Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-64/2025 25.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 oğlundan müştərək qaydada iddiaçı AccеssBank Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 14576.89 manat məbləğində krеdit bоrcu, 2030.18 manat məbləğində faiz bоrcu və 684.26 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17291,33 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 141.87 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017L**********21 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 5423.11 manat ödəmiş, onun 14576.89 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 254 gün üçün hesablanmış faiz borcu 2030.18 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 254 gün üçün hеsablanmış cərimə 684.26 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.
İİ. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər.
4. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 017L**********21 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla ******* manat məbləğində kredit xətti açılmışdır.
7. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdə 017R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % оlmaqla 20000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bank məbləği 20000 manat olan krediti aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, 36 ay müddətində kredit alana verir, 1.2-ci bəndinə əsasən isə kredit alan bu razılaşmanın əlavə tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən ödəniş cədvəlinə əsasən ona hesablanmış faizləri ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin razılaşmanın 4.1.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02 % məbləğində cərimə ödəməlidir.
8. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017S**********01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 017L**********21 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəlikləri qarşısında məsuliyyəti bank qarşısında öz üzərinə götürmüşdür.
9. İddiaçı QSC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan və xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 017R********** saylı krеdit razılaşması üzrə 14576,89 manat məbləğində krеdit bоrcu, 2030,18 manat məbləğində faiz bоrcu və 684,26 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17291,33 manat məbləğində bоrcu yaranmışdır.
10. İddiaçı QSC tərəfindən verilmiş məxaric orderindən görünür ki Cavabdeh1 **********032852 nömrəli bank hesabına bank tərəfindən xx.xx.2022-ci il tarixdə 20000 manat məbləğində pul köçürülmüşdür.
11. İddiaçı QSC tərəfindən cavabdehlərə xx.xx.2025-ci il tarixli xəbərdarlıqlar göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. Cavabdehin vəsatəti əsasında Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə 9/199 nömrəli, xx.xx.2025-ci il tarixli rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017R********** nömrəli razılaşmada qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 iddiaçıya xx.xx.2025-ci il tarixə 14459,59 manat əsas, 2077,09 manat faiz borcunun olması müəyyən olunmuşdur.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Vl. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
16. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 20000 manat məbləği Cavabdeh1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan borcu isə ödəməmişdir.. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.
17. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə qismən təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
19. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz və cərimə borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə 2030,18 manat məbləğində faiz borcunun yaranması qeyd edilmişdir.
20. Məhkəmə tərəfindən cavabdehin ona göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişinin tarixinədək olan borcunun olmasının dəqiq müəyyən etmək məqsədi ilə, həmçinin sonuncunun vəsatətini nəzərə alaraq təyin edilmiş ekspertiza üzrə 9/199 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində Cavabdeh1 iddiaçıya xx.xx.2025-ci il tarixə 14459,59 manat əsas, 2077,09 manat faiz borcunun olması qeyd edilmişdir. Məhkəmə ekspert rəyinə qiymət verərək qeyd edir ki, cavabdehin iddiaçıya olan faiz borcu ona bildiriş göndərildiyi tarixədək hesablanmalı və eləcə də iddia tələbi ekspert rəyində hesablanmış əsas borc məbləğində təmin edilməli, qalan hissədə rədd edilməlidir.
21. Qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və xx.xx.2022-ci il tarixli 017R********** nömrəli kredit müqaviləsi üzrə 14459,59 manat əsas borc, 2030,18 manat faiz borcu, 684,26 manat cərimə borcu olmaqla, ümumilikdə 17174,03 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Bundan başqa məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 141,52 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 141,87 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
23. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdehin vəsatəti ilə aparılmış tədqiqatın dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.
24. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir. Vİl. Nəticə:
25. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 017R********** saylı krеdit razılaşması üzrə 14459,59 manat məbləğində krеdit bоrcu, 2030,18 manat məbləğində faiz bоrcu və 684,26 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 17174,03 manat məbləğində pul və ödənilmiş 141,52 manat dövlət rüsumu tutularaq İddiaçı QSCnin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova