Məhkəmə qərarları › İş №e-2-2(117)-61/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-61/2024

29.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-61/2024 29.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh "xxxx" ASC özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, girişçıxış üçün istifadə etməsinə görə aylıq 500 manat servitut haqqı müəyyən edilməklə həmin vəsaitin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh "xxxx" ASC-nin özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsi servitut kimi müəyyənləşdirilərək İddiaçı ASC və cavabdeh "xxxx" ASC arasında servitut barədə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-377/2020 nömrəli Qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı iddia tələbi təmin edilmiş və Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən iddiaçı Cavabdeh ASC-nin mülkiyyətində olan ümumi sahəsi 292,60 m2 qeyri-yaşayış sahəsinın cavabdeh "xxxx" ASC tərəfindən boşaldılaraq iddiaçı Cavabdeh ASC-nin istifadəsinə qaytarılması qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri Şəki Apellyasiya Məhkəməsinin 4 mart 2021-ci il tarixli 2-2(107)-7/2021 nömrəli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli iş № 2-2(102)-282/2021 nömrəli qətnamə və qərarı təmin edilməmişdir. İddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı ASC-yə qarşı “cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyri-yaşayış binasının bütün giriş-çıxış hissələrinin qarşısının bir metrliyinə çəklimiş 1,5 metr hündürlüyündə olan dəmir hasarın (tikilinin) sökülməsi, o cümlədən, mülkiyyətdən istifadəyə yönələn qeyri-qanuni maneələrin aradan qaldırılması” tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-268/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-268/2022 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-268/2022 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi təkrar icra edilməsi üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “50000 manat pulun, 200 manat mediasiya xərcinin, 240 manat dövlət rüsumunun və 200 manat vəkil xidmətlərinə görə ödənilmiş məbləğin tutulması” tələbi üzrə ilkin iddiasına və qarşılıqlı iddia üzrə İddiaçı ASC-nin qarşılıqlı iddia üzrə Cavabdeh ASC-yə qarşı “ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, ünvan 4 ünvanda yerləşən 292.60 kv.m qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni texniki pasportda göstərilən vəziyyətə qaytarılması” tələbi ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-801/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh İddiaçı ASC-dən 37891,7 manat pul, 150 manat vəkil xidmətlərinə görə ödənilən pul, 151,57 manat mediasiya xərci və 181,88 manat dövlət rüsumunun tutularaq ilkin iddia üzrə iddiaçı Cavabdeh ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh İddiaçı ASC məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-801/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(107)-100/2023 nömrəli qətnaməsi ilə şikayət təmin olunmamış və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-801/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi "xxxx" ASC-nin müraciəti ilə ərizəçinin mülkiyyətində olan, Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyriyaşayış binasının otaqlarının bütün giriş-çıxış hissəsinin qarşısına hər hansı hasarın, tikilinin çəkilməsinin və mülkiyyət üzərində giriş-çıxışla əlaqədar istifadəni məhdudlaşdıran hər hansı bir maneələrin yaradılmasının cavabdeh "xxxx" ASC-yə qadağan edilməsi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(107)-12/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Hazırki iş üzrə Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi olaraq (tikili) müəssisə İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax-Mərkəzi Bazar” ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda cavabdehin fəaliyyət göstərdiyi yerin texniki pasportundan müəyyən olunur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mərkəzində fəaliyyət göstərən qeyriyaşayış sahəsi Cavabdeh ASC-nin mülkiyyətindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli eskpert rəyinə əsasən DƏDKRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquruluşu üzrə texniki tərəfindən xx.xx.2022-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyi üzrə Cavabdeh ASC-yə məxsus Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m olan daşınmaz əmlakın yerləşdiyi qeyri-yaşayış binasının cənub və qərb tərəfindən dəmir hasar çəkilmişdir. Qeyri-yaşayış binasının ətrafına dəmir hasarın kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Hasar çəkilən yer Cavabdeh ASC-nin mülkiyyətinə **********7-06301 reyestr nömrəli çıxarışla verilmiş qeyri-yaşayış binasının ərazisində yerləşir. Cavabdeh ASC-yə məxsus Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən qeyri-yaşayış binasının ətrafına çəkilmiş dəmir hasarın binanın giriş-çıxış qapılarının qarşısında quraşdırıldığından dəmir hasarın çəkilməsi mövcud tikinti norma və qaydalarına uyğun olmadığı və çəkilən dəmir hasarların qeyri-yaşayış binasına girişçıxışına maneə törətdiyi müəyyən edilir. DƏDKRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh ASC-yə məxsus Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m olan daşınmaz əmlakın yerləşdiyi qeyriyaşayış binasının cənub və qərb tərəfindən dəmir hasar çəkilmişdir. Qeyri-yaşayış binasının ətrafına dəmir hasarın kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Hasar çəkilən yer (qərb hissədə 1-dən 2-yə yerquruluşu planında göstərilmiş) Cavabdeh ASC-nin mülkiyyətinə **********7-06301 reyestr nömrəli çıxarışla verilmiş qeyriyaşayış binasının ərazisində yerləşir. İddiaçı servitutla bağlı ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC-yə məxsus və cavabdeh "xxxx" ASC-yə məxsus həmin qeyri-yaşayış sahələrinə dair tərtib edilmiş texniki pasportlardan görünür ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi, iddiaçıya məxsus əmlak komlpeksinin yerləşdiyi və daimi istifadəsində olan torpaq sahəsinin mərkəzində yerləşir. Cavabdeh "xxxx" ASC, 292.6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırarkən, həmin sahəyə küçədən azad şəkildə girişçıxışın olmadığını, bu sahəyə gediş-gəlişin yalnız İddiaçı ASC-yə məxsus qeyri-yaşayış sahəsinin içərisindən və onun daimi və qanuni istifadəsində olan torpaq sahəsinin üzərindən mümkün olması barədə məlumatlı idi. Keçən müddət ərzində də cavabdeh "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, İddiaçı ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən və iddiaçının istifadə hüququ ilə yüklü edilmiş göstərir. İddiaçı həmin torpaq sahəsində ayrı-ayrı şəxslərə yer icarəyə verir və icarəcilər torpaq sahəsindən istifadə etməklə həyata keçiriir. Başqa sözlə desək, cavabdeh gediş-gəliş yolu olaraq iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən və istifadəsində olan torpaq sahəsindən servitut kimi istifadə edir. Cavabdeh "xxxx" ASC-nin həmin istifadəsi iddiaçıya lüzumsuz narahatlıqlar yaradır. Belə ki, cavabdeh "xxxx" ASC İddiaçı ASC-dən icazə almadan, ona məlumat vermədən, müvafiq qurumlarla razılaşdırılmadan, ona məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasportda nəzərdə tutulmayan dəyişikiliklər etmiş, qeyriyaşayış sahəsinin divarlarının bir qismini sökərək əlavə giriş-çıxışlar üçün qapılar açmış, həmin yerlərə qapılar qoydurmuşdur və qapı kimi istifadə edir. Bir sözlə bazar içində bazar açmışdır. İddiaçı ASC özünə məxsus qeyri-yaşayış sahəsi adından gögöründüyü kimi, bazar olaraq fəaliyyət bazarda alqı-satqı edirlər. Hazırda cavabdehin qeyri-yaşayış sahəsində texniki pasportunda nəzərdə tutulmayan giriş-çıxış üçün əlavə boşluqlar açması, qapılar qoyması icarəyə veriləcək yerlərin icarəçilərinin sayının azalmasına səbəb olmuşdur. Bundan başqa yeni açılmış qapılardan çoxlu sayda vətəndaşların girib-çıxmaları da həm bazarda fəaliyyət göstərən icarəçilərin fəaliyyətinə mane olur, həm də darısqallıq yaradır. Nəticədə icarəçilər bazarda işlərini davam etdirməkdən imtina edirlər. Bütün bunların nəticəsində isə iddiaçı gəlirlərindən məhrum olur, digər tərəfdən isə hər an icarəçilərin haqlı narazılıqları ilə qarşılaşır. Bütün bunların qarşısının alınması, habelə tərəflər arasındakı münasibətlərin şərtlərinin yazılı qaydada müəyyən edilməsi məqsədilə İddiaçı ASC, onunla cavabdeh "xxxx" ASC arasında servitutla bağlı müvafiq müqavilənin bağlanmasını dəfələrlə cavabdehə təklif etmişdir. Lakin cavabdeh "xxxx" ASC, bu təkliflə razılaşmamış, iddiaçının daşınmaz əmlakından məhdud istifadə hüququ ilə bağlı müqavilə bağlamaqdan imtina etmişdir. Bu səbəbdən də İddiaçı ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabeh Cavabdeh ASC iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və bu səbəbdən iddianı qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 292,6 kv.m qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh ASC-yə məxsusdur. Həmin qeyriyaşayış sahəsinə dair texniki pasport da hazırlanmışdır. Lakin artıq uzun illərdir ki, Cavabdeh ASC-nin mülkiyyətində olan 292,6 kv.m qeyri-yaşayış sahəsi cavabdeh İddiaçı ASC tərəfindən zəbt edilərək istifadə edilirdi. Cavabdehin və onun səlahiyyətli şəxslərinin təqsiri ucbatından həmin qeyri-yaşayış sahəsi hələ də iddiaçı tərəfindən istifadə edilə bilmir. Məhz cavabdehin təqsirinə görə iddiaçı uzun illərdir ki, öz qanuni mülkiyyətindən məhrum olmuş, həmçinin öz əmlakı qeyri-yaşayış sahəsi (bazar) olmasına baxmayaraq onlardan heç bir gəlir əldə edə bilmir. Cavabdeh iddiaçının ərizədəki dəllillərinə münasibətdə bildirmişdir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış sahəsi üzərində Cavabdeh ASC-nin mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alıınsa da, 35 ildən çoxdur ki, həmin torpaq sahəsi Cavabdeh ASC-yə məxsusdur. Belə ki, Yevlax şəhəri ZDS İcraiyyə Komitəsinin xx.xx.1977-ci il tarixli, 63 nömrəli qərarı ilə 0,15 ha torpaq sahəsi Cavabdeh ASC-yə (o vaxtkı adı ilə “Yevlax-Məişət Xidməti” Kombinatı) ayrılmışdır. Yəni qeyri-yaşayış sahəsi əvvəldən Cavabdeh ASC-yə məxsus olmuşdur. ASC sonradan gəlib İddiaçı ASC-nin sahibliyində olan torpaq sahəsinin içərisində hər hansısa bir mükiyyətə sahiblənməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binasına tam mülkiyyət hüququ Cavabdeh ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri yaşayış sahəsinə tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi hər iki hüquqi şəxsin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin həcmindən böyükdür. Bu da həmin sahələrə daxil olarkən qeyd edilən torpaq sahələrindən istifadə etmək hüququnun mövcudluğunu və bununla bağlı qeyd edilən şəxslərin bir-birinin torpaq sahələrindən istifadəsinə imkan yaratmaq vəzifələrinin mövcudluğunu bir daha təsdiq etmiş olur. İddiaçının qeyri-qanuni hərəkətləri səbəbindən Cavabdeh ASC öz mülkiyyətindən istifadə edə bilmir. İddiaçı hər cür qeyri-qanuni fəaliyyətlərlə onların qanuni fəaliyyət gösətrmələrinə mane olur. İddiaçı dəfələrlə cavabdehə məxsus qeyri-yaşayış sahəsinin ətrafını hasarlayır, məhkəmə qərarından sonra icra məmurlarının çoxsaylı tələblərindən sonra onu sökür, sonra yenidən başqa bir hasar çəkərək fəaliyyətlərinə mane olmuşdur. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 vəkilin məhkəmə iclasında verdiyi izahatına əlavələrinin olmadığını və mülkiyyətlərində olan əmlakdan hələ də istifadə edə bilmədiklərini bildirdi. İddianın rədd olunmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Qeyri-yaşayış sahələrinin texniki pasportları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 255-ci maddənin 1, 2 və 4-cü bəndləri, 261.1) İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmışdır. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən olunduğu kimi Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi olaraq (tikili) müəssisə İddiaçı ASC-nin xüsusi mülkiyyətində, Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən ümumi sahəsi 292,60 m2 qeyri-yaşayış sahəsi Cavabdeh ASC-nin mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin torpaq sahəsinin onun mülkiyyətində olduğunu iddia etsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin altında və istifadəsində olan torpaq sahələri Dövlətin mülkiyyətində olmaqla tərəflər həmin torpaq sahələrinin istifadəciləridir. İddiaçı Dövlət mülkiyyətində olan torpaq sahəsinə dair cavabdehlə servitut haqqında müqavilənin bağlanmasını və servitutun məbləğinin aylıq 500 manat müəyyən edilərək cavabdehdən həmin vəsaitin tutulub ona verilməsini iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər bir iddia tələbinin irəli sürülməsi üçün hüququnun pozulduğunu iddia edən şəxsin buna sübyektiv hüququ olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Göründüyü kimi, subyektiv hüququnun “öz hərəkətlərinə hüquqi ixtiyar” elementi başlıca mıldır və əgər iddia irəli sürmüş şəxsin öz hərəkətlərində hüquqi ixtiyarlı deyildirsə bu zaman subyektiv hüququnun digər elementlərinin mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi ki, servitutla yüklü edilməsi tələb olunan torpaq sahəsi Dövlət mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinin hüquqi müqəddəratını həll etmək səlahiyyətinə malik deyildir və belə bir hüququn ona Dövlət tərəfindən verilməsini təsdiq edən sübut mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci maddəsinin dispozisiyasından müəyyən olnduğu kimi, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Göründüyü kimi, şərh olunan maddənin tələbi mülkiyyətcidən bəhs edir ki, iddiaçı servitutla yüklü edilməsini xahiş etdiyi torpaq sahəsi ilə bağlı öz hərkətlərinə hüquqi ixtiyar ona deyil, Dövlətə məxsusdur. Dövlətə məsus olan torpaq sahəsi iddiaçının adına servitutla yüklü edilə bilməz və yüklülüyə görə vəsait ona ödənilə bilməz ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Bu isə onu deməyə əsasə verir ki, servitut hüququ, o daşınmaz əmlak sahibinə məxsusdur ki, həmin daşınmaz əmlak sahibi yol istəsin və ya keçid istəmiş olsun. Hazırki vəziyyətdə isə iddiaçı hətta mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olsa belə özü belə bir iddia ilə cıxış edə bilməz. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün sübyektiv hüquqa malik olmadığından iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 112.1.5-ci maddəsinə əsasən müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda iddianın qiyməti ödəmələrin 3 illik məcmusu ilə müəyyən edilir ki, aylıq 500 manatdan hesablandıqda 1 il üçün ödənilməli servitut məbləği 6000 manat təşkil edir və 3 ilə münasibətdə 18000 manat, həmçinin müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması üzrə isə 100 manat olmaqla, cəmi 18100 manata əsasən ödənilməli olan dövlət rüsumu 144,30 manat təşkil edir. İddiaçı tərəfindən 80 manat dövlət rüsumu və 20 manat mediasiya xərci ödənilmiş, 44,30 manat dövlət rüsumu ödənilməmiş qalmışdır. İddia tələbi rədd edildiyindən ödənilməmiş qalan 44,30 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh "xxxx" ASC özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, girişçıxış üçün istifadə etməsinə görə aylıq 500 manat servitut haqqı müəyyən edilməklə həmin vəsaitin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan Yevlax şəhəri, ünvan 1 ünvanında olan əmlak kompleksi (tikili) kimi müəssisənin yerləşdiyi torpaq sahəsindən cavabdeh "xxxx" ASC-nin özünə məxsus qeyri-yaşayış sahəsinə gediş-gəliş, giriş-çıxış üçün istifadə etməsi servitut kimi müəyyənləşdirilərək İddiaçı ASC və cavabdeh "xxxx" ASC arasında servitut barədə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 44,30 manat dövlət rüsumu İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar