Məhkəmə qərarları › İş №e-2-2(117)-612/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-612/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-612/2024 04.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc 6118,57 (ƏDV daxil) manat, cərimə sanksiyası olaraq 611,86 manat pulun və ödənilmiş 87,30 manat dövlət rüsumunun cavabdeh Zaqatala rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi üzrə nümayəndəliyindən tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 565 nömrəli müqaviləyə əsasən icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən sifarişçi ay ərzində alınmış ərzaq məhsullarının dəyərini növbəti ayın 10-dək icraçıya ödənilməsini təmin edir. 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 46445 manat təşkil edir. 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məshullarının qəbulunu gecikdirdikdə icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 %-i məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. 9.3-cü bəndinə əsasən cərimə məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 %-dən çox olmamalıdır. 11.3-cü bəndinə əsasən u müqavilə xx.xx.2021-ci il tarixdən qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, cavabdehə verilməli olan 80 adda məhsulun ümumi dəyəri müqavilə ilə şərtləşdirildiyi kimi 46445,22 manat təşkil etmişdir. Malların təhvil-qəbul aktları və elektron qaimələrdən görünür ki, 18572,74 manat mal cavabdehə təhvil verilmişdir. Qeyd olunan sənədlər cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında qarşılıqlı üzləşmə aktları tərtib edilmiş və sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktına əsasən son qalıq borc 6118,57 manat təşkil etmişdir. Qeyd edilən aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələr aparmadığından iddiaçının hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 faizi məbləğində cərimə sanksiyaları tətbiq etmək hüququ yaranmışdır. Ərzaq məhsullarının satın alınması barədə 2020-ci il 28 sentyabr tarixli SA- 565 saylı müqavilə 2021-ci ilin 31 dekabr tarixinədək qüvvədə olmuşdur. 2 il 3 ay ərzində cavabdeh tərəfindən öhdəlik icra olunmadığından, həmin müqavilənin 9.2 və 9.3-cü bəndinə əsasən cavabdehə 611,86 dəyərində cərimə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi və sənədləri cavabdehə ünvanı üzrə (bələdiyyə sədrinə) çatdırılmışdır. Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qiymət cədvəli, üzləşmə aktları, elektron qaimələr, malların təhvil-qəbul aktları, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 565 nömrəli müqaviləyə əsasən icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli Əlavədən göründüyü kimi cavabdehə verilməli olan 80 adda məhsulun ümumi dəyəri müqavilə ilə şərtləşdirildiyi kimi 46445,22 manat təşkil etmişdir. Malların təhvil-qəbul aktları və elektron qaimələrdən göründüyü kimi 18572,74 manat mal cavabdehə təhvil verilmiş və həmin sənədlər cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini qismən ödəmiş və nəticədə ödənilməmiş 6118,57 manat borcu qalmışdır. Belə ki, tərəflər arasında qalıq borcun dəqiqləşdirilməsi məqsədilə qarşılıqlı üzləşmə aktları tərtib edilmiş və sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktına əsasən son qalıq borc 6118,57 manat təşkil etmişdir. Qeyd edilən aktlar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən və cavabdehin 6118,57 manat borcunun olması sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktı ilə təsdiqini tapdığından məhkəmə hesab edir ki, 6118,57 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə 611,86 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən 305 manat cərimə tutulmalıdır. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun 5%-i həddində, yəni 305 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 87,30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, məhkəmə sadəcə cərimə məbləğinə münasibətdə ona verilən hüquqlardan istifadə edərək cərimə məbləğini azaltmışdır. Bu səbəbdən ödənilməli 87,30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 87,30 manat dövlət rüsumu ödənilmiş və iddiaçı tərəfindən tələb edildiyindən 87,30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 6118,57 manat əsas, 305 manat cərimə borcu və 87,30 manat manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar