Məhkəmə qərarları › İş №e-2-2(117)-613/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-613/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-613/2024 12.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı Aqrar Tədarük və X1 Cəmiyyətınin nümayəndəsi Nümayəndə1, cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “əsas borc 12237,47 manat, cərimə sanksiyası olaraq 1223,75 (ƏDV daxil) manat pulun və 130,38 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iş materiallarına məhkəmə binasında açıq məhkəmə iclasında baxılaraq aşağıdakı qətnamə qəbul edildi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixdə SA- 553 nömrəli müqaviləyə əsasən icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən sifarişçi ay ərzində alınmış ərzaq məhsullarının dəyərini növbəti ayın 10-dək icraçıya ödənilməsini təmin edir. 7.1-ci bəndinə əsasən müqavilə üzrə alınacaq ərzaq məhsullarının ümumi məbləği 62945 manat təşkil edir. 9.2-ci bəndinə əsasən sifarişçi üzrlü səbəb olmadan müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada ödəmələri aparmadıqda və ya təqdim olunan ərzaq məshullarının qəbulunu gecikdirdikdə icraçı hər gecikdirilmiş gün üçün müqavilənin dəyərinin 0,1 %-i məbləğində cərimə sanksiyaları tətbiq edə bilər. 9.3-cü bəndinə əsasən cərimə məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 %-dən çox olmamalıdır. 11.3-cü bəndinə əsasən bu müqavilə xx.xx.2021-ci il tarixdən qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, cavabdehə verilməli olan 80 adda məhsulun ümumi dəyəri müqavilə ilə şərtləşdirildiyi kimi 62945,13 manat təşkil etmişdir. Malların təhvil-qəbul aktları və elektron qaimələrdən görünür ki, 35097,17 manat mal cavabdehə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları cavabdeh tərəfindən imzalanmaqla qeyd olunan dəyərdə mal qəbul edildiyini sonuncu etiraf etmişdir. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında qarşılıqlı üzləşmə aktları tərtib edilmiş və sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktına əsasən son qalıq borc 12237,47 manat təşkil etmişdir. Qeyd edilən aktlar hər iki tərəfin imzası və möhürləri ilə təsdiq edilmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, 2020-ci il 28 sentyabr tarixli SA-553 saylı müqavilə üzrə 35 097,14 (ƏDV daxil) dəyərində ərzaq məhsulları Zaqatala rayon İH-nin Dağlı kənd İƏD üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin, Zaqatala rayon İH-nin Dağlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, 12 237,47 (ƏDV daxil) manat dəyərində ərzaq məhsullarının dəyəri Cəmiyyətə ödənilməmişdir. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilə üzrə ümumilikdə 12237 manat (ƏDV daxil) təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında uşaq baxçalarına ərzaq məhsullarının satışı ilə bağlı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin icrası olaraq ərzaq məhsulları onalrın tərəfindən cavabdeh tərəfə təhvil verilsə də, cavabdeh öhdəliyi yerinə yetirməmiş və onun ödənilməmiş 12237,47 manat borcu qalmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 12237,47 manat borcları vardır. Pul onların hesabına oturmadığı üçün onu vaxtında ödəyə bilməmişlər. Büdcədə o məqsədlər üçün ayrılmış pul dövlət büdcəsinə geri qaytarılmışdır. Ona görə də borcu yaranmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qiymət cədvəli, üzləşmə aktları, elektron qaimələr, malların təhvil-qəbul aktları, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixdə SA-553 nömrəli müqaviləyə əsasən icraçı müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə sifarişçinin təklifini qəbul edib cədvəldə göstərilən ərzaq məhsulları ilə sifarişçini təmin etməyi öz öhdəsinə götürmüş, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarını icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Malların təhvil-qəbul aktları və elektron qaimələrdən göründüyü kimi 35097,17 manat mal cavabdehə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları cavabdeh tərəfindən imzalanmaqla qeyd olunan dəyərdə malları qəbul edildiyini sonuncu etiraf etmişdir. Qalıq borcun dəqiqləşdirilməsi məqsədilə tərəflər arasında qarşılıqlı üzləşmə aktları tərtib edilmiş və sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktına əsasən son qalıq borc 12237,47 manat təşkil etmişdir. Qeyd edilən aktlar hər iki tərəfin imzası və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini qismən ödəmiş və nəticədə ödənilməmiş 12237,47 manat borcu qalmışdır. Belə ki, tərəflər arasında qalıq borcun dəqiqləşdirilməsi məqsədilə qarşılıqlı üzləşmə aktı tərtib edilmiş və son qalıq borc 12237,47 manat təşkil etmişdir. Qeyd edilən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 12237,47 manat borcun yaranmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini lazımınca yerinə yetirmədiyindən və cavabdehin 12237,47 manat borcunun olması sonuncu xx.xx.2022-ci il tarixə olan üzləşmə aktı ilə təsdiqini tapdığından, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında borcun mövcudluğunu etiraf etdiyindən məhkəmə hesab edir ki, 12237,47 manat əsas borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə 1223,75 manat cərimə borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən 600 manat cərimə tutulmalıdır. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borcun 5%-i həddində, yəni 600 manat cərimə tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 130.38 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, məhkəmə sadəcə cərimə məbləğinə münasibətdə ona verilən hüquqlardan istifadə edərək cərimə məbləğini azaltmışdır. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 130.38 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Zaqatala Rayonu İcra Hakimiyyəti Dağlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 12237,47 manat əsas, 600 manat cərimə borcu və 130.38 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar