Məhkəmə qərarları › İş №e-2-2(117)-611/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-611/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-611/2025 12.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “019R********** saylı kredit razılaşması üzrə 1070.98 manat məbləğində kredit borcu, 120.37 manat məbləğində faiz borcu və 34.75 manat cərimə borcu olmaqla, ümumilikdə 1226.10 manat məbləğində borcun, ödənilmiş 32.27 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 019L**********64 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 200 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 3000 manat məbləği cavabdehə vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmiş qaldığından tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırkı iddia tələbi ilə müraciət edərək “1070.98 manat krеdit bоrcu, 120.37 manat faiz bоrcu və 34.75 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən hər ay 162.00 manat, sonuncu ay olan xx.xx.2025-ci il tarixində isə 174.84 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tərəflərə göndərilmiş pretenziya məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif edilir, əks təqdirdə kredit müqaviləsi vaxtından əvvəl ləğv ediləcək və onların banka olan borcunun (1338.28 manat əsas borc, 103.38 manat faiz borcu, 27.89 manat cərimə borcu) məcburi qaydada alınması üçün məhkəməyə müraciət ediləcək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədlərinin rəsmi qaydada xx.xx.2025-ci il tarixdə Cavabdeh2 və xx.xx.2025-ci il tarixdə isə digər Cavabdeh1 ünvanı üzrə çatdırılmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 3000 manat məbləği cavabdehə vermiş, sonuncu isə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, kredit borcundan cəmi 1929.02 manat ödəniş etmiş və nəticədə ödənilməmiş borcları yaranmışdır ki, iddiaçı həmin borc məbləğlərinin 1070.98 manat krеdit bоrcu, 120.37 manat faiz bоrcu və 34.75 manat cərimə borcu olmasını iddia edir. Belə ki, iddiaçının ərizəsində qeyd etdiyi 1070.98 manat krеdit bоrcu iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarış sənədi ilə təsdiq edilir ki, cavabdehlər bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı 1070.98 manat məbləğində əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilərək əsas və zamin olan cavabdehlərdən 1070.98 manat krеdit bоrcu iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı cavabdehlərdən 120.37 manat faiz bоrcunun və 34.75 manat cərimə borcunun tutulmasını tələb etsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli tərəflərə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı tərəf öhdəliyin pozulduğu üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bildirmiş və tərəflərin kredit müqaviləsi üzrə banka olan borcunun faiz borcu üzrə 103.38 manat, cərimə üzrə 27.89 manat təşkil etdiyini qeyd etmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Buna uyğun olaraq məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə o nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddiaçı 1070.98 manat məbləğində əsas, 103.38 manat faiz borcu və 27.89 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə olaraq cavabdehlər iddia tələbi ilə bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı başqa bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş olan 32.27 manat dövlət rüsumunun 31.64 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 0.63 manat hissəsi iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1070.98 manat əsas bоrc, 103.38 manat faiz bоrcu, 27.89 manat cərimə borcu olmaqla, cəmi 1202.25 manat pul vəsaiti və 31.64 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar