Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-585/2024 03.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 7276 manat məbləğində borcun, müvafiq dövrlər üzrə ödənilməmiş pul vəsaitlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixinə müəyyən edilən 8 faiz uçot dərəcəsi ilə 582 manat məbləğində faiz olmaqla ümumilikdə 7858 manat məbləğində pul vəsaitinin tutulması” tələbi üzrə mübahisəyə iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı tərəfindən 2021-2023-cü il tarixləri aralığında Cavabdeh nisyə qaydada inşaat materialları satılmışdır. Cavabdehə satılmış mallar üzrə borc 7276 manat təşkil edir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixə olan qaimə faktura üzrə cəmi 4914 manat, xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 3498 manat, xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 3960 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixə olan qaimə-faktura ilə cavabdeh tərəfindən 1490 manat mal iddiaçıya geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixə olan qaimə-fakturadan isə görünür ki, həmin sənədin “təhvil aldı” bölməsi boş olmuş və göründüyü kimi cavabdeh həmin sənədi imzalamamışdır. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 7276 manat əsas borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, üzərindən uzun müddət keçməsinə baxmayaraq, qalıq borcun ödənilməsi istiqamətində heç bir hərəkət icra edilməmişdir. Mübahisənin məhkəməyə qədər nizamlanmasına dair tərəfimdən edilən müraciət (əlavə olunur) də nəticəsiz qalmışdır. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanı üzrə (bibisi oğlu Musayev İlham) təqdim edilmiş, buna baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qaimə fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk olaraq məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir və tərəflər arasında yaranmış hüquq münasibətlərinin yaranması, bitməsi, şərtləri və öhdəliyin sair mühüm halları barədə məlumat əldə etmək mümkün deyildir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı mçüəyyən olunduğu kimi tərəflər arasında şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən 2021- 2023-cü il tarixləri aralığında cavabdehə nisyə qaydada inşaat materialları satılmışdır. Cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən satılmış mallar üzrə ödənilməmiş 7276 manat borcu qalmışdır. İddiaçı malların təhvil verilməsini və cavabdeh tərəfindən qəbulunun sübutu qismində qaimə fakturaları məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixə olan qaimə faktura üzrə cəmi 4914 manat dəyərində, xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 3498 manat dəyərində, xx.xx.2021-ci il tarixə olan qaimə faktura üzrə cəmi 3960 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixə olan qaimə-faktura ilə cavabdeh tərəfindən 1490 manat mal iddiaçıya geri qaytarılmışdır. xx.xx.2021-ci il tarixli qaimə faktura isə cavabdeh tərəfindən imzalanmadığından məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixə olan qaimə-fakturanın “təhvil aldı” bölməsi boş olmuş və müəyyən olunduğu kimi cavabdeh həmin sənədi imzalamamışdır. Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin imzaladığı qaimə fakturalarla cavabdehə 12372 manat mal verilmiş, bundan 1490 manat dəyərində mal iddiaçıya geri qaytarılmış, qismən ödəniş edildikdən sonra cavabdeh iddiaçıya 7276 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddiasının sübutu qismində qaimə-fakturaları məhkəməyə təqdim etmiş, buna baxmayaraq cavabdeh imzası əks olunmuş qaimə fakturalarda adı qeyd olunan malları təhvil aldığını qəbul etsə də, həmin malların dəyərini lazımınca ödəməmişdir. Həmçinin sonuncu iddia tələbinə hər hansısa münasibət bildirməmiş və etirazı olduğu halda bunu qanunverciliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 7276 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddiaçı müvafiq dövrlər üzrə ödənilməmiş pul vəsaitlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx.xx.2023-cü il tarixinə müəyyən edilən 8 faiz uçot dərəcəsi ilə 582 manat məbləğində faizin tutulmasını iddia etsə də iddia ərizəsində hər hansı maddi hüquq normasına istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi borcun üstünə faizin hesablanması qanuna və ya müqavilədə nəzərdə tutulmalıdır ki, hazırki iş üzrə tərəflər arasında münasibətlər alğı-satqıdan irəli gəlmiş və cavabdehin borcunun üstünə faizin hesablanmalı olmasına dair müqavilə razılaşması mövcud deyildir. Belə ki, tərəflər arasında qeyd olunduğu kimi yazılı müqavilə mövcud deyildir. Bu səbəbdən məhkəmə MM-in 439.3-cü maddəsindən çıxış edərək faiz tutulmasını məqbul hesab etmir. Buna baxmayaraq qanunvericilik borclu tərəfindən pul məbləğinin gecikdirildiyi halda illik 5 %-lə faizin tələb edilməsi imkanını nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu səbəbdən məhkəmə qeyd edilən qanunvericilik normasından çıxış edərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik lazımınca yerinə yetirilməyərək qalıq borc olan 7276 manat hazırki vaxtadək ödənilmədiyindən həmin borcun ödənilməsinin gecikdirilməsi üçün qanunvericiliyin tələbinə görə illik 5 %-lə ödənilməli faiz borcu (7276 x 5% = 363) 363 manat təşkil edir. Bu səbəbdən iddia bu hissədə qismən təmin edilərək 363 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilərək 7276 manat borc və 363 manat hesablanmış illik 5 faiz məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 98,58 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməli 98,58 manat dövlət rüsumunun 2,75 manatı iddiaçıdan, 95,83 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 99,38 manat dövlət rüsumu ödənilmişdir. Bundan iddiaçı tərəfindən 2,75 manat dövlət büdcəsinə ödənilməli rüsum çıxılmaqla iddiaçı tərəfindən qalan 95,83 manat tələb edilmədiyindən 95,83 manat vəsait cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7276 manat pul və 363 manat faiz borcu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-585/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-585/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver