Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-60/2024 25.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “2400 manat əsas borc, 720 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “2400 manat əsas borc, 720 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcarəyəverən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. İcarəyəverənlə icarəçi arasında bağlanmış həmin icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyəverən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 3016,10 kv.m qeyriyaşayış sahəsinin birinci və ikinci mərtəbələri üzrə 104 kv.m hissəsini qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müəyyənləşdirilmiş icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən, İcarəyə verən istənilən vaxt icarəçini 15 gün əvvəlcədən xəbərdarlıq etməklə bu Müqaviləyə xitam verə bilər. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı 800 manat müəyyən edilmişdir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən, ödənişi gecikdirilən məbləğin 1 faizi məbləğində ödənişin hər gecikdirildiyi günü üçün dəbbə pulu ödənilməlidir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı 2400 manat əsas borc, 720 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh iyun ayı üçün 800 manat, iyul ayı üçün 800 manat, avqust ayının ilk 18 günü üçün 480 manat, qalan vaxtı üçün isə 320 manat icarə haqqı borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “İcarə müqaviləsinə xitam verilməsi akt”ından görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.1-və 4.3cü maddələrinin tələblərinin kobud pozması tələbi ilə icarəyə verən tərəfindən xx.xx.2023cü il tarixindən (Müqavilənin 2.1.7-ci maddəsinə əsasən 15 gün əvvəlcədən xəbərdarlıq nəzərə alınaraq) tarixindən müqaviləyə xitam verilmişdir. Həmin sənəd xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin bildiriş geri qaytarılaraq “Köçüb” qeyd edilmiş, xx.xx.2024-cü il tarixdə bildirişi cavabdehə çatdırmaq üçün Ağdaş Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə- MPM) 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdehin elektron kabinetində yerləşdirilmiş, lakin cavabdeh 10 gün ərzində iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM)-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, icarə predmeti Bakı şəhərində yerləşsə də, cavabdehin rəsmi qeydə aındığı yer Şəki rayonu olduğundan, eyni zamanda tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından işə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İcarəyəverən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyəverən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 3016,10 kv.m qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbələri üzrə 104 kv.m hissəsini qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə müəyyənləşdirilmiş icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 800 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə Cavabdeh iyun ayı üçün 800 manat, iyul ayı üçün 800 manat, avqust ayının ilk 18 günü üçün 480 manat, qalan vaxtı üçün isə 320 manat icarə haqqı borcu hesablanmış, xx.xx.2023-cü il tarixli “İcarə müqaviləsinə xitam verilməsi akt” tərtib edilərək tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.1-və 4.3-cü maddələrinin tələblərinin kobud pozması tələbi ilə icarəyə verən tərəfindən xx.xx.2023-cü il tarixindən (Müqavilənin 2.1.7-ci maddəsinə əsasən 15 gün əvvəlcədən xəbərdarlıq nəzərə alınaraq) müqaviləyə xitam verilmişdir. Həmin sənəd xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən imzalanmışdır. İcarə predmeti olan icarə obyektinin cavabdehə təhvil verilməsi ilə bağlı müvafiq akt təqdim edilməsə də, məhkəmə işin hallarını, həmçinin cavabdeh tərəfindən icarə müqaviləsinə xitam verilməsi barədə imzaladığı aktı, eyni zamanda cavabdehin məhkəmədə olan mübahisəyə hər hansı bir münasibətinin təqdim edilməməsini nəzərə alıb hesab edir ki, icarə obyekti cavabdehə təhvil verilmişdir. Məhkəmə əsas borca münasibətdə hesab edir ki, iddiaçının tələb etdiyi 2400 manat icarə haqqı borcunu 2023-cü ilin iyun, iyul və avqust aylarını əhatə edir. İş materialları ilə sübut edilir ki, cavabdeh tərəfindən sözügedən obyekt 2023-cü ilin iyun və iyul aylarında bütöv ay istifadə edilişdir. Avqust ayında isə iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi barədə cavabdehə 15 gün qabaqcadan pretenziya xarakterli imtina məktubu göndərilmişdir və həmin məktub xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bu isə onu sübut edir ki, xx.xx.2023-cü il tarixədək tərəflər arasında icarə münasibətləri davam etmiş və cavabdeh tərəfindən bu hal etiraf edilmişdir. Odur ki, avqust ayına münasibətdə məhkəmə hesab edir ki, ilk 18 gün üçün hesablanmış icarə haqqı borcu, yəni, 480 manat məbləğ əsas götürülməlidir. Avqust ayının qalan dövründə obyektin cavabdeh tərəfindən istifadə edilməsi iş materialları ilə sübut olunmur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı iyun ayı üçün 800 manat, iyul ayı üçün 800 manat, avqust ayının ilk 18 günü üçün 480 manat olmaqla, ümumilikdə 800+800+480=2080 manat ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin “720 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 44.4-cü bəndinə əsasən, ödənişi gecikdirilən məbləğin 1 faizi məbləğində ödənişin hər gecikdirildiyi günü üçün dəbbə pulu ödənilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmak mənafelərini, həmçinin iddiaçının vaxtında məhkəməyə müraciət etməyərək cərimə borcunun artmasına şərait yaratmasını nəzərə alıb cərimə borcunu azaldaraq iddiaçı 70 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilməli olan 51,2 manat dövlət rüsumunun 10,67 manatı iddiaçıdan, 40,53 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddia qismən təmin edildiyindən və iddiaçı 30 manat mediasiya xərcini cavabdehdən tələb etdiyindən 30 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 2080 manat icarə haqqı borcu, 70 manat cərimə borcu və 30 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli olan 51,2 manat dövlət rüsumunun 10,67 manatı iddiaçı "xxxx" MMC-dən, 40,53 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-60/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-60/2024
25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver