Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-624/2025 10.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** nömrəli krеdit razılaşması üzrə 18624.49 manat krеdit bоrcu, 2405.92 manat faiz bоrcu və 527.19 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21557.60 manat məbləğində borcun; məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 154.70 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 79.5 m2 ümumi sahədən ibarət 12C saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 21557.60 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 154.70 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 002L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 500 000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Həmin müqavilənin: 1.4. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.6. Kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 002M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində xüsusi mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət 12C nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş üçüncü şəxs X1 (xx.xx.2021-ci il tarixli) notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, qeyd edilən fərdi yaşayış evinin və 0.015 ha torpaq sahəsinin ipoteka (girov) qoyulmasına etiraz etmir. xx.xx.2022-ci il tarixli 002S**********01 nömrəli (zamin Cavabdeh2) zaminlik müqaviləsinin tələbinə görə zamin, borclunun xx.xx.2021-ci il tarixdə bağlanmış 002L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. 002L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 30 000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin: 2.3-cü bəndinə əsasən, faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi heablanır. 4.1.3-cü bəndinə əsasən, bank, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında 002R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanılmış və kreditin qalığının, hesablanmış faizlərin, habelə cərimə borcunun xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq ödənilməsi müəyyənləşdirilmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********46-10301 reyestr nömrəli çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 tam (xüsusi) mülkiyyətindədir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi qeyd edilən daşınmaz əmlak İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı borcun ödənilməsi barədə cavabdehə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 krеdit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. O götürdüyü krеdit bоrcundan 11375.51 manat ödəmiş, onun 18624.49 manat məbləğində kredit borcu qalmış, eyni zamanda kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 140 gün üçün hesablanmış faiz borcu 2405.92 manat, cərimə borcu isə 527.19 manat təşkil edir. Cavabdehlər kredit razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı məhkəməyə müraciət edərək tələbinin təmin edilməsini xahiş etmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin 05 sentyabr 2025-ci il tarixə bazar dəyəri 40 000 manat, likvid dəyəri isə 36 000 manat təşkil edir. xx.xx.2025-ci il tarixli (297 manat), xx.xx.2025-ci il tarixli (500 manat), xx.xx.2025-ci il tarixli (430 manat) ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçının hesabına ödənişlər edilmişdir. 31 iyul 2025-ci il tarixli TT25212DH7M6 əməliyyat nömrəli mədaxil qəbzindən göründüyü kimi 5500 manat məbləğində vəsait Cavabdeh1 tərəfindən İddiaçı QSC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə kredit razılaşması üzrə əsas borcu 11897.49 manat, faiz borcu 3984.31 manat, cərimə borcu 1167.31 manat olmaqla, borcu cəmi 17049.11 manat təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: uzunmüddətli kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit razılaşması, ipoteka müqaviləsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, maliyyə arayışı, qəbzlər, hesabdan çıxarış, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 002R********** nömrəli kredit razılaşması üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun həmin müqavilə üzrə 11897.49 manat krеdit bоrcu, 2405.92 manat faiz bоrcu qalmışdır. Belə ki, iddiaçı tərəf cavabdehlərdən müştərək qaydada 18624.49 manat krеdit bоrcu, 2405.92 manat faiz bоrcu və 527.19 manat cərimə borcunun tutulmasını tələb etmiş, bundan sonra Cavabdeh1 sonradan borcundan ödənişlər etdiyini bildirmiş və xx.xx.2025-ci il tarixli (297 manat), xx.xx.2025-ci il tarixli (500 manat), xx.xx.2025-ci il tarixli (430 manat) ödəniş qəbzləri, xx.xx.2025-ci il tarixli (5500 manat) mədaxil qəbzi təqdim etmiş, bundan sonra iddiaçı tərəf xx.xx.2025-ci il tarixli maliyyə arayışı təqdim edərək cavabdehin həmin tarixə 11897.49 manat əsas borcu, 3984.31 manat faiz borcu, 1167.31 manat cərimə borcu olduğunu qeyd etmişdir. Təqdim edilmiş maliyyə arayışından göründüyü kimi iddiaçı cavabdeh tərəfindən edilmiş ödənişləri əsas borcdan çıxaraq cavabdehin hazırda 11897.49 manat (18624.49 manat – 6727 manat) əsas borcunun olduğunu bildirmişdir. Həmin arayışda qeyd edilən faiz və cərimə borcu isə iddia tələbinə münasibətdə artırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı edilmiş ödənişləri əsas borcdan çıxdığından, cavabdehlərdən 11897.49 manat əsas borcun, o cümlədən faiz və cərimə borcunu isə iddia tələbinə uyğun olaraq tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan göründüyü kimi iddiaçı müqaviləni birtərəfli qaydada ləğv etmiş və bundan sonra cavabdehin banka 2405.92 manat faiz bоrcu və 527.19 manat məbləğində cərimə borcunun qaldığı bildirilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddiaçı cavabdehlərə göndərilmiş pretenziya məktubu ilə müqaviləni birtərəfli qaydada ləğv etdiyindən cavabdehlərdən pretenziya məktubunda qeyd edilən həddə əsas, faiz və cərimə borcu tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçı əsas borcludan və zaminlik müqaviləsi qüvvədə olduğundan zamindən müştərək qaydada 11897.49 manat krеdit bоrcu, 2405.92 manat faiz borcu və 527.19 manat cərimə borcu tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 79.2 m2 ümumi sahədən ibarət 12C saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 21557.60 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 154.70 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tələbinin bu hissəsində haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə xx.xx.2021-ci il tarixli 002L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh kredit razılaşması üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin bu hissədə və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 36 000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehlərdən müştərək tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli CVN/S 13-304/25 nömrəli məktubdan görünür ki, Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi üzrə xidmət haqqı tarif cədvəlinə müvafiq olaraq 250 manat təşkil edir. Qeyd edilən məbləğ Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 154.70 manat olmalıdır. İddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 106.41 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, digər hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 002R********** nömrəli krеdit müqaviləsi üzrə 11897.49 manat əsas bоrc, 2405.92 manat faiz bоrcu və 527.19 manat cərimə borcu olmaqla, cəmi 14830.6 manat pul və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 106.41 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Borcun tutulması Cavabdeh1 tam (xüsusi) mülkiyyətində olan ünvan 1 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79.5 2 m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 36 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 250 manat pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına(BankVöeni:**********,m/h:AZ03NABZ********************,H/h:AZ47İBAZ************ ********, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov