Məhkəmə qərarları › İş №e-2-2(117)-623/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-623/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-623/2024 16.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rəfail qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 7000 manat əsas, 15085 manat cərimə, 156.26 manat dövlət rüsumu olmaqla cəmi 22250.26 manat borcun və vəkil xidmətlərinin göstərilməsi üçün 320 manat pulun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı subicarə müqaviləsi bağlanmışdır. Cavabdeh ödəməli olduğu 12000 manat icarə haqqından cəmi 5000 manat ödəniş etmiş və onun ödənilməmiş 7000 manat əsas borcu yaranmışdır. İddiaçı əsas və cərimə borcunun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixində Gilan MMC ilə İddiaçı MMC arasında İM-51/22/REM saylı icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəçi obyektləri və onun hər hansı hissəsini üçüncü şəxslərə icarə, sub-icarə və ya idarəetməyə vermək və ya obyektləri birgə istifadə etmək hüququna malikdir. Müqavilənin 2.4-cü bəndinə əsasən obyektləri bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya subicarəçilərə icarəyə, kirayəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsini orada yerləşən əşya və avadanlıqlar ilə birlikdə icarəçiyə təhvil vermişdir. Bundan sonra İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli İM- 52/22/REM saylı subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsini icarəçiyə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırkı müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 3.4.27-ci bəndinə əsasən icarəyə verənin yazılı razılığı olmadan aparılan təmir-tikinti işlərinə görə icarəçi icarəyə verənin ilk tələbi ilə 20000 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında icarəçiyə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə müqavilələrə xitam verməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil 4000 manat olmaqla, 3 aylıq icarə müddəti ərzində ƏDV daxil 12000 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2022-ci il tarixindən etibarən hesablanacaqdır. Müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində 3 aylıq icarə haqqı 12000 manat avans şəklində icarəyə verənə öncədən ödənilməlidir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2022-ci il tarixindən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədə qalır. İş materialları kimi təqdim olunmuş xx.xx.2022-ci il tarixli İM-52/22/REM saylı subicarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, icarə obyekti xx.xx.2022-ci ildə subicarəçiyə təhvil verilmiş və hər iki tərəf bu sənədi öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli iki ədəd 4000 manat məbləğində elektron qaimə məhkəməyə təqdim edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixində cavabdehin nümayəndəsi və vəkili tərfindən etiraz məhkəməyə təqdim olunmuşdur. Cavabdeh tərəf etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf bağlanmış müqavilənin hansı əsasla bağlandığına dair sənədləri məhkəməyə təqdim etməmiş, əmlakın sahibi və ya mülkiyyətçisi olması ilə bağlı məlumatlar əlavə edilməmiş, əlavə olaraq müqavilə notarial qaydada bağlanmamışdır. Bu halda müqavilə əhəmiyyətsizdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Təqdim edilmiş təhvil-təslim aktından görünür ki, qeyd edilən icarə obyektinə aid olan X4 X2 aid 20 adda mallar-daşınar əşyalar (avdanlıqlar) qaytarılmaq şərti ilə xx.xx.2022-ci il tarixində cavabdehə verilmiş, Cavabdeh həmin aktı öz imzası ilə təsdiq etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixində Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən 14 kv.m qeyriyaşayış sahəsi və 600 kv.m torpaq sahəsi subicarə müqaviləsi əsasında cavabdehə verilmişdir. Müqavilə üzrə icarə haqqının məbləği 3 ay üçün 12000 manat müəyyən edilsə də cavabdeh bu məbləğdən yalnız 5000 manat ödəniş etmiş və onun ödənilməmiş 7000 manat borcu qalmışdır. Borcun gecikdirilməsi səbəbində şirkətə ziyan vurulmuşdur. Həmin məbləğin və hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, subicarə müqaviləsi, müqaviləyə əlavələr, təhvil-təslim aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin : 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.

705. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə iddia tələbinin 7000 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli İM-52/22/REM saylı subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən 14 kv.m qeyriyaşayış sahəsi və 600 kv.m torpaq sahəsini icarəçiyə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırki müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 3.4.27-ci bəndinə əsasən icarəyə verənin yazılı razılığı olmadan aparılan təmir-tikinti işlərinə görə icarəçi icarəyə verənin ilk tələbi ilə 20000 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhviltəslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi hazırki müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında icarəçiyə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə müqavilələrə xitam verməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil 4000 manat olmaqla, 3 aylıq icarə müddəti ərzində ƏDV daxil 12000 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2022-ci il tarixindən etibarən hesablanacaqdır. Müqavilə imzalandıqdan sonra 5 iş günü ərzində 3 aylıq icarə haqqı 12000 manat avans şəklində icarəyə verənə öncədən ödənilməlidir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2022-ci il tarixindən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədə qalır. Təqdim olunmuş xx.xx.2022-ci il tarixli İM-52/22/REM saylı subicarə müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, icarə obyekti xx.xx.2022-ci ildə subicarəçiyə təhvil verilmiş və hər iki tərəf bu sənədi öz imzası ilə təsdiq etmişdir. Düzdür, həmin təhvil-təslim aktında verilmiş obyektin adı və ünvanı qeyd olunmasa da, məhkəmə tərəflər arasında başqa münasibətlərin olmamasını və təhvil-təslim aktının tarixinin müqavilə tarixi ilə eyniliyini nəzərə alaraq, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən 14 kv.m qeyri-yaşayış sahəsi və 600 kv.m torpaq sahəsinin cavabdehə akt əsasənda təhvil verilməsini qəbul edir. Eyni zamanda, cavabdeh tərəf əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, həmin obyekti yalnız 2 aya yaxın müdddət ərzində işlətmişdir. Buradan da göründüyü kimi, cavabdeh tərəf həmin obyektin təhvil götürülməsini etiaf etmişdir. Həmçinin cavabdeh obyektin 2 aya yaxın müddət ərzində istifadə olunduğunu bildirsə də, müqavilənin 4.2-ci bəndinə əsasən icarəçi hazırkı müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 15 təqvim günü ərzində icarə obyektini təhvil-təslim aktı əsasında icarəçiyə qaytarmalıdır. Bu müddət ərzində icarəçi icarə obyektində tam həcmdə fəaliyyəti davam etməklə icarə haqqını icarəyə verənə tam şəkildə ödəməlidir. Təhvil-təslim prosesi bitənədək icarəçi subicarəçilərlə müqavilələrə xitam verməlidir. Həmçinin təqdim edilmiş təhvil-təslim aktından görünür ki, qeyd edilən icarə obyektinə aid olan X4 X2 aid 20 adda mallar-daşınar əşyalar (avdanlıqlar) qaytarılmaq şərti ilə xx.xx.2022-ci il tarixində cavabdehə verilmiş, Cavabdeh həmin aktı öz imzası ilə təsdiq etmişdir.Bu hal bir daha onu təsdiq edir ki, qeyd edilən obyekt cavabdehə təhvil verilsə də, həmin obyektin icarəyə verənə qaytarılmasına dair təhvil-təslim sənədi olmasa da belə qəbul olunur ki, cavabdeh qeyd edilən icarə obyektindən ən azı 3 ay istifadə etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunmuş obyekt cavabdeh tərəfindən müqavilənin şərtlərinə əsasən 3 ay istifadə olunmuş və avans şəklində ödəməli olduğu 12000 manat icarə haqqı məbləğindən ümumilikdə 5000 manat ödəmişdir. Bu səbəbdən də icarə haqqı məbləğinin qalığı olan 7000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin 15085 manat cərimə borcunun tutulması hissəsinə münbasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış subicarə müqaviləsinin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən gecikdirilmiş icarə haqqı olan 7000 manat borcun 5%-lik hissəsi olan 350 manat cərimə borcunun cavabdehdən tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən 7000 manat əsas, 350 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 320 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən halla bağlı iddiaçı tərəf kifayət qədər sübut təqdim etmədiyindən və vəkilin işdə iştirakı nəzərə alınmaqla hüquqi yardımla bağlı ödənilmiş 200 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Ödənilmiş dövlət rüsumu 156.26 manat olmuş, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 157 manat dövlət rüsumunun 104.75 manatı iddiaçıya aid edilməli, 52.25 manatı cavabdehdən iddiaçınn xeyrinə tutulmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 manat icarə haqqı borcu, 350 manat cərimə, 52,25 manat dövlət rüsumu və 200 manat vəkil xidmətlərinə görə haqq “X3” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar