Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-581/2025 05.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 186/KQ nömrəli kredit müqaviləsinə əsasən 3589.79 manat əsas borc, 462.06 manat faiz borcu, 45.65 manat cərimə borcu olmaqla, cəmi 4097.50 manat kredit borcunun, ödənilmiş 60.98 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 186-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə əmlak alınması və refinans məqsədilə 48 ay müddətinə, illik 21% dərəcəsi ilə ödənilməsi şərtilə 5000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 186-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqaviləyə müvafiq olaraq zamin xx.xx.2023-cü il tarixli 186-KQ saylı kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. 6.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2030-cu il tarixədək qüvvədədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 cədvələ uyğun olaraq xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 154.83 manat, sonuncu ay isə 154.69 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən müəyyən edilmiş müddət ərzində 1410.21 manat əsas borc, ona hesablanmış 1468.9 manat faiz borcu və 14.82 manat cərimə borcu ödənilmiş, 3589.79 manat əsas borc, 462.06 manat faiz borcu və 45.65 manat cərimə borcu ödənilməmişdir. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 3589.79 manat əsas borc, 462.06 manat faiz borcu və 45.65 manat cərimə bоrcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyat ünvanları üzrə göndərilsə də, xx.xx.2025-ci il tarixdə “ünvan tapılmadı” qeydi ilə məhkəməyə geri qaytarılmış, bundan sonra həmin məhkəmə sənədləri cavabdehlərə və ya onların ailə üzvlərinə rəsmi qaydada çatdırılması üçün Yevlax Rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərilmişdir. Buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739,2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 186-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə əmlak alınması və refinans məqsədilə 48 ay müddətinə, illik 21% dərəcəsi ilə ödənilməsi şərtilə 5000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və onun ödənilməmiş borcu qalmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 tərəfindən müəyyən edilmiş müddət ərzində 1410.21 manat əsas borc, ona hesablanmış 1468.9 manat faiz borcu və 14.82 manat cərimə borcu ödənilmiş, 3589.79 manat əsas borc, 462.06 manat faiz borcu və 45.65 manat cərimə borcu ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 3589.79 manat məbləğində kredit borcu və 462.06 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “45.65 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafeləri və digər hallar nəzərə alınmaqla iddiaçı 45.65 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borclu Cavabdeh2 və xx.xx.2023-cü il tarixli, 186-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 müştərək qaydada 3589.79 manat əsas, 462.06 manat faiz, 45.65 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 60.98 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3589.79 manat əsas, 462.06 manat faiz, 45.65 manat cərimə bоrcu olmaqla, cəmi 4097.50 manat borc, ödənilmiş 60.98 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-581/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-581/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver