Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-607/2020 01.12.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin cavabdeh “Azərişıq” Açıq Səmhdar Cəmiyyətinə qarşı “elektrik enerjisinin verilişinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh “Azərişıq” Açıq Səmhdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “elektrik enerjisinin verilişinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan maddənin 4-cü və 7-ci bəndinin tələbinə əsasən iddiaçı kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın çatdırılmasına dair mötəbər sübutları iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə (iddianın hüquqi əsasını təşkil edən sənədlər əlavə edilməklə, yəni elektrik enerjisinin verilişinin hansı səbəbdən dayandırılması və s.) məhkəməyə müraciət edə bilər. Yəni iddiaçı ilkin olaraq mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı cavabdehə pretenziya ilə müraciət etməli və iddia ərizəsini cavabdehə göndərməli həmin sənədlərin cavabdeh tərəfindən alındığını sübut edən poçt sənədlərini iddia ərizəsinə əlavə etməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh “Azərişıq” Açıq Səmhdar Cəmiyyətinə qarşı “elektrik enerjisinin verilişinin dayandırılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-607/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-607/2020
01.12.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver