Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-581/2024 25.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “iddiaçı ilə cavabdeh arasında imzalanmış 6 aprel 2020-ci il tarixli, 01-B/20 nömrəli icarə müqaviləsi üzrə yaranmış 15100 manat borcun və 135,30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01-B/20 nömrəli borc müqaviləsinə əsasən borcverən "xxxx" ASC 15100 manat məbləğində pulu borcalan Cavabdeh MMC-yə verməyi, sonuncu aldığı borcu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada xx.xx.2020-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı bir və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə müqaviləni birtərəfli qaydada ləğv etməklə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək, 2.1.2-ci bəndinə əsasən borc alan bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı bir və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ödənilməmiş qalan borc məbləğinin 10 %-i miqdarında cərimə tələb etmək borcverənin hüquqlarına və müqavilənin 2.4.3-cü maddəsinə əsasən borcalanın vəzifələrinə aid edilmişdir. xx.xx.2021-ci il tarixdə tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmış və həmin müqavilənin 1.2-ci bəndindən də göründüyü kimi müqavilə üzrə borcun son qaytarılması müddəti xx.xx.2021-ci il tarixi olaraq müəyyən edilmişdir. Borcverən müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, borcalan müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcunu ödəməyərək müqavilə öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 15100 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixə olan qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, qalıq borc 15100 manat təşkil edir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC haqqında 18 may 2023-cü il tarixli 114 nömrəli sərəncamla "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən və iş materiallarında əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, "xxxx" MMC ********** nömrəli VÖEN-lə fəaliyyət göstərmiş və hazırda həmin VÖEN-lə Cavabdeh MMC fəaliyyət göstərir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra - İddiaçı) ilə "xxxx" MMC (bundan sonra – cavabdeh) arasında 6 aprel 2020-ci il tarixli, 01- B/20 nömrəli borc müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə cari xərclərinin ödənilməsi məqsədilə 15100 manat məbləğində borc vermişdir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında imzalanmış 1 yanvar 2023-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı”na əsasən "xxxx" MMC-nin "xxxx" ASC-yə 15100 manat məbləğində borcunun mövcud olması təsdiq edilmişdir. Beləliklə cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 15100 manat məbləğində borcu yaranmışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin "xxxx" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC haqqında 18 may 2023-cü il tarixli 114 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin adı dəyişdirilərək Cavabdeh MMC adlandırılmış, bununla əlaqədar hüquqi şəxslərin dövlət reyestr məlumatlarında müəyyən dəyişikliklər edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır. Cavabdehə 6 fevral 2024-cü il tarixli 13-5/2-0051/2024 nömrəli pretenziya məktubu ünvanlanaraq Müqavilə üzrə 2 fevral 2024-cü il tarixinə 15100 manat məbləğində ödənilməyən borcun 5 (beş) gün ərzində iddiaçıya ödənilməsi tələb olunmuş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 15100 manat məbləğində pulun ödənilməsi tələb olunur. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd edilən iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə bitmişdir. Bu da o deməkdir ki, həmin tarixdən 3 il sonra, yəni 07 oktyabr 2023-cü il tarixdə başa çatmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək tələblərini müdafiə etdiklərini və işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehin nüamayəndəsi isə bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Borc müqaviləsi, Borcun etirafı müqaviləsi, Üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2, 739.1, 739.2). İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində icarə haqqının ödənlmədiyini bildirsə də tərəflər arasında icarə deyil, borc müqaviləsi bağlanmışdır və müqavilə borc müqaviləsi adlandırılmışdır ki, məhkəmə iddia ərizəsində olan yanlışlığı texniki səhv kimi qəbul edir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01-B/20 nömrəli borc müqaviləsi etibarsız omamış və həqiqi hüquqi nəticələr yaratmışdır. Belə ki, tərəflər müqavilənin formaı bağlandığını iddia etmir və borcun cavabdehə verilməsi mübahisə predmetini təşkil etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə bağlanmış və hazırki mübahisə öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01-B/20 nömrəli borc müqaviləsi bağlanmış və iddiaçı cavabdehə 15100 manay məbləğində borc vermişdir. Bu hal həm borcun etirafına dair müqavilə, həm də qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək borcun alındığını inkar etmir və yalnız iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edərək ərizəsini onunla əsaslandırır ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən öhdəliyin icrası vaxtı xx.xx.2020-ci il tarixdə bitmişdir. Bu da o deməkdir ki, həmin tarixdən 3 il sonra, yəni 07 oktyabr 2023-cü il tarixdə başa çatmışdır. Göründüyü kimi, iddia tələbi əsaslıdır. Lakin məhkəmə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti keçməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə borcun qaytarılması müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilsə də, sonradan tərəflər arasında xx.xx.2021-ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmış və həmin müqavilənin 1.2-ci bəndindən də göründüyü kimi müqavilə üzrə borcun qaytarılması üçün son müddət xx.xx.2021-ci il tarixi olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borc müqaviləsinin müddətinin, yəni öhdəliyin icra vaxtının bitdiyi an ilə müəyyən edilir ki, sonuncu borcun etirafı müqaviləsi ilə öhdəliyin icra müddəti xx.xx.2021ci il tarixədək uzadılmışdır. Həmin vaxtdan sonra da cavabdeh tərəfindən də hər hansısa ödəniş edilməsədə, xx.xx.2021-ci il tarixdən 3 illik iddia müddəti borcun etirafı üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən hesablanır ki, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlanmış və xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Göründüyü kimi iddia müddəti keçməmiş və iddiaçı vaxtında məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesba edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək 15100 manat pulu cavabdehə verdiyindən, cavabdeh isə borc müqaviləsi üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməyərək götürdüyü 15100 manat borcunu qaytarmadığından və borcun mövcudluğu həm borcun etirafına dair müqavilə, həm də qarşılıqlı üzləşmə aktı ilə təsdiq olundundan, habelə iddiaçı tərəfindən tələbetmə müddəti ötürülmədiyindən iddia tələbi təmin edilməli və cavabdehdən 15100 manat borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddia tələbinin qiymətinə uyğun ödənilməli dövlət rüsumu 135,30 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən ödənilməli 135,30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçı dövlət rüsumunu ödəmiş və həmin məbləği cavabdehdən tələb edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 15100 manat borc və 135,30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-581/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-581/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver