Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-583/2024 16.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2021-ci il tarixli 07-İ-2021- 0013 nömrəli icarə müqaviləsi üzrə 19005,21 manat borcun və 147.02 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İcarəyəverən "xxxx" ASC-nin adından etibarnamə əsasında "xxxx" MMC ilə icarəçi "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsinə əsasən, icarəyə verən müqavilənin 1.3-cü bəndində göstərilən sahəni icarəçiyə ofis kimi istifadə üçün verir, icarəçi isə icarə obyektini ona zərər vurmadan icarəyə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə obyekti icarəçiyə 11 ay müddətinə icarəyə verilir. İcarə obyekti icarəçiyə təhvil veriləndən sonra icarəçi icarəyə verənə icarə obyektinin hər kvadrat metrinə görə 17,70 manat olmaqla, aylıq 1045,89 manat icarə haqqı və aylıq 10 manat kommunal xidmət haqqı ödəyir. 3.2.1-ci bəndinə əsasən icarə haqqı hər cari ayın 5-dən gec olmayaraq müqavilədə göstərilmiş bank hesabına vergi-hesab fakturasına əsasən bank köçürməsi yolu ilə ödənilməlidir. Tərəflər arasında imzalanmış sazişə əsasən, xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 01 oktyabr 2021-ci il tarixli sazişlə icarəçinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən tərəflər qarşılıqlı razılığa gələrək xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Sazişə görə icarəçi icarə obyektini xx.xx.2021-ci il tarixədək təhvil verəcəyini bəyan etmişdir. Tərəflər arasında tərtib edilmiş üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixə cavabdehə icarəyə verilmiş obyektin ödənilməli icarə haqqı borcu 19005,21 manat təşkil edir. Həmin üzləşmə aktı hər iki tərəfin imza və möhürləri ilə təsdiq olunmuş, lakin üzləşmə aktında 19005,21 mnat borcun cavabdehin hansı müqavilə və ya öhdəliyinin nəticəsində yaranmasına dair qeyd mövcud deyildir. İddiaçı öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan inzibati binanın 5-ci mərtəbəsinə 59.09 kvadrat metrdən ibarət sahəni icarəçi olan cavabdehin istifadəsinə vermiş, sonuncu obyektdən istifadə etməsinə baxmayaraq müqavilə ilə nəzərdə tutulmuş aylıq icarə haqqı məbləğini və kommunal xərcləri ödəməmişdir. Bu səbəbdən hazırki müqvilə üzrə ödənilməmiş öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən cavabdehə elektron qaimə-fakturalar verilmiş, cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu ilə müraciət edilmiş borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 iyul 2023-cü il tarixli 145 nömrəli sərəncamına əsasən "xxxx" MMC Cavabdeh MMC adlandırılmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra - İddiaçı) ilə ASK İzolit” MMC (bundan sonra – Cavabdeh) arasında 1 aprel 2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35 ünvanında yerləşən “ASK Plaza” adlanan inzibati binanın 5-ci mərtəbəsinə 59.09 kvadrat metrdən ibarət sahəni - 11 ay müddətinə icarəyə götürməyi və aylıq ƏDV daxil 1045.89 manat icarə haqqını və aylıq ƏDV daxil 10 manat təşkil edən kommunal xidmət haqqını İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan İcarə müqaviləsinin ləğvinə dair Sazişə əsasən 1 aprel 2021-ci il tarixli 07-İ-2021- 0013 nömrəli icarə müqaviləsinə 1 oktyabr 2021-ci il tarixindən xitam verilmişdir. Cavabdehə 6 fevral 2024-cü il tarixli 13-5/2-0051/2024 nömrəli pretenziya məktubu ünvanlanaraq Müqavilə üzrə 2 fevral 2024-cü il tarixinə 19.005,21 manat məbləğində ödənilməyən borcun 5 gün ərzində iddiaçıya ödənilməsi tələb olunmuş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. Bu səbəbdən hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Tərəflər arasında bağlanmış icarə müqaviləsi, Müqavilənin ləğvinə dair saziş, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış, Elektron qaimə-fakturalar, Üzləşmə aktı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə 19005,21 manat borcun ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, tələb qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi icarəyəverən "xxxx" ASC-nin adından etibarnamə əsasında "xxxx" MMC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsinə əsasən icarə obyekti icarəçinin 11 ay müddətinə istifadəsinə verilmiş, icarə obyekti icarəçiyə təhvil veriləndən sonra icarəçi isə icarəyə verənə icarə obyektinin hər kvadrat metrinə görə 17,70 manat olmaqla, aylıq 1045,89 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 01 oktyabr 2021-ci il tarixli sazişlə icarəçinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən tərəflər qarşılıqlı razılığa gələrək xx.xx.2021-ci il tarixdən xitam verilir. Göründüyü kimi icarə müqaviləsinə xx.xx.2021-ci il tarixdə tərəflərin razılığı əsasında xitam verilmişdir ki, bundan sonra da cavabdeh tərəfindən borcun ödənilməsinə yönəlmiş hər hansısa hərkəkət edilməmişdir. 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi xx.xx.2021-ci il tarixdən etibarən 11 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək bağlansa da, həmin müqaviləyə vaxtından əvvəl xx.xx.2021-ci il tarixdə tərəflərin razılığı ilə xitam verildiyindən icarə haqqının ödənilməli olduğu dövr xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 6 ayı əhatə edir ki, aylıq 1045,89 manat götürüldükdə ödənilməli icarə borcu 6275,34 manat təşkil edir. İddiaçı isə 19005,21 manat borcu tələb edir və bunu üzləşmə aktı ilə təsdiq edildiyini iddia edir. Məhkəmə tərəflər arasında tərtib edilmiş üzləşmə aktına münasibətdə qeyd edir ki, həmin üzləşmə aktı ilə cavabdehin 19005,21 manat borcunun olması göstərilsə də üzləşmə aktında bu məbləğin cavabdehin hansı müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yarandığına dair məlumat mövcud deyildir. İddiaçı borcun xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında yarandığını iddia etsə də məhkəmə araşdırması zamanı cavabdehə təqdim dilmiş elektron qaimə-fakturaların məzmunundan müəyyən edilmişdir ki, tərəflər arasında eyni zamanda xx.xx.2019-cu il tarixdə ********** nömrəli icarə müqaviləsi bağlanmışdır. Hazırki vəziyyətdə iddiaçı xx.xx.2019-cu il tarixdə ********** nömrəli icarə müqaviləsini məhkəməyə təqdim etməmiş və iddia ərizəsinin əsaslandırmasında həmin müqailəyə istinad etməyərək borcun məhz xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında yarandığını iddia edir ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi əsasında icarəyə verilmiş qeyri-yaşayış sahəsinin icarə haqqı 19005,21 manat deyil 6275,34 manat təşkil edir. Bundan başqa məhkəmə iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli 117158 nömrəli, xx.xx.2021-ci il tarixli 117491 nömrəli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalara münasibətdə qeyd edir ki, həmin elektron qaimə-fakturalardan göründüyü kimi cəmi ödənilməli icarə haqqı xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi üzrə 6275,34 manat və kommunal xərcləri 60 manat təşkil edir. Eyni zamanda digər elektron qaimə-fakturalara münasibətdə məhkəmə qeyd edir ki, həmin elektron qaimə faktuarlar hazırki işlə əlaqədar olmayan xx.xx.2019-cu il tarixli ********** nömrəli icarə müqaviləsinə əsasən verilmiş və qeyd edilən müqavilə üzrə borcun tutulması iddianın hüquqi əsasını təşkil etməməklə yanaşı hazırki iddanın predmetini təşkil etmir. Belə ki, iddianın hüquqi əsasının və iddiaçının dəlillərinin əsasını xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi təşkil edir. Bu səbəbdən də məhkəmə xx.xx.2019-cu il tarixli ********** nömrəli icarə müqaviləsinə əsasən verilmiş elektron qaimə-fakturaları xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi üzrə borcun təsdiqinə dair sübut qismində qəbul etmir. Məhkəmə həmin elektron qaiməfakturaları tərəflər arasında xx.xx.2019-cu il tarixli ********** nömrəli icarə müqaviləsinin bağlanmasına dair sübut qismində qəbul edir. Göründüyü kimi 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi üzrə ödənilməli borc 6275,34 manat, 60 manat kommunal xərci ilə birlikdə ümumilikdə 6335,34 manat təşkil edir ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 147.02 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 147.02 manat dövlət rüsumunun 98,01 manatı iddiaçıdan, 49.01 manatı cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 147,02 manat dövlət rüsumu ödənildiyindən həmin rüsumdan iddianın nəticəsinə uyğun sonuncu tərəfindən ödənilməli 98,01 manat rüsum çıxıldıqda ödənilmiş 49,01 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən və tələb edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 07-İ-2021-0013 nömrəli icarə müqaviləsi üzrə 6335,34 manat məbləğində borc, 49,01 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-583/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-583/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver