Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-600/2023 21.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “9163,83 manat əsas borc, 837,34 manat faiz borcu olmaqla cəmi 10001,17 manat borcun, 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixədək olan müddətə tütün əkini üçün TM-370/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 13600 manat pulu illik 8,5 faizlə 12 ay müddətinə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 13600 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsinə əsasən 13600 manat kredit verilmiş, sonuncu 4436,17 manat əsas borcdan, 491,62 manat faiz borcundan ödəniş etmiş, qalan məbləği isə müqavilə müddəti ərzində ödəmədiyindən ödənilməmiş əsas və faiz borcu qalmışdır. Kredit üzrə xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 4436,17 manat əsas, 491,62 manat faiz borcundan ödəniş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı kredit təşkilatından 13600 manat kredit götürmüşdür. Lakin tütünü təhvil almadıqlarına görə borcunu ödəyə bilməmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, açıqlama məlumatı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445, 448, 449, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixədək olan müddətə tütün əkini üçün TM-370/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 13600 manat pulu illik 8,5 faizlə 12 ay müddətinə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 13600 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının da tələbində qeyd etdiyi kimi 9163,83 manat əsas kredit məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 837,34 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtinə əsasən iddiaçı kredit təşkilatı tərəfindən cavabdehə 13600 manat kredit illik 8,5 %-lə verildiyindən, sonuncu tərəfindən faiz üzrə iddiaçı təşkilata cəmi 1156 manat (13600 x 8,5/100) pul ödənilməlidir. Kredit üzrə xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, cavabdeh tərəfindən faiz borcu üzrə 491,62 manat ödəniş edilmişdir. Bu hal işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə hesab edir ki, cavabdehin faiz borcu üzrə ödənilməmiş cəmi 664,38 manat (1156-491,62) borcu qalmışdır ki, həmin məbləğdə borc cavabdehdən tutularaq ödənilməlidir. Eyni zamanda məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023cü il tarixə əsas və faiz borcunun ödənilməsinə barədə məlumata münasibətdə qeyd edir ki, həmin məlumatın faiz borcu hissəsində ödənilmiş məbləğ 491,62 manat, qalıq məbləğ 1320,86 manat qeyd olunmuşdur və iddiaçı 837,34 manat faiz borcunu tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi kredit müqaviləsinə əsasən ümumilikdə 1156 manat faiz borcu ödənilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı tərəfindən iddia ərizəsində müqaviləyə istinadən faiz borcunun hesablandığı iddia edilir ki, müəyyən olunduğu kimi cavabdeh tərəfindən müqavilə müddətində ödənilməmiş faiz borcu 664,38 manat təşkil edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 9163,83 manat əsas, 664,38 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (10001,17 manat) ödənilməli dövlət rüsumu 120 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən 2,08 manat, cavabdeh tərəfindən 117,92 manat dövlət rüsumu ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 117,92 manat dövlət büdcəsinə və iddiaçıdan 2,08 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 2,08 manat dövlət rüsumu çıxılmaqla 197,92 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 2,08 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 117,92 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 120 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 9163,83 manat əsas borc, 664,38 manat faiz borcu, 197,92 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh ödənilməmiş 120 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-600/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-600/2023
21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver