Məhkəmə qərarları › İş №e-2-2(117)-639/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-639/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-639/2025 08.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Səmədov Rüfət Rasim oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9508.19 manat əsas borc, 1246.4 manat faiz borcu, 718.8 manat cərimə borcu, cəmi 11473.39 manat məbləğində borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1n və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9508.19 manat əsas borc, 1246.4 manat faiz borcu, 718.8 manat cərimə borcu, cəmi 11473.39 manat məbləğində borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli MK/85166/A1/10 nömrəli kredit sazişinə əsasən bank tərəfindən cavabdehə biznesin inkişafı məqsədi ilə 24 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla 11 000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə cərimə tətbiq edildikdə xidmət şərtlərinin xüsusi hissəsinin 1.4-cü bəndinə uyğun olaraq 1% müəyyən edilmişdir. Müqavilə üzrə müştərinin öhdəliyi zaminliklə (zamin Cavabdeh2) təmin olunur. Tərəflər bu sazişi imzalamaqla təsdiq edirlər ki, bütövlükdə müqavilə, xüsusən də şərtlərlə tanışdırlar və onların şərtləri ilə razıdırlar. İş materialları kimi məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixindən etibarən hər ay 576.11 manat, sonuncu ay olan xx.xx.2026-cı il tarixində isə 579.74 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Əlavə olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli köçürmə sənədindən görünür ki, 10999 manat vəsait Cavabdeh1 hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 9508.19 manat əsas, 1246.4 manat faiz və 718.8 manat cərimə borcu mövcuddur. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bankdan krediti Cavabdeh1 götürmüş, o da zamin olmuşdur. Əvvəl də ona zamin durmuş, həmin vaxt Azər 5000 ya 6000 manat ödəmişdi. İkinci krediti birinci krediti bağlamaq üçün götürdüyünü demişdi. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçı və Cavabdeh1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit sazişi, maliyyə arayışı, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit sazişinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla 11 000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə müştərinin öhdəliyi zaminliklə (zamin Cavabdeh2) təmin olunmuşdur. Cavabdeh tərəfindən müəyyən ödənişlər olunmuş lakin öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Bu səbəbdən cavabdehin ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 9508.19 manat əsas, 1246.4 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “718.8 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, müqavilə üzrə cərimə tətbiq edildikdə xidmət şərtlərinin xüsusi hissəsinin 1.4-cü bəndinə uyğun olaraq 1% müəyyən edilmişdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə iddiaçı tərəfin cavabdehlərdən 475.40 manat (əsas borcun 5%-i) həddində cərimə məbləğinin tutulmasını tələb etməsini ədalətli və qanuni hesab edir. Yekun olaraq məhkəmə hesab edir ki, cavaabdehlərdən müştərək qaydada 9508.19 manat əsas, 1246.4 manat faiz və 475.40 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödəmiş olduğu 126 manat dövlət rüsumunu tələb etsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumu 124.42 manat təşkil edir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121.78 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 2.64 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1n və Cavabdeh2 müştərək qaydada 9508.19 manat məbləğində kredit borcu, 1246.4 manat məbləğində faiz borcu, 475.40 manat cərimə borcu olmaqla, cəmi 11 229,99 manat və 121.78 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar