Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-585/2021 03.09.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “1074 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1104 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1074 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1104 manat vəsaitin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 01.04.2016-cı il tarixdə borcverən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh və alıcı İddiaçı MMC arasında 06QM nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana qarğıdalı istehsalı üçün 01.01.2017-ci il tarixədək illik 10% olmaqla 9040 manat kredit verməyi, borcalan aldığı krediti təyinatı üzrə yalnız dənəvər qarğıdalı istehsalı üçün istifadə etməyi və istehsal etdiyi dənəvər qarğıdalını alıcının tabeliyindəki tədarükçüyə verməyi, alıcı onun tabeliyində olan tədarükçü tərəfindən qəbul olunmuş dənəvər qarğıdalının dəyərinin borcalanın borcverəndən dənəvər qarğıdalı istehsalı üçün almış olduğu kredit üzrə (əsas və faiz borcu) bağlayır, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi hesaba köçürməyi və ya ona nağd pul ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" QSC BOKT ilə İddiaçı MMC arasında 06 CT nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin olmuş şəxs 01.06.2016-cu il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 1074 manat borcu qalmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.05.2018-ci il tarixli 2-2(84)-171/2018 nömrəli məhkəmə əmri ilə borclular Cavabdeh, İddiaçı MMC-dən və "xxxx" MMC-dən 1022,99 manat əsas borcun, 31,01 manat faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Həmin qətnamə İddiaçı MMC tərəfindən icra edilərək qeyd edilən borc məbləği kredit təşkilatına ödənilmişdir. Lakin Cavabdeh tərəfindən 1022,99 manat əsas borc, 31,01 manat faiz borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, 16.08.2021-ci il tarixdə məhkəmə bildirişi cavabdehə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, inkasso sərəncamı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 475.1 və 475.2-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04.05.2018-ci il tarixli 2-2(84)-171/2018 nömrəli məhkəmə əmri ilə borclular Cavabdeh, İddiaçı MMC-dən və "xxxx" MMC-dən 1022,99 manat əsas borcun, 31,01 manat faiz borcu və 20 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" QSC BOKT-a ödənilməsi qət edilmişdir. Borcalan kreditoru qarşısında öhdəliyini yerinə yetirmədiyindən, onun öhdəliyi zamin olan hazırkı iddiaçı tərəfindən ödənilmişdir (16.04.2019-cu il tarixli ödəniş sənədləri, iş vərəqi 21-24). Qanunvericiliyin tələbi baxımından borcun ödənilməsi zamin tərəfindən təmin edildiyindən kreditorun bütün hüquqları zaminə keçmişdir və zamin olan hazırkı iddiaçı ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 1074 manat pul cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 1074 (bir min yetmiş dörd) manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-585/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-585/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver