Məhkəmə qərarları › İş №e-2-2(117)-607/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-607/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-607/2025 03.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6441.94 manat əsas borc, 888.07 manat faiz borcu və 65.12 manat cərimə borcu olmaqla, cəmi 7395.13 manat borcun və 93.95 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun, 120 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 məxsus Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” tələbinə dair iş materiallarına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit limitinin ayrılmasına dair xx.xx.2022-ci il tarixli 29-MCR-1-1421-22 nömrəli razılaşmaya əsasən bank borc alan Cavabdeh1 120 ay müddətinə, aylıq 2,50% olmaqla 70 000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Həmin razılaşmanın 3-cü bəndinə əsasən cavabdeh borcu gecikdirdiyi hər gün üçün gündəlik 0.20% cərimə borcu ödəyir. Kredit limitinin ayrılmasına dair xx.xx.2022-ci il tarixli 29-MCR-1-1421-22 nömrəli razılaşma üzrə yaranmış öhdəliyin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2 (ipoteka qoyan) və Cavabdeh1 (borcalan) arasında xx.xx.2022-ci il tarixdə DA/01439/22 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli Z/16523/22 nömrəli (zamin Cavabdeh2) zaminlik müqaviləsi ilə həmin müqavilənin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında xx.xx.2022-ci il tarixli, 29-MCR-1-1421-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliklərini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyənə digər zərərin ödənilməsi) yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürməsini bəyan etmişdir. 5.1.4-cü bəndinə əsasən onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 29-MCR-1-1421-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 24 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 16000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə Əlavə sazişlərə əsasən, kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödəniləmiş 6441.94 manat əsas, 888.07 manat faiz və 65.12 manat cərimə borcu qalmışdır. Bu hal təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır. Qalan borc məbləğləri ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 fevral 2025-ci il tarixədək Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 6441.94 manat əsas, 888.07 manat faiz və 130.24 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7460.25 manat borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 130.24 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 93.95 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan göründüyü kimi Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi Cavabdeh2 tam (xüsusi) mülkiyyətində olmaqla sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində **********92 nömrə ilə qeydə alınmış, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan göründüyü kimi Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi 120 ay müddətinə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı Mərkəzi Ekspertiza Bürosu tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin bazar dəyəri 44200 manat, likvid dəyəri 38500 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur ki, həmin materiallara – kredit limitinin ayrılmasına dair xx.xx.2022-ci il tarixli 29-MCR-1-1421-22 nömrəli razılaşma, kreditin verilməsinə dair razılaşma, ipoteka müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, maliyyə arayışı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə əvvəlcə iddia tələbinin “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 6441.94 manat əsas, 888.07 manat faiz və 65.12 manat cərimə borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 29-MCR-1- 1421-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 24 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 16000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 6441.94 manat əsas, 888.07 manat faiz və 65.12 manat cərimə borcu qalmışdır. Bu hal təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışı ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh tərəf xx.xx.2025-ci il tarixdə teleqramla müraciət edərək borcunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6441.94 manat əsas, 888.07 manat faiz və 65.12 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin “tutmanın Cavabdeh2 məxsus Ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 38 500 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. X1 Bürosu tərəfindən təqdim edilmiş 12 iyun 2025-ci il tarixli məktubda göstərilən iş üzrə xidmət haqqının ödənildiyi qeyd edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 93.95 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə tələbin “hərracdan əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutulması” hissəsinə münasibətdə iddianı qismən təmin etmişdir. Bu səbəbdən ödənilməli 93.95 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Lakin iddiaçı tərəfindən dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və iddiaçı ödədiyi həmin dövlət rüsumunu cavabdehlərdən tələb etdiyindən 93.95 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 6441.94 manat məbləğində əsas borc, 888.07 manat məbləğində faiz borcu və 65.12 manat cərimə borcu olmaqla, cəmi 7395.13 manat və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqı, ödənilmiş 93.95 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh2 tam (xüsusi) mülkiyyətində olan Ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmeti olan Ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin likvid dəyəri (ilkin satış) 38 500 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin xx.xx.2022-ci il tarixli 29-MCR-1-1421-22/1 nömrəli kredit razılaşması üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar