri əsasında faiz və cərimə borcu tələb edə bilərdi. Bu isə müvafiq müqavilənin bağlanması ilə mümkün ola bilərdi. Həmin müqavilə isə bağlanmamışdır. Məhkəmə, tərəflər arasında Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanması təmin edilmədiyindən, eyni zamanda cavabdehdən iddiaçının müvafiq müqavilə şərtləri əsasında əlavə faiz və cərimənin tələb edilməsini mümkün hesab etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh əsas borc olan 765.29 ABŞ dollarının (yəni, 1300.99 manatın) tutulması hissəsində təmin edilməli, faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 19.01 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə ödənilmiş 44.35 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 765.29 ABŞ dolları (1300.99 manat) əsas və 19.01 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar