Məhkəmə qərarları › İş №e-2-2(117)-595/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-595/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-595/2025 05.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “035R********** saylı kredit razılaşması üzrə 5423.41 manat məbləğində kredit borcu, 552.86 manat məbləğində faiz borcu və 129.08 manat cərimə borcu olmaqla, ümumilikdə 6105.35 manat məbləğində borcun, ödənilmiş 81.06 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 035L**********43 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 500 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 035R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, 6000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 999S**********01 nömrəli (zamin Cavabdeh1) Qoşulma barədə sazişin tələbinə görə zamin, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 035L**********43 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında yaranan öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq, müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 6000 manat məbləği cavabdehə vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmiş qaldığından tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırkı iddia tələbi ilə müraciət edərək “5423.41 manat krеdit bоrcu, 552.86 manat faiz bоrcu və 129.08 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixindən etibarən hər ay 243.00 manat, sonuncu ay olan xx.xx.2027-ci il tarixində isə 246.74 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədlərinin rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdehlərin ünvanları üzrə çatdırılmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma, qoşulma barədə saziş, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 6000 manat məbləği cavabdehə vermiş, sonuncu isə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, kredit borcundan cəmi 576.59 manat ödəniş etmiş və nəticədə ödənilməmiş borcları yaranmışdır ki, iddiaçı həmin borc məbləğlərinin 5423.41 manat krеdit bоrcu, 552.86 manat faiz bоrcu və 129.08 manat cərimə borcu olmasını iddia edir. Belə ki, iddiaçının ərizəsində qeyd etdiyi 5423.41 manat krеdit bоrcu, 552.86 manat faiz bоrcu və 129.08 manat cərimə borcu məbləğləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarış sənədi ilə təsdiq edilir ki, cavabdehlər bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilərək əsas və zamin olan cavabdehlərdən 5423.41 manat krеdit bоrcu, 552.86 manat faiz bоrcu və uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9cu bəndinə əsasən hesablanmış 129.08 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş olan 81.06 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5423.41 manat əsas bоrc, 552.86 manat faiz bоrcu, 129.08 manat cərimə borcu olmaqla, cəmi 6105.35 manat pul vəsaiti və 81.06 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar