Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-588/2025 28.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 11429.47 manat məbləğində əsas kredit borcu, 646.81 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 55.48 manat məbləğində penya olmaqla, cəmi 12131.76 manat, həmçinin iddia qaldırılması üçün ödənilmiş 126.40 manat dövlət rüsumunun ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli Razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə kredit, borcalanın ərizəsi əsasında kreditverən tərəfindən borcalanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu Razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 qıznın xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 11429.47 manat məbləğində əsas kredit borcu, 646.81 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 55.48 manat məbləğində penya olmaqla, cəmi 12131.76 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsin baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İİ. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli Razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə illik 22% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. Daha sonra cavabdehlər kreditin şərtlərini pozaraq ödənişlər etməmiş və 90 gün sonra ödənişlər etmədiklərinə görə məhkəməyə müraciət edilmişdir. İddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edulməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər, Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin cavabdehlərin olmadan baxmışdır.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, borcu qəbul edir. Kredit götürən şəxs Şəkərxanlı Mehriban gəlinidir. Gəlinin adına kredit götürüblər və Göyçayda düyü əkini ilə məşğul olmağa başlayıblar. Bu işə 24000 manat məbləğində pul qoyublar. Lakin lazımi qədər gəlir əldə edə bilməyiblər. Nəticədə 18000 manat məbləğdən çox ziyanları olub. Buna görə də banka borcu ödəyə bilməyiblər.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən ilə Cavabdeh1 36 ay müddətinə, illik 22 % olmaqla, 20000 manat məbləğində kredit verilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kreditin verilməsinə dair razılaşmaya əsasən ödəniş qrafiki imzalanmışdır. Həmin qrafikdə 36 ay müddətinə hər ay 764 manat, sonuncu ay isə 764,34 manat olmaqla ödəniş cədvəli müəyyən edilmişdir.
9. "xxxx" ASC ilə Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli 43FlZAM110046304 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh4, "xxxx" ASC ilə Cavabdeh1 arasında imzalanan xx.xx.2023-cü il tarixli kredit razılaşmasında irəli gələn öhdəliklərinin icra edilməsində bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür.
10. "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli 43FlZAM146209901 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3, "xxxx" ASC ilə Cavabdeh1 arasında imzalanan xx.xx.2023-cü il tarixli kredit razılaşmasında irəli gələn öhdəliklərinin icra edilməsində bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür.
11. İddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 43FlZAM169936501 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2, "xxxx" ASC ilə Cavabdeh1 arasında imzalanan xx.xx.2023-cü il tarixli kredit razılaşmasında irəli gələn öhdəliklərinin icra edilməsində bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür.
12. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 11429,47 manat məbləğində əsas bоrc 646,81 manat məbləğində faiz bоrcu və 55,48 manat cərimə borcu olmaqla, ümumilikdə 12131,76 manat məbləğində bоrcu yaranmışdır.
13. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 bank tərəfindən 14071 manat məbləğində pul verilmişdir.
14. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Vl. Məhkəmənin mövqeyi:
16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
18. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 20000 manat məbləği Cavabdeh1n vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.
19. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli kreditin verilməsinə dair razılaşma üzrə 11429.47 manat məbləğində əsas kredit borcu, 646.81 manat məbləğində faiz borcu, 55.48 manat məbləğində cərimə olmaqla, cəmi 12131.76 manat məbləğdə pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə qeyd edir ki, cavabdehlər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.
21. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 126,40 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 126,40 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
Vİl. Nəticə:
22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2023-cü il tarixli razılaşma üzrə 11429.47 manat məbləğində əsas kredit borcu, 646.81 manat məbləğində faiz borcu, 55.48 manat məbləğində cərimə olmaqla, cəmi 12131.76 manat məbləğində pul və ödənilmiş 126,40 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova