Məhkəmə qərarları › İş №e-2-2(117)-626/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-626/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-626/2025 12.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “700.36 manat məbləğində kredit borcu və 269.04 manat məbləğində penya olmaqla, ümumilikdə 969.40 manat məbləğində bоrcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “700.36 manat məbləğində kredit borcu və 269.04 manat məbləğində penya olmaqla, ümumilikdə 969.40 manat məbləğində bоrcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən Kreditverən 6 000 manat olan krediti illik faiz dərəcəsi 16% olmaqla xx.xx.2024-cü il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 19.5 % nəzərdə tutulmuşdur. 6-cı bəndinə əsasən, borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cəriməni ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 31FİZAM160827302 nömrəli (zamin Cavabdeh1), 31FİZAM173646001 nömrəli (zamin Cavabdeh2) və 31FİZAM173646601 nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin: 1.1-ci bəndinə əsasən, bu müqavilə borclunun kredit razılaşmasından irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 2.1-ci bəndinə əsasən zamin faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımasını bəyan etmişdir. 3.1-ci bəndinə əsasən bu müqavilə zaminliyin icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 həmin tarixə 700.36 manat əsas, 0 manat faiz və əsas borc üzrə hesablanmış 269.04 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2025-ci il tarixdə cavabdehlərə ünvanları üzrə poçt vasitəsilə çatdırılmış, lakin cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit razılaşması, zaminlik müqavilələri, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il il tarixli kredit razılaşmasına əsasən Kreditverən 6 000 manat olan krediti illik faiz dərəcəsi 16% olmaqla xx.xx.2024-cü il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəf öhdəliklərini yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Məhkəmə kredit razılaşmasına əsasən, 700.36 manat məbləğində əsas borcun tutulmasına münasibətdə hesab edir ki, iddiaçı həmin məbləği tələb etməkdə haqlıdır. Belə ki, cavabdehlər əsas borca münasibətdə etirazlarını bildirməmiş və bu səbəbdən məhkəmədə bu məbləğlə bağlı əlavə araşdırma aparmamış, iddiaçının tələbində qeyd edilən məbləğin mövcud olmaması iş materialları ilə əlaqəli formada hər hansı bir şübhə yaratmamışdır. Məhkəmə iddia tələbinin “269.04 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 6-cı bəndinə əsasən, borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 35 manat həddində (əsas borcun 5%-i) təmin edilməsini ədalətli və qanuni hesab edir. Bundan başqa məhkəmə borcun zamin qismində işə cəlb olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx.xx.2023-cü il tarixli 31FİZAM160827302 nömrəli (zamin Cavabdeh1), 31FİZAM173646001 nömrəli (zamin Cavabdeh2) və 31FİZAM173646601 nömrəli (zamin Cavabdeh4) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh3 arasında bağlanmış kredit razılaşmasından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Həmin müqavilələrinin 3.1-ci bəndində zaminlik müqaviləsinin kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Qeyd edilən bənddə zaminlik müqaviləsinin müddəti qeyri-müəyyən olduğundan kredit müqaviləsinin müddətinin bitdiyi vaxtdan bir il müddətinə xx.xx.2025-ci il tarixədək qüvvədədir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 700.36 manat əsas borc, 35 manat cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və cavabdehlərdən tələb edilmişdir. İddia qismən təmin edildiyindən 22.76 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, 7.24 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 700.36 manat məbləğində krеdit bоrcu, 35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 735,36 manat məbləğində bоrc və 22.76 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar