Məhkəmə qərarları › İş №e-2-2(117)-596/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-596/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-596/2025 08.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 7510 manat əsas borcun, 2251.80 manat ƏDV borcunun və 118 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 7510 manat əsas borcun, 2251.80 manat ƏDV borcunun və 118 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında 19 sentyabr 2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı müəyyən olunmuş mal-materialları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin mal-materialları qəbul edib əvəzində onların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən, əsas məbləğin üzərinə 18 faiz ƏDV əlavə edilərək cavabdehdən tələb olunacağı barədə razılaşmışlar. Alqı-satqı müqaviləsi 1 il müddətinə bağlanmışdır. İddiaçı öz öhdəliyini lazımınca yerinə yetirsədə, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və buna görə də cavabdehin iddiaçıya alqı-satqı müqaviləsinə əsasən 12510 manat əsas, 2251,80 manat ƏDV borcu yaranmışdır. Həmin müqavilə üzrə əsas borcdan cavabdeh tərəfindən 5000 manat ödənilmiş, bundan sonra əsas borc məbləği 7510 manat qalmışdır. Göründüyü kimi cavabdeh müqavilənin 2.2-ci bəndinin tələbinə əməl etməyərək ona göndərilmiş qaiməyə məhəl qoymamış və müqavilə üzrə yaranmış əsas və ƏDV borcunu ödəməkdən yayınmışdır. Buna dair cavabdehə VÖEN üzərindən qanunvericiliyin tələbinə uyğun pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh həmin pretenziya məktubuna da cavab verməmişdir. Hesab edir ki, bu halda iddia ərizəsi qanuni və əsaslıdır, iddia tələbində tələb edilən məbləğin tam həcmdə cavabdehdən iddiçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1-ci, 425.2-ci, 427.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 125-ci və 149-cu maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-596/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

İİ. Tərəflərin mövqeləri:

5. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi:

16. İşdə olan İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli S.A.19- 09/24-2 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə satıcı müəyyən olunmuş mal-materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malmaterialları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. 1.2. Bu müqavilə üzrə mal-materiallarının təsviri, hər malın adı, miqdarı, qiyməti eqaimədə göstərilir. 2.1. Mal-materiallar təhvil verilərkən satıcı alıcıya e-qaimə təqdim edir. Malların üzərinə 18% ƏDV əlavə olunacaq. 2.2. Bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi e-qaimə əsasında aparılır. Alıcı müqavilə məbləğinin 100 faizini bu müqavilənin şərtlərinə əsasən mal-materialların müvafiq e-qaimə əsasında alıcıya təhvil verilməsindən etibarən 5 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür.

17. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, MT2409 seriyalı, 11324990 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturadan göründüyü kimi ƏDV daxil olmaqla, ümumilikdə 14761.8 manat (12510 manat əsas, 2251.8 manat ƏDV) dəyərində olan 900 qutu “3,2x350 mm 3,2 kg qutu (elektrod 3-lük)” məhsul cavabdehə verilmişdir.

18. İşdə olan xx.xx.2024-cü il tarixli Mal-material təhvil sənədindən göründüyü kimi xx.xx.2024-cü il tarixli, S.A.19-09/24-2 nömrəli alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 900 qutu “3,2x350 mm 3,2 kg qutu (elektrod 3-lük)” məhsul təhvil verilmiş, həmin sənəd hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmışdır.

Vİ. Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

22. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli S.A.19- 09/24-2 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından ibarətdir.

23. İşin mübahisələndirilən hallarına isə cavabdeh tərəfindən ödənişin edilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

24. İş materiallarından göründüyü kimi İddiaçı MMC və Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli S.A.19-09/24-2 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra xx.xx.2024-cü il tarixli elektron qaimə-fakturaya əsasən, ƏDV daxil olmaqla, cəmi 14761.8 manat (12510 manat əsas, 2251.8 manat ƏDV) dəyərində olan 900 qutu “3,2x350 mm 3,2 kg qutu (elektrod 3-lük)” məhsul cavabdehə verilmişdir.

25. Məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaiməyə münasibətdə qeyd edir ki, həmin elektron qaimə orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni xx.xx.2024-cü il tarixli mal-material təhvil sənədi ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

27. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş materiallardan göründüyü kimi alqı-satqı müqaviləsi əsasında cavabdehin iddiaçıya cəmi 14761.8 manat (12510 manat əsas, 2251.8 manat ƏDV) borcu yaranmış, iddiaçı cavabdehin əsas borcdan 5000 manat ödəniş etdiyini, digər hissələrdə öhdəliyini icra etmədiyini bildirmişdir. Göründüyü kimi cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməyərək təhvil aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən ümumilikdə 9761.8 manat (7510 manat əsas, 2251.8 manat ƏDV) borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə onu qeyd edir ki, iddiaçı tərəf ilkin dəlillərini ortaya qoysa da, cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.

29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

31. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

32. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

33. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə etiraz edərək qəbul etməsə də, dediklərini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.

34. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdehndən 7510 manat əsas borc, 2251.8 manat ƏDV borcu olmaqla, cəmi 9761.8 manat pul tutularaq iddiaçı olan İddiaçınə ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

35. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 117.62 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia təmin edildiyindən 117.62 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Vİİİ Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən 7510 manat əsas borc, 2251.8 manat ƏDV borcu olmaqla, cəmi 9761.8 manat pul və 117.62 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar