Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-62/2025 04.03.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddai ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni qazdan istifadəyə hesablanmış 36833.40 manat məbləğində əsas borcun, 200.50 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 37033.90 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Zaqatala X2 İdarəsinin Ağdaş sahəsinin xidməti ərazisində qaz təsərrüfatında "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələblərinin cidd şəkildə pozulması faktı aşkar edilmişdir. Belə ki, Zaqatala RQİİ-nin Ağdaş xidməti sahəsində Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixanada təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfin nümayəndələri tərəfindən əraziyə baxış keçirilən zaman Ağdaş QPS-dən qidalanan diametri 219 mm olan orta təzyiqli daşıyıcı yeraltı qaz xəttindən qeyri-qanuni diametri 57 mm olan qaz xətti çəkilərək istixanada təbii qazdan istifadə edildiyi müəyyən edilmişdir. Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Bu yolla İstixana sahibi Cavabdeh1 və Cavabdeh2 tərəfindən təbii qazdan qeyri qanuni istifadə edilməsinə nail olmuşlar. Belə ki, həmin istixanaya baxış keçirilən zamanı qeyri-qanuni çəkilmiş d-57 mm-lik qaz xətindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyri-standart sobada təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Aşkar edilmiş "Qazdan istifadə Qaydaları"nın tələblərinin cidd şəkildə pozulması faktı əsasında aparılmış ilkin hesabat üzrə itirilmiş qazın miqdarı 67200 kub metr həcmində müəyyən edilərək 14784.00 manat məbləğdə Birliyə maddi ziyanın dəydiyi müəyyən edilmişdir. Daha sonra Aşkar edilmiş faktla bağlı toplanmış materiallarla tədbirin görülməsi üçün Ağdaş rayon prokurorluğuna müraciət edilmişdir. Müraciət əsasında açılmış ********* saylı cinayət iş üzrə aparılan araşdırmada cavabdehlərin istixanda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada qeyri qanuni qazdan istifadə edildiyi müəyyənləşdirilmişdir. Araşdırmaya təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il tarixli 10/3081 nömrəli ekspert rəyinə əsasən Diametri 219 mm olan orta təziqli (200 mbar) yeraltı qaz xəttindən çəkilmiş diametri 57 mm olan dəmir boruya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət (150 gün) ərzində qoşulmuş 23 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m³ olan) dəmir sobada 115920 m³ ve xx.xx.2021-ci il tarixdən 21.01.22-ci il tarixə qədər olan müddət (80 gün) ərzində isə 40 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m³ olan) dəmir sobada 107520 m³ həcmində cəmi 223440 m³ təbii qaz istifadə olunmuşdur. Həmin Ekspertiza rəyi əsasında sözügedən istixanada xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada istifadə edilmiş 115920 m³ həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 23184 manat (115920 m³ x 0.20 m = 23184 m), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada istifadə edilmiş 107520 m³ həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 23654.40 manat (107520 m³ x 0.22 m = 23654.40 m), ümumilikdə isə dəymiş ziyanın həcmi 46838.40 manat (23184 m + 23654.40 m = 46848.40 m) müəyyən edilmişdir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 189-1.1 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi faktı öz təsdiqini tapdığından Ağdaş rayon prokurorluğu ********* saylı cinayət iş üzrə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ittiham aktını baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərmişdir. Ağdaş Rayon Məhkəməsinin icraatında olmuş 1(014)-2/2023 saylı cinayət işi üzrə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 189-1.1 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsi öz təsdiqini tapdığından barələrində Ağdaş Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli 1(014)-2/2023 saylı hökmü çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-38/2024 saylı qərarı ilə Zərərçəkmiş hüquqi şəxs İddiaçı İB tərəfindən və təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bildiririk ki, cinayət icaatı zamanı Cavabdeh1 və Cavabdeh2 tərəfindən maddi zərərin 10005 manat hissəsi əvvəlcədən ödənilmişdir (xx.xx.2022). Lakin bununla belə uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 maddi zərərin 36833.40 manat hissəsini tələbkarın hesabına ödəməmişdir. Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2borcun könüllü ödənilməsi üçü onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsədə, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni qazdan istifadəyə görə hesablanmış 24088,32 manat məbləğində əsas borcun və ödənilmiş 200.50 manat ödənilmiş rüsumunun tutulmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni qazdan istifadəyə görə hesablanmış 24088,32 manat məbləğində əsas borcun və ödənilmiş 200.50 manat ödənilmiş rüsumunun tutulmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, Ağdaş zonasında noyabr, dekabr aylarında yox, fevral, mart aylarında xiyar əkilir. Qaz İdarəsinin işçiləri parnikə baxış keçirən zaman parniki ot basmışdı. Ot olan yerdə məhsuldarlıq olmur. Noyabr ayında xiyar parnikdə 17-18 sm idisə, fevral ayında 1.80 metrə yaxın olmalı idi. Qaz İdarəsinin işçiləri sobaları görüblər, amma həmin sobaların yanaraq qaz işlətdiyini necə sübut edə bilərlər. Parnikin hər tərəfi açıqdır. Qaz olmasa da parnikdə 25 dərəcə istilik olur. İddiaçının əvvəlki tələbi üzrə 36833.40 manat məbləğində əsas borcun çox olduğunu bildirmiş və iddia tələbi azaldıldıqdan sonra iddiaçıya 24088,32 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Cavabdeh1 izahatına əlavəsinin olmadığını bildirmiş və iddia tələbi azaldıldıqdan sonra iddiaçıya 24088,32 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 42-ci maddəsinə əsasən Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 10/3081 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, diametri 219 mm olan orta təzyiqli (200 mbar) yeraltı qaz xəttindən çəkilmiş diametri 57 mm olan dəmir boruyla xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət (150 gün) ərzində qoşulmuş 23 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m3 olan) dəmir sobada 115920 m3 və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət (80 gün) ərzində isə 40 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m3 olan) dəmir sobada 107520 m3 həcmində cəmi 223440 m3 təbii qaz istifadə olunmuşdur.
9. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, xx.xx.2023-cüil tarixli hökmündən müəyyən edilir ki, Cavabdeh1 bdullayev Əfqan Nizami oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189- 1.1 və 222-2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1- ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Cavabdeh1 üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 3 (üç) il 6 (altı) ay müddətinə islah işləri cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, 5 (beş) ay 16 (on altı) gün kimi nəzərə alınmaqla islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 22 (iyirmi iki) ay 4 (dörd) gün müddət Cavabdeh1 cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılmış, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.1 və 222- 2.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189- 1.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1- ci maddəsi ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Cavabdeh2 üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 3 (üç) il 6 (altı) ay müddətinə islah işləri cəzası cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, 5 (beş) ay 16 (on altı) gün kimi nəzərə alınmaqla islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 22 (iyirmi iki) ay 4 (dörd) gün müddət Cavabdeh2 cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün islah işləri cəzası saxlanılmışdır.
10. Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, xx.xx.2023-cüil tarixli hökmdə qeyd edilmişdir ki, təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri qismən etirafedici ifadələri, habelə zərərçəkmiş şəxlərin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Həmçinin, ittihamın əsasını təşkil edən, İddiaçı ASC-yə dəymiş maddi ziyanın məbləğinə dair hissəyə məhkəmə hüquqi qiymət verərək qeyd etmişdir ki, sonuncu dəfə ekspertiza təyin edildikdən sonra tərəflərin iştirakı və ittihamın verildiyi şərtlər nəzərə alınmaqla qazın mümkün sərfiyyatı ilə bağlı keçirilmiş məhkəmə eksperimentində müəyyən edilmişdir ki, ümumilikdə itirilmiş təbii qazın həcmi 114912 m3 itirilmiş təbii qazın dəyəri 24088,32 manat təşkil edir. Məhkəmə bu eksperimentin nəticələrini əsaslı, ittihamı isə qalan hissədə əsassız hesab edir. Ona görə də təqsirləndirilən şəxslər tərəfindən təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla bu resursun talanmış məbləği 24088,32 manat kimi nəzərə alınmalıdır.
11. Sözügedən hökmdə sübut kimi qiymətləndirilən İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən Ekspertiza rəyində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada istifadə edilə biləcəyi 59616 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2016-cı il tarixli 18 №-lı qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 11923.20 manat (59616 m3 x 0,20 m = 11923,20 m), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada istifadə edilə biləcəyi 55296 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 13 №-li qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 12165,12 manat (55296 m3 x 0.22 m = 12165.12 m), ümumilikdə isə 114912 m3 həcmində (59616 m3 + 55296 m3 = 114912 m3) itirilmiş təbii qazın dəyəri 24088,32 manat (11923.20 m + 12165,12 m = 24088,32 m) təşkil edir.
V . Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
14. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun; 3.5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3.5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6-4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. 13.6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə. 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”; 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 4.2. məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
VI. Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.
17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında hazırki mübahisə cinayət əməli ilə vurulmuş maddi ziyanın tələb edilməsindən irəli gəlir.
18. Belə ki, iş materiallarında olan sübutların məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixanada təbii qazdan diametri 219 mm olan orta təzyiqli daşıyıcı yeraltı qaz xəttindən qeyri-qanuni diametri 57 mm olan qaz xətti çəkməklə qeyri-qanuni istifadə edilmişdir. Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Nəticədə istixana sahibi Cavabdeh1 və Cavabdeh2 təbii qazdan qeyri qanuni istifadə edərək İddiaçı İB-nə maddi zərər vurmuşlar.
19. İddiaçının hazırki tələbinin hüquqi əsası kimi cavabdehlər tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunması faktı Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan ərazidə təbii qazdan qeyri-qanuni istifadə etmələri faktı istintaq orqanı tərəfindən sübuta yetirilmiş və bu hal qeyd olunan hökmdə öz əksini tapmışdır. Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü isə qanuni qüvvəsini almışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
20. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
21. Cavabdehlərin təbii qazdan qeyri-qanuni istifadələri nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi zamanı məhkəmə qeyd edir ki, İddiaçı İB-nə dəymiş ziyan Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündə 24088,32 manat məbləğində müəyyən edilmişdir. Bu hal iddiaçı tərəfindən mübahisələndirilmir və məhkəməyə ünvanlanan iddia həcminin azaldılması barədə ərizədə də cavabdehlərdən 24088,32 manat məbləğində pul tələb edilir. Həmçinin cavabdehlər sonuncu məhkəmə iclasında iddiaçıya 24088,32 manat məbləğində borcları olduğunu etiraf etmişlər. Məhkəmə belə qənaətə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, 30.052023-cü il tarixli hökmündə sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3081 nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza rəyi əsasında cavabdehlərdən tələb olunan borc əsaslıdır. 22 Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 24088,32 manat məbləğində borc pul tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməlidir.
23. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbinə uyğun olaraq ödənilmiş 200,50 manat dövlət rüsumunun 162,26 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
24. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.
Vİİ. Nəticə:
25. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 24088,32 manat məbləğində borc və ödənilmiş 162,26 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənimiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova