Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-596/2024 04.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-00040-16/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə ödənilməmiş 6283.37 manat əsas borc, 1271.27 manat faiz borcu, 2327.33 manat dəbbə borcu, ümumilikdə 9881.97 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 118.81 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış RPZ-00040- 16/21A nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 21 % faiz dərəcəsilə 36 ay müddətinə 9198,76 manat məbləğində kredit verməyi, sonuncu isə kreditdən xx-xx- 2019-cu il tarixli, MK-00137-16/19A nömrəli kreditin bağlanması məqsədilə istifadə etməyi və krediti xx.xx.2024-cü il tarixədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən borcverənə qaytarılmasının dövriliyi mövcud müqavilənin tərkib hissəsi hesab edilən tərəflər arasında yazılı razılaşdırılmış 1 nömrəli Əlavədə təsbit olunmuş ödəniş cədvəlində müəyyən olunur. 2.9-cu bəndinə əsasən kreditən istifadəyə görə faizlər kreditin verildiyi gündən onun tam qaytarıldığı günə qədər hesablanır. Bu zaman əsas kimi ayda 30 gün və ildə 360 gün götürülür. 2.10.1-ci bəndinə əsasən borcalan krediti və faizlərin ödənilməsi dövriliyini ən azı iki dəfə beş təqvim günündən çox pozduqda borcverən bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verəvə kreditin qalıq məbləğinin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. 5.4-cü bəndinə əsasən borc alan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icarsının təminatı olaraq zamin Cavabdeh2 ilə bank arasında xx.xx.2021-ci il tarixdə zamin tərəfindən borclunun bank qarşısında öhdəliklərini yerinə yetirmədiyi halda bank qarşısında borclu ilə birlikdə məsuliyyət götürməsi barədə RPZ-00040-16/21A nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixə olan arayışdan görünür ki, cavabdeh tərəfindən 2915,39 manat əsas borcdan, 1959,85 manat faiz borcundan, 143,14 manat cərimə borcundan ödəniş edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/615 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 6176,78 manat, faiz borcu 1185,43 manat təşkil edir. İddiaçı borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq sonuncular iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Pretenziya, Arayış, Ekspertiza rəyi, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq “Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RPZ-00040-16/21A nömrəli kredit müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli RPZ-00040-16/21A nömrəli nömrəli krеdit müqaviləsi 36 ay müddətinə bağlanmış və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Göründüyü kimi hazırki vaxta kredit müqaviləsinin müddəti bitmişdir və qüvvədə deyildir. Hazırki tarixə müddəti bitməklə qüvvədə olmayan müqavilənin ləğvi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanan qanunvericliyin tələblərindən də göründüyü kimi müqavilənin qüvvədə olma müddətində tərəflərdən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər ki, hazırki iş üzrə ləğv edilməsi tələb olunan müqavilənin müddəti bitmişdir və müddəti bitmiş müqavilənin ləğvindən söhbət gedə bilməz. Bundan başqa kredit müqaviləsi üzrə əsas və faiz borclarının ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış RPZ-00040-16/21A nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh1 illik 21 % faiz dərəcəsilə 36 ay müddətinə 9198,76 manat məbləğində kredit verməyi, sonuncu isə kreditdən xx-xx-2019-cu il tarixli, MK-00137- 16/19A nömrəli kreditin bağlanması məqsədilə istifadə etməyi və krediti xx.xx.2024-cü il tarixədək faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixə olan arayışdan göründüyü kimi Cavabdeh1 tərəfindən 2915,39 manat əsas borcdan, 1959,85 manat faiz borcundan, 143,14 manat cərimə borcundan ödəniş edilmişdir. İddiaçının iddiasına görə Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 6283.37 manat əsas borc, 1271.27 manat faiz borcu, 2327.33 manat dəbbə borcu yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/615 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 6176,78 manat, faiz borcu 1185,43 manat təşkil edir. Buna baxmayaraq iddiaçı 6283.37 manat əsas borc, 1271.27 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını iddia edir ki, göründüyü kimi bunda da haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca və faiz borcuna münasibətdə ekspert rəyinə əsasən, yəni cavabdehlərdən sonuncu xx.xx.2023-cü il tarixə olan 6176,78 manat əsas borc və 1185,43 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 2327,33 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən borc alan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin 0,5 %-i məbləğində gündəlik cərimə hesablanır. Cavabdeh borclarını tam ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şərait yaratmışdır. Bu səbəbdən dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən əsas borc məbləğinin 5 %-i həddində hesablanmış 314 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 100 manat xərc bütövlükdə cavabdehlərdən tutularaq müvafiq qaydada ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən iddianın qiymətləndirilməyən hissəsinə görə (kredit müqaviləsinin ləğv edilməsi) 100 manat, iddianın qiymətinə əsasən isə ödənilməli dövlət rüsumu 118,82 manat olmaqla 218,82 manat (100 +118,82) təşkil edir. İddianın qiymətləndirilməyən hissəsinə münasibətdə ödənilməli 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmədiyindən və iddia həmin hissədə rədd edildiyindən 100 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən iddianın qiymətinə uyğun ödənilməli 118,82 manat dövlət rüsumunun 26,52 manatı iddiaçıdan, 92,30 manatı cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 118,81 manat dövlət rüsumu ödənilmiş və sonuncu tərəfindən 118,81 manat və 0.40 manat xidmət haqqı cavabdehlərdən tələb edilsə də, 0,40 manat xidmət haqqının ödənilməsinə dair sübut mövcud deyildir. İddiaçı tərəfindən 100 manat dövlət rüsumu qiymətləndirilməyən iddiaya münasibətdə, 26,52 manat dövlət rüsumu qiymətləndirilən iddiaya münasibətdə dövlət büdcəsinə ödənilməlidir ki, iddiaçı tərəfindən ödənilmiş 118,81 manat dövlət rüsumundan ödənilməli 100 manat çıxıldıqda, qalan 18,81 manat rüsum iddianın qiymətinə uyğun ödənilməli 26,52 manat rüsumdan çıxılmaqla (26,52-18,81 = 7,71) ödənilməmiş 7,71 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 100 manat ekspertiza xərci iddia əsas borca münasibətdə qismən təmin edilsə də, bütövlükdə cavabdehlərdən tutularaq müvafiq qaydada ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 6176,78 manat əsas, 1185,43 manat faiz borcu, 314 manat cərimə borcu tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 7,71 manat dövlət rüsumu iddiaçı Bank "xxxx" ASC-dən, 92,30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 dövlət büdcəsinə tutulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-596/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-596/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver