Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-654/2023 08.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs xxxx MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC) qarşı “icarə müqaviləsi əsasında fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla ümumilikdə 300716 manat borcun, 400 manat mediasiya xərcinin və 191 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə və Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən X1 Zavodunun mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 60186,40 kv.m torpaq sahəsi xx.xx.2024-cü il tarixədək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ASC-nin icarəsinə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli əlavədə göstərilmiş hissəsini (obyektin sahəsi 8333,33 kv.m) müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq icarəçi Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən, obyektin təqribi sahəsi 8333,33 kv.m təşkil edir və onun sərhədləri Əlavədə öz əksini tapmışdır. 2.5-ci bəndinə əsasən müqavilə imzalandıqdan sonra 3 ay ərzində obyekt hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan müvafiq təhvil-təslim aktı vasitəsi ilə icarəyəverən tərəfindən icarəçiyə boş təhvil verilməlidir və icarəçi tərəfindən qəbul edilməlidir. Akta obeyktin təhvilindən öncə çəkilmiş fotoşəkilləri əlavə olunmalıdır. Habelə icarəçi təhvil almağa razı olduqda icarəçiy’ təhvil verilən əşya, cihaz, avadanlıqlar aktda qiymətləndirilərək göstərilməlidir. 3.2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001/20JV nömrəli birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndi nəzərə alınmaqla hazırki müqavilə 10 il müddətində qüvvədədir. Birgə fəaliyyət müqaviləsinə vaxtından əvvəl xitam verilərsə birgə fəaliyyət müqaviləsinə xitam verilən tarixdən hazırki müqavilə öz qüvvəsini itirir. 4.1-ci bəndinə əsasən, icarə haqqı hər kv.m üçün 1 manat olmaqla 8333,33 manat təşkil edir. 4.4.1-ci bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan icarə müddəti üzrə icarə haqqı məbləği – 49999,98 manat məbləğində birdəfəlik ödəniş qaydasında ödəniləcək. Ödəniş xx.xx.2021-ci il tarixədək həyata keçirilməlidir. 4.4.2-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan icarə haqqı qabaqcadan aylıq ödənişlərlə ödəniləcəkdir. 4.5-ci bəndinə əsasən icarnin digər illərində icarə haqqı qabaqcadan aylıq ödənişlərlə həyata keçiriləcəkdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin sədri, sədr müavini, baş mühasibi, Cavabdeh MMC-nin direktoru və baş mühasibinin iştirakı ilə icarə və faktiki istifadəyə verilmiş ərazilər internet proqramı olan Google Earst vasitəsilə və faktiki olaraq əllə ölçülmüş, ölçmə zamanı icarəyə verilən ərazinin müqavilədə qeyd edildiyi kimi 8333,33 kv.m deyil, faktiki 58048 kv.m olması, həmin ərazidən məişət tullantıları atılan birgə istifadədə olan ərazi daxil edilməsə icarəçinin icarəyəverənə məxsus 54143 kv.m ərazidən istehsalat məqsədləri üçün faktiki istifadə etməsi, lakin təkcə 8333,33 kv.m ərazinin icarə haqqını ödəməsi müəyyən edilərək icarəyə verilmiş ərazinin təkrar ölçülməsi haqqında akt tərtib edilmiş və akt iştirak edən bütün şəxslərin imzaları ilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəflər arasında imzalanmış 1 nömrəli icarə müqaviləsinə əlavəyə əsasən müqavilənin 2.4, 3.4, 3.6, 4.1, 4.2 və 6.1-ci bəndləridə dəyişiklik edilmişdir. Belə ki, müqavilənin 2.4-cü bəndinə əsasən obyektin sahəsi 54000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. 3.4-cü bəndində 18 ay sözü 3 sözü ilə əvəz edilmişdir. 4.1-ci bəndinə əsasən icarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54000 manat təşkil edir. 4.2-ci bəndinə əsasən icarə haqqının məbləğinin dəyişdirilməsi hüququ icarəyə verənə məxsusdur. 6.1-ci bəndində dəyişiklik edilərək icarəyə verən sözü icarəçi sözü ilə əvəz edilmişdir. "xxxx" ASC tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəçinin fevralavqust ayları üzrə icarə haqqını müəyyən edilmiş yeni məbləğdə ödəmədiyini əsas gətirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında 01 noyabr 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə üzrə icarə haqqı 1 m² üçün 1 manat nəzərdə tutulmaqla 8333,33 m² üçün 8333,33 manat icarə haqqı nəzərdə tutulmuşdur. Cavabdeh MMC icarəyə götürmüş olduğu ərazinin həcmini genişləndirərək müqavilənin bağlanmış olduğu tarixdən 10 fevral 2023-cü il tarixinədək istifadəsində olan 8333.33 m² - lik ərazini genişləndirərək 54000 m² ə çatdırmışdır. Bu səbəbdən, 10 fevral 2023-cü il tarixdə tərəflər müvafiq olaraq icarə məbləğinin artırılması barədə razılığa gəlmiş və müqaviləyə 1 nömrəli əlavə formasında öz iradə ifadələrini rəsmiləşdirmiş və öz imza, möhürləri ilə təsdiq etmişlər. Belə ki, həmin əlavəyə əsasən, müqaviləyə əsasən icarə haqqı torpağın ölçüsünə uyğun olaraq 54000 manat müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə görə cavabdeh 10 fevral 2023-cü il tarixindən etibarən 54000 manat icarə haqqını hər ay iddiaçı "xxxx" ASC-yə ödəməli idi. Cavabdeh 10 fevral 2023-cü il tarixindən bu günədək aylıq 54000 manat olan icarə haqqını ödəməkdən boyun qaçırır və bunun əvəzində ümumi icarə haqqının kiçik bir hissəsi olan 8333,33 manat məbləğində icarə haqqı ödəyir. Cavabdeh Müqavilə üzrə icarə haqqının ödənilməsi ilə bağlı 10 fevral 2023-cü il tarixli əlavədəqeyd edilən məbləğdə icarə haqqını ödəməkdən imtina edərək, müqavilə öhdəliklərini (şərtlərini) kobud surətdə pozmuşdur və pozmaqdadır. İcarəçinin müqavilə öhdəliklərini kobud şəkildə pozması nəticəsində, icarəyə verən "xxxx" ASC-yə 10 fevral 2023-cü il tarixindən cari tarixədək 163715 manat dəyərində maddi zərər dəymişdir və mübahisənin gedişatı müddətində cavabdeh icarə haqqını tam ödəmədiyindən dəymiş zərərin miqdarı hər ay 45667 (54000– 8333) manat artmaqdadır. Hal-hazırda tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir. İddiaçı cavabdehdən icarə məbləğinin tam ödənilməsini dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulmsına davam etdirilmişdir. Cavabdeh tərəfindən kobud və təkrar pozuntulara yol verildiyi üçün, xx.xx.2023-cü il tarixində "xxxx" ASC və Cavabdeh MMC arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsi üzrə 120000 manat (mediasiya orqanına müraciət edildiyi tarixə hesablanmış borc) pulu 5 gün müddətində "xxxx" ASC-yə ödənilməsi barədə pretenziya ünvanlanmış, ödənişlərin edilməsi tələb olunmuşdur. Cavabdehin icarə məbləğini ödəməməsi səbəbi ilə mübahisənin alternativ həlli üçün mediasiya orqanına müraciət edilmiş, Cavabdeh MMC ilə pulun ödənilməsi üçün barışıq sazişi əldə olunmamışdır. Cavabdeh MMC icarə müqaviləsinə 1 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Yaponiya investorlarının birgə təsisçisi olan "xxxx" MMC ölkənin tütünçülük təsərrüfatına investisiya yatırımı ilə əlaqədar dövlət və özəl sektorun inkişafı istiqamətində "xxxx" ASC-nin təklifi və təşəbbüsü əsasında yerli sektorun inkişafı ilə əlaqədar xx.xx.2020-ci il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC-nin yerli törəməsi olan Cavabdeh MMC adından birgə fəaliyyət müqaviləsi bağlamışdır. Həmin birgə fəaliyyət müqaviləsinin 5.1-ci bəndinə əsaslanaraq xx.xx.2020-ci il tarixdə qeyd edilən tərəflər arasında 10 il müddətinə uzunmüddətli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinin şərtinə əsasən müqavilənin bağlanması ilə anoloji olaraq həmin müqaviləyə 1 nömrəli əlavə ilə obyekt təhvil verilməli, 2.5-ci bəndinin şərtinə əsasən isə müqavilə imzalandıqdan 3 ay ərzində tərəflər akt əsasında obyekti təhvil-təslim etməli idilər. Müqavilənin 2.4-cü bəndinə əsasən icarə obyekti 8333,33 kv.m təşkil edir və onun sərhədləri müvafiq əlavədə öz əksini tapmışdırş Müqavilənin 4.1-ci bəndinə əsasən isə icarəyə götürən icarə obyektinin hər 1 kv.m-nə 1 manat dəyərində 8333,33 manat olmaqla icarə haqqı ödəməlidir və həmin icarə haqqı müqavilə şərtlərinə uyğun olaraq icarəyəverənə tam şəkildə ödənilmişdir. Birgə fəaliyyət çərçivəsində 2 il 3 ay icarə münasibətləri stabil olaraq davam etdirilmiş və tərəflərdən heç birinin icarə müqaviləsindən irəli gələn münasibətlərə qarşı heç bir pretenziyası olmamışdır. Qeyd edilən birgə fəaliyyət çərçivəsində qarşılıqlı etibar və münasibətlərdən, idarəçilikdə qarşı tərəfə verilən imkanlardan sui istifadə edərək "xxxx" ASC-nin guya istehsal və rentabelliyi artırmaq adı altında qohumluq və s. şəxsi münasibətlərdə olan Fuad İmanov adlı şəxs Cavabdeh MMC-nin rəhbərliyinə direktor vəzifəsinə gətirilmiş, "xxxx" ASC-nin sədr müavini olan İsmayıl Orucovun qardaşı Novruz Orucov "xxxx" MMC-də yüksək vəzifəyə gətirilmiş və həmin şəxslərin qohumluq əlaqəsində olan Kamran Hazmanov Cavabdeh MMC-nin baş mühasibi təyin edilməklə, xariic investorlara və Cavabdeh MMC-nin mülkiyyət hüquqlarına qəsd məqsədilə böyük qruplaşma təşkil edilmişdir. Qabaqcadan müəyyən edilmiş plana əsasən məqsəd investorların əmlakını əldən çıxarmaq, investisiya nəticəsində qurulmuş təsərrüfatı mənimsəmək, investorları borclandırmaq, bu məqsədlə də onları ərazidən çıxarmaq olmuşdur. Bu planı icra etmək məqsədilə qeyd edilən qruplaşma öz aralarında Fuad İmanovun səlahiyyətlərindən istifadə edərək xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə imzalayaraq icarə haqqını 8333,33 manatdan 54000 manata qaldırmaqla maddi və iqtisadi durumu qəti şəkildə pisləndirən, eləcə də müqavilədə icarəyəgötürənin hüquqlarını və maraqlarını müdafiə edən bəndləri ləğv etmə və dəyişdirməklə, icarəyəgötürənin vəziyyətini əhəmiyyətli şəkildə pişləşdirən müqavilə əlavəsi imzalamış, bu sənədi əsaslandırmaq məqsədilə həmin tərkibdə xx.xx.2023-cü il tarixli akt tərtib edərək investorlardan xəbərsiz, əsas maliyyəçini xəbərdar etmədən saxta sənədlər tərtib etmişlər. Sənədlər tərtib edildikdən sonra xx.xx.2023-cü il tarixlərində saxtakarlıq yolu ilə edilmiş izləri itirmək məqsədilə Cavabdeh MMC-nin direktoru Fuad İmanov və baş mühasibi Kamran Hazmanov öz xahişləri ilə ərizə yazaraq idarəçilikdən kənarlaşdırılmalarını xahiş etmişlər. Direktor qismində Fuad İmanov baş mühasibin ərizəsini təsdiqləmiş, özü də ərizəsi əsasında işdən çıxmışlar. Həmin şəxslər işdən azad olunduqdan sonra cəmiyyətə pretenziya və həmin pretenziyaya əlavə olaraq xx.xx.2023cü il tarixdə tərtib edilmiş akt və xx.xx.2023-cü il tarixli müqavilə əlavəsi daxil olmuşdur. Pretenziyada icarə məbləğinin qaldırılması qeyd olunaraq alt sənədlər kimi qeyd edilən akt və müqavilə əlavəsi göstərilmişdir. Bundan sonra qarşı tərəf 3-4 ay ərzində cəmiyyətə elektron qaimə göndərməklə saxta sənədlər üzərindən icarə haqqını qeyri-qanuni və etik işgüzar qaydalara sığmayan şəkildə qaldırmaqla, icarəyəgötürənin hüquqlarını kobud şəkildə pozmuşdur. Bu məqsədlə hesab edir ki, akt və müqaviləyə əlavə xüsusi şərt və məqsədlərlə bağlanmış əqddir və məzmunundan da göründüyü kimi qarşı tərəfin müqavilə üzrə olan hüquqlarını təkzib etdiyindən yalnız icarəçinin mənafelərini ifadə etdiyindən xüsusi məqsədlərlə, şərtlə bağlanılmış əqddir. Bundan başqa Fuad İmanovun rəhbərlik etdiyi dövr üzrə cəmiyyət rəsmi məlumatlar və 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsinə əsasən 1245554,86 manat zərər etmişdir. 2021-ci ilin də rəsmi mənbələrinə əsaslandıqda 13 saylı ƏVİ-nin təqdim etdiyi mənfəət vergi bəyənnaməsiə əsasə cəmiyyət ******* manatadək ziyan etmişdir. Bölgə üzrə məşğulluq baxımından cəmiyyət 300-dən çox işçini işlə təmin edir. Belə ağır şərtlərlə fəaliyyət göstərən təşkilatın xərclərini birdən birə 100000 manatdan 600000 manatadək qaldırmaq kimi hərəkətlərin hansı niyyətlərə xidmət etməsi mümkün deyildir. Qarşılıqlı iddia üzrə cavabdeh ilkin olaraq hansı əraziləri və obyekti icarəyə verdiyini və sonradan hansı ərazilərin icarədardan xəbərsiz olaraq tutulduğunu rəsmi sənədlər üzərindən təqdim edə və sübuta yetirə bilməmiş, adı gedən mülkiyyətə hüquqlarını ifadə edən sənədlər təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh MMC arasında 01 noyabr 2020-ci il tarixdə “İcarə Müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, müqavilə üzrə icarə haqqı 1 m² üçün 1 manat nəzərdə tutulmaqla 8333,33 m² üçün 8333,33 manat icarə haqqı nəzərdə tutulmuşdur. Cavabdeh MMC icarəyə götürmüş olduğu ərazinin həcmini genişləndirərək müqavilənin bağlanmış olduğu tarixdən 10 fevral 2023-cü il tarixinədək istifadəsində olan 8333,33 m²-lik ərazini genişləndirərək 54000 m²-ə çatdırmışdır. Bu səbəbdən, 10 fevral 2023-cü il tarixində tərəflər müvafiq olaraq icarə məbləğinin artırılması barədə razılığa gəlmiş və müqaviləyə 1 nömrəli əlavə formasında öz iradə ifadələrini rəsmiləşdirmiş və öz imza, möhürləri ilə təsdiq etmişdirlər. Belə ki, həmin 1 nömrəli əlavəyə əsasən, müqaviləyə əsasən icarə haqqı torpağın ölçüsünə uyğun olaraq 54000 manat müəyyən edilmişdir. Həmin müqavilənin şərtlərinə görə Cavabdeh MMC 10 fevral 2023-cü il tarixindən etibarən 54000 manat icarə haqqını hər ay iddiaçı "xxxx" ASC-yə ödəməli idi. Cavabdeh 10 fevral 2023-cü il tarixindən bugünədək aylıq 54000 manat olan icarə haqqını ödəməkdən boyun qaçırır. Cavabdeh Müqavilə üzrə icarə haqqının ödənilməsi ilə bağlı 10 Fevral 2023-cü il tarixli 1 nömrəli əlavədə qeyd edilən məbləğdə icarə haqqını ödəməkdən imtina edərək, müqavilə öhdəliklərini kobud surətdə pozmuşdur və pozmaqdadır. Bununla yanaşı cavabdeh tərəf 3 aydır icarə haqqını ödəmir. Fevral ayı üçün tələb edilən 26714 manat pul 54000 manat məbləğin günlərin sayına bölünüb, yerdə qalan xx.xx.2023-cü ildən sonrakı günlərə vurulması ilə hesablanmışdır. Bundan başqa öçmə işləri aparılmadığından və tərəflər təşəbbüs göstərmədiyindən 1 nömrəli əlavə 3 ay müddət keçdikdən sonra təsdiq olunmuşdur. Tərəflərin iradə ifadəsinə uyğun olaraq icarə haqqı 1 nömrəli əlavə ilə rəsmiləşdirilə bilər. Müqaviləyə əlavə ilə dəyişiklik olduqdan sonra, müqavilənin tamamilə ləğv olunub yenidən tərtib olunmasına ehtiyac yoxdur, əlavədə göstərilmişdir ki, imzalandığı andan qüvvəyə minir. Birgə fəaliyyət müqaviləsindən məlumatı yoxdur. İcarə haqqının artırılması ilə bağlı xx.xx.2023-cü il tarixli akt və 1 nömrəli əlavə ilə bağlı investorlara və təsisçilərə məlumat verilməsi barədə məlumatı yoxdur. Faktiki istifadələrində ümumi 110000 m2 ərazi var. Bunun 54000 m2 cavabdehin istifadəsindədir, qalanı isə özlərinin. Həmin ərazinin plan sxemi məhkəməyə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ilkin iddia əsassız olduğuna görə və təqdim etdikləri sənədlər saxta olduğuna görə iddianı qəbul etmirlər, rədd edilməsini xahiş edirlər. Qarşılıqlı iddianı müdafiə edirlər, təmin olunmasını məhkəmədən xahiş edirlər. Qarşılıqlı iddianı onunla əsaslandırırlar ki, həmin ərazidə 54000 m2-dən istifadə edilmir. 1 nömrəli əlavə imzalanan zaman onun bir nüsxəsi onlara verilməmişdir. Müəssisənin heç bir məlumatı olmamışdır. İddiaçı tərəflə aralarında birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Bu müqaviləyə görə də tərəfdaşı olan iddiaçı onlara iş fəaliyyətilərində köməklik göstərməli olduğu halda, iddiaçının hərəkətləri onların müflisləşmələrinə gətirib çıxarır. İstifadə etdikləri ərazinin 54000 m2 olmaması ilə bağlı öz sübutlarını məhkəməyə təqdim etməli idilər. Lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. İmanov Fuad öz xahişi və ərizəsi əsasında işdən azad olunmuşdur. Fuad İmanovun fəaliyyətdə olduğu dövrdə, onun fəaliyyətinin yoxlanması ilə bağlı Fuad İmanov işdən çıxmaq barədə ərizə yazdıqdan sonra komissiya təşkil olunmuş, lakin bunun nəticələrindən məlumatsızdır. Hazırki iddiaçı tərəfin baş mühasiblə və Fuad İmanovla qohumluq əlaqələri var. Hal-hazırda baş mühasib həmin vəzifədə işləmir, Fuad İmanov işdən çıxdıqdan sonra, baş mühasib də öz ərizəsi əsasında 13 fevral tarixində işdən çıxmışdır.Aktı imzalayan şəxslər baş mühasib və direktor olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iş üzrə iddiaçı tərəf mediasiyaya müraciət edərkən, məsələnin onların maraqlarına toxunduğunu nəzərə almamış və onları 3-cü şəxs kimi mediasiya prosesinə cəlb etməmişdir. Buradan görünür ki, iddiaçı tərəf onları mediasiya hüquqlarından məhrum etmişdir. "xxxx" MMC-nin və Cavabdeh MMC-nin nizamnaməsinə diqqət yetirilsə görünər ki, Cavabdeh MMC-nin keçmiş direktoru olan Fuad İmanovun nizamnamədən kənar fəaliyyətləri olmuşdur. Nizamnamənin 9.2-ci bəndində göstərilir ki, direktor, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlayır, cəmiyyətin adından əqdlər bağlayır və xüsusi əhəmiyyətli sənədlər istisna olmaqla, rəsmi sənədləri imzalayır. Hazırki məsələnin xüsusi əhəmiyyətli hal olduğunu bildirirlər. Cavabdeh MMC-nin keçmiş direktoru olan Fuad İmanov icarə haqqının artırılması barədə həmin müəssisənin təsisçisi olan "xxxx" MMC-yə heç bir məlumat verməmişdir. Cavabdeh MMC-nin nizamnaməsinin 9.2.3.7-ci bəndində qeyd olunur ki, cəmiyyətin fəaliyyəti ilə əlaqədar öz səlahiyyətləri çərçivəsində qərarlar qəbul edir və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirir. 1 nömrəli əlavə və aktla bağlı hər hansısa bir qərar qəbul etmişdirsə, bu zaman həmin qərarı yazılı surətdə əmrlə rəsmiləşdirməli idi. Bundan əlavə olaraq Fuad İmanovun rəhbər olduğu dövrdə müəssisə zərərlə işlədiyindən və bir sıra müəssisə daxili kobud pozuntular olduğundan, onun barəsində xx.xx.2023-cü il tarixində təsisçilər qərar qəbul etmişdir. Qərarda deyilirdi ki, Fuad İmanov vəzifə maaşı saxlanılmaqla, 1 aylıq vəzifədən kənarlaşdırılsın. Fuad İmanov bu məsələdən xəbərdar idi, o bildirdi ki, fəaliyyəti təsisçi tərəfindən qəbul olunmur. X3 Hazmanov müəssisəni zərərə salmaq üçün bu aktı imzalayıblar. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ******* dollar məbləğində vəsait yatırılmışdır. Lakin 3 il ərzində Cavabdeh MMC bir manat da olsa mənfəət qazandırmamışdır. Orada müəyyən hüquq pozuntuları baş verib və həmin pozuntularla bağlı müəyyən qurumlarda araşdırmalar gedir. 1 nömrəli əlavə və aktı qəbul etmək üçün orada hüquqşünas rəyi olmalı idi. Sualcavab zamanı ortaya çıxmışdır ki sənədlər tərtib olunarkən yalnız direktor və baş mühasib iştirak edib, heç bir hüquqşünas iştirak etməyib. Adı çəkilən şəxslərin isə iddiaçı tərəflə qohumluq əlaqələri var. Cavabdeh tərəf 54000 manatlıq elektron qaimələrdən imtina etmişdir. Tərəflər müqavilənin ləğvi və dəyişdirilməsi ilə bağlı bir-birlərinə məlumat verməli idilər. Tərəflər bundan sonra isə icarə haqqının artırılması və azaldılması ilə bağlı məhkəməyə müraciət edə bilərdilər. Cavabdeh tərəf yazılı şəkildə icarə haqqının azaldılması barədə iddiaçı tərəfə müraciət etmişdir. İddiaçı tərəf özü də bildirir ki, icarə haqqı müqavilə ilə müəyyən olunur. 1 nömrəli əlavə isə öhdəlik götürülmüş əraziləri tənzimləyir. İcarə müqaviləsində icarə haqqının 1 nömrəli əlavə ilə tənzimləndiyi göstərilməyib. 1 nömrəli əlavə ilə icarə haqqının artırılmasını qanunsuz sayırlar. Bu əlavədə yalnız icarə haqqı deyil, hətta müqavilənin şərtləri də dəyişdirilib. Müqavilənin şərtləri dəyişdirilibsə, həmin müqavilə ləğv olunmalıdır. Hal hazırda icarəyə götürdükləri ərazidəki parnikləri sökülmüşdür. Çünki Zaqatala rayonunda 54000 manat icarə haqqı çoxdur. Müxtəlif qiymətləndirmə mərkəzlərinə müraciət etmişlər bu barədə. İcarə haqqında qanunda da göstərilir ki, qiymətləndirmə, qiymətləndirici mütəxəssiz tərəfindən verilməlidir. Tərəflər öz-özlərindən əmlaka icarə qiyməti təyin edə bilməzlər. İddia tələbinin əsassız olduğunu hesab edirlər. Akt müəssisəni zərərlə işlədən şəxs tərəfindən şəxsi münasibətlər zənnində tərtib olunmuşdur. İdarə heyətinin qərarı Fuad İmanova təqdim edilmişdir. O, möhürü təhvil verməkdən imtina etmiş və bildirmişdir ki, onun adından başqa hərəkətlər edə bilərlər. Bu səbəbdən də möhürü işdən çıxardıqdan sonra təhvil verəcəyini bildirmişdir. Qərarın hansı səbəbdən vergiyə göndərilməsilə bağlı məlumatı yoxdur. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qeyri-yaşayış sahəsinin texniki pasportu və icarə müqavilələri, 1 nömrəli əlavə, xx.xx.2023-cü il tarixli akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi və icarə müqaviləsinə 1 nömrəli əlavə qanunvericiliyin tələbinə zidd olmamaqla, habelə müqavilə iştirakçıları olan hüquqi şəxslərin rəhbərləri tərəfindən müvafiq qaydada həm imza, həm möhürlə təsdiqlənməklə etibarlı əqdlərdir. İlkin iddia tələbinin hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən "xxxx" ASC Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən binanın 1 nömrəli əlavədə göstərilmiş hissəsini (obyektin təqribi sahəsi 8333,33 kv.m) müqavilənin şərt və müddəalarına əsasən və əlavədə göstərilmiş plana uyğun olaraq icarəçi Cavabdeh MMC-nin icarəsinə verməyi, icarəçi isə obyekti qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən obyekt faktiki olaraq təhvil verildikdə yekun ölçmə işləri aparılacaq və zəruri olarsa icarə haqqı səthin yekun real sahəsinə müvafiq olaraq uyğunlaşdırılacaqdır. xx.xx.2023-cü il tarixdə tərəflər arasında imzalanmış 1 nömrəli icarə müqaviləsinə əlavəyə əsasən müqavilənin 2.4, 3.4, 3.6, 4.1, 4.2 və 6.1-ci bəndləridə dəyişiklik edilmişdir. Belə ki, müqavilənin 2.4-cü bəndinə əsasən obyektin sahəsi 54000 kv.m təşkil edir və onun sərhədləri haqqında məlumat müqaviləyə əlavə olunur. 3.4-cü bəndində 18 ay sözü 3 sözü ilə əvəz edilmişdir. 4.1-ci bəndinə əsasən icarə haqqı hər kv.m üçün 1 manat olmaqla ümumilikdə 54000 manat təşkil edir. 4.2-ci bəndinə əsasən icarə haqqının məbləğinin dəyişdirilməsi hüququ icarəyə verənə məxsusdur. 6.1-ci bəndində dəyişiklik edilərək icarəyə verən sözü icarəçi sözü ilə əvəz edilmişdir. Göründüyü kimi, icarə müqaviləsinə əsasən təqribən 8333,33 kv.m obyekt cavabdehin icarəsinə verilmiş, obyekt faktiki olaraq təhvil verildikdən sonra ərazi ölçülmüş və nəticədə cavabdeh tərəfindən 8333,33 kv.m deyil, 54000 kv.m ərazidən istifadə etməsi müəyyən edilməklə akt tərtib edilmiş və icarə müqaviləsinin 2.5-ci bəndi əsas götürülməklə akt əsasında icarə müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Yuxarıda qeyd olunduğu kimi, icarə müqaviləsi və 1 nömrəli əlavə etibarlı əqd olduğundan məhkəmə hesab edir ki, həmin icarə müqaviləsi əsasında fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla ümumilikdə 300716 manat borc cavabdehdən tutularaq iddiaçı cəmiyyətə ödənilməlidir. Eyni zamanda məhkəmə fevral ayı üçün hesablanmış icarə haqqı məbləğinə münasibətdə onu qeyd edir ki, fevral ayı üçün icarə haqqı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 8333,33 manat icarə haqqına əsasən 2678,57 manat (8333,33 manat / 28 gün x 9 gün) və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 54000 manat icarə haqqına əsasən 36642,85 manat (54000 manat / 28 gün x 19 gün) müəyyən edilmişdir. Bundan həmin ay üçün ödənilmiş 8333,33 manat çıxıldıqda (2678,57 + 36642,85 = 39321,42 – 8333,33 = 30988,09) fevral ayı üçün icra haqqı 30988,09 manat təşkil edir. Lakin iddiaçı 2023-cü ilin fevral ayı üçün 26714 manat tələb etdiyindən və məhkəmə tələbdən kənara çıxmağa haqlı olmadığından fevra yı üçün borc iddiaçının tələbi üzrə 26714 manat məbləğində cavabdehdən tutulmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış mübahisə predmeti olan əqd əhəmiyyətsiz əqd olmamaqla və qanunvericiliyin tələblərinə uyğun bağlanmaqla etibarlı əqddir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (Mülki Məcəllə maddə - 324.1. 331.1. 331.2. 421.1). Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Hazırki iş üzrə tərəflər mübahisə predmeti olan aktla ərazinin ölçülməsini həyata keçirmiş və müqaviləyə 1 nömrəli əlavə ilə müqaviləni dəyişdirmişlər ki, bu da qanunvericiliyin və tərflər arasında imzalanmış nüqavilənin 2.5-ci bəndinin tələblərinə zidd deyildir. Belə ki, həm tərəflərin razılaşmasının 2.5-ci bəndində tərəflər obyektin faktiki olaraq təhvil verildikdən sonra yekun ölçmə işlərinın aparılacağı və zəruri olarsa icarə haqqı səthinin yekun real sahəsinə müvafiq olaraq uyğunlaşdırılacağı barədə razılığa gəlmişlər və mülki qanunveicilik də müqavilənin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verir. Bu səbəbdən də məhkəmə qarşılıqlı iddia tələbi ilə mübahisələndirilən sahəsinin ölçmə aktını və müqaviləyə 1 nömrəli əlavəni icarə müqaviləsini tərkib hissəsi kimi, yəni əqd kimi qiymətləndirərək hesab edir ki, mübahisələndirilən əqdlərin etibarsızılığı üçün qanuni əsas mövcud deyildir. Qarşılıqlı iddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddiasını onunla əsaslandırır ki, müqaviləyə 1 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli akt onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır, əlavə və aktdan iddiaçı cəmiyyətin təsisçilərinin məlumatı olmamışdır. Qarşılıqlı iddianın mübahisə predmeti olan əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə iddia dəilinə münasibətdə qeyd edir ki, əvvəla əlavə və akta imza etmiş cəmiyyətin direktoru Fuad İmanovun səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Fuad İmanov iddiaçı cəmiyyətin rəhbəri olmaqla qanunvericiliklə və cəmiyyətin nizamnaməsindən irəli gələn səlahiyyətlərindən istifadə edərək direktor kimi müqaviləyə əlavə və akt imzalamışdır. Bundan başqa əgər cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirdiyi kimi, cəmiyyətin direktoru Fuad İmanovun səlahiyyətlərindən müddətli uzaqlaşdırılması ilə bağlı təsisçinin qərarı olmuş olsaydı və həqiqətən də Fuad İmanovun vəzifə səlahiyyətlərindən sui istifadə hallarına yol verdiyi xx.xx.2023-cü il tarixdə müəyyən edillmiş olsaydı, bu zaman direktorun vəzifəsindən müvəqqəti uzaqlaşdırılması barədə qərar qəbul edildikdən sonra müəssisənin möhürü direktorda saxlanılmamalıydı. Halbuki mübahisə predmeti olan 1 nömrəli əlavə direktorun imzası, habelə cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Vəzifəsindən müvəqqəti uzaqlaşdırılmış direktorun möhürü təhvil verməməsi ilə bağlı isə məhkəmə onu qeyd edir ki, əvvəla direktoru vəzifəsindən uzaqlaşdırmış təsisçinin direktordan möhürü almaq səlahiyyəti də olmuşdur ki, "xxxx" MMC-nin bu səlahiyyətlərindən istifadə etməsi, habelə direktorun möhürü təhvil verməməsi nəticəsində etməli olduğu hərəkətlərlə (möhürün təhvili ilə bağlı hüquq mühafizə orqanlarına, məhkəməyə müraciəti və s.) bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müəssisənin direktoru xx.xx.2023-cü il tarixdə müqaviləyə 1 nömrəli əlavə və aktı imzalamaq üçün səlahiyyətli şəxs olmuşdur. Əlavə və aktdan cəmiyyətin təsisçisinin məlumatının olub-olmaması ilə bağlı isə məhkəmə onu qeyd edir ki, əvvəla təsisçinin məlumatının olmaması ilə bağlı iş materiallarında sübut yoxdur. Bundan başqa cəmiyyətin direktoruna cəmiyyətin adından əqd bağlamaq səlahiyyəti verilməklə direktor həmin səlahiyyətlərindən istifadə edərək əqd imzalamışdır ki, cavabdeh müstəqil hüquqi şəxs olmaqla özü üçün öhdəliklər götürə və hüquqlarından müstəqil istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Direktorun bağladığı əqdlər və hərəkətlərlə bağlı təsisçiyə məlumat verməli olması və bu məlumatı verməməsi həmin əqdin etibarsızlığına əsas olan səbəb deyildir, direktorun vəzifəsini düzgün icra etməməsinin nəticəsidir. Bundan əlavə qarşılqlı iddia üzrə iddiaçının “direktorun vəzifəsini düzgün yerinə yetirməməsi nəticəsində cəmiyyətin zərərlə işləməsi” ilə bağlı iddia dəlilinə münasibətdə məhkəmə onu qeyd edir ki, cəmiyyətin zərərlə işləməsi və 54000 manat icarə haqqını ödəyə bilməməsi 54000 manat icarə haqqının ödənilməsi öhdəliyini yaradan müqaviləyə əlavənin etibarsız hesab olunmasına səbəb deyildir. Belə ki, icarə haqqı tərəflərin azad iradə ifadələri ilə müəyyənləşdirilən meyardır ki, əgər iddiaçı cəmiyyət həmin məbləğdə icarə haqqını ödəyə bilməyəcəkdisə bu zaman müqaviləyə 1 nömrəli əlavə imzalanmasından imtina etməli, 54000 kv.m deyil, icarə müqaviləsində qeyd olunduğu kimi 8333,33 kv.m ərazidən istifadə etməklə həmin ərazinin icarə haqqını ödəməli idi. Sonda məhkəmə onu qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01 nömrəli təsisçi qərarını məhkəməyə təqdim edərək həmin qərarın sübut qismində qəbul edilməsini xahiş etmişdir ki, məhkəmə həmin sənədi sübut kimi qəbul etmir. Belə ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmənin xx.xx.2023-cü il tarixli protokol qərarına əsasən işin hazırlıq mərhələsində məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, iş üçün əhəmiyyətli sübutlar təqdim edəcəyini bildirməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, üçüncü şəxsin nümayəndəsinin vəsatəti təmin edilməklə məhkəmə iclası təxirə salınmışdır. xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında da üçüncü şəxsin nümayəndəsi iştirak etmiş, tərəflərin vəsatətlətinin, sübutlarının olubolmaması dəqiqləşdirildikdən sonra iş məhkəmə baxışına hazır hesab edilməklə baxış iclası təyin edilmişdir. Üçüncü şəxsin nümayəndəsi sübutun vaxtında verilməməsinin əsasını onunla əsaslandırır ki, üçüncü şəxs 21 iyul 2023-cü il tarixdə icrata cəlb edilmiş və həmin məhkəmə iclasında iş materialları ilə tanış olduqdan sonra cavabdehin direktorunun aktı və əlavəni imzalamaq səlahiyyəti olmamışdır. Məhkəmə üçüncü şəsxin şəxsin nümayəndəsinin dəlilləri ilə razılaşmır və təkrar bildirir ki, üçüncü şəxs məhkəmənin xx.xx.2023-cü il tarixli protokol qərarına əsasən işin hazırlıq mərhələsində məhkəmə icraatına cəlb edilmiş və onun iştirakı ilə iki hazırlıq iclası keçirilmişdir. xx.xx.2023-cü il tarixdə isə üçüncü şəxsin nümayəndəsi iş materialları ilə tanış olmamışdır ki, sonucunun bildirdikləri həqiqəti əks etdirmi. İddiaçının vəkili sübutun qəbul edilməsinə etirazla xx.xx.2023-cü il tarixdə məhkəməyə nüraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, üçüncü şəxsin iş üzrə icraata cəlb olunduqdan sonra iki məhkəmə iclasında iştirak edib və sübut hesab elədiyi sənədi təqdim etməyə kifayət qədət vaxtı olmuşdur. Üçüncü şəxsin nümayəndəsi belə bir sənəddən bəhs etməmiş, belə bir sənədin mövcudluğunu və əldə etməsinin mümkün olmadığını bildirməmişdir. Belə bir qərar mövcud idisə nə üçün Vegi Orqanlarına gösdərilməmişdir. Göründüyü kimi, vəsatətlərinin, sübutlarının və sənədlərinin təqdim edilməsi üçün bütün tərəflərin, eyni zamanda üçüncü şəxsin də kifayət qədər vaxtı olmuş, həmin sübut iş məhkəmə baxışına təyin edildikdən sonra yaranmamaqla həmin vaxtdan əvvəl də mövcud olmuş lakin üçücü şəxs həmin sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən üçüncü şəxs tərəfindən təqdim edilən sübut işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra verildiyindən və üçüncü şəxs vəsatətində sübutun məhkəmə baxışı gedişində əmələ gəlmiş olmasını və ya işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər ondan asılı olmayan səbəblərə görə təqdim etməyinin mümkün olmadığını əsaslandıra bilmədiyindən məhkəmə həmin sənədi sübut qismində qəbul etmir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət etdiyi andan qarşılıqlı iddianın hüquqi əsasını əlavə və aktın onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması təşkil etdiyindən məhkəmə hesab edir ki, əgər həmin tarixdə həqiqətən təsisçinin qərarı mövcud olsaydı bu sübut istər cavabdeh, istərsə də üçüncü şəxs tərəfindən vaxtında məhkəməyə təqdim edilərdi. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, qeyd olunan qərar məhkəməyə vaxtında təqdim edilmiş olsaydı belə, həmin qərar müstəqil şəkildə sübut kimi qəbul edilməyərək məhkəmə tərəfindən müvafiq əlavə araşdırma aparılardı (qərarların qeydiyyat kitabına baxış və s.). Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olmaqla iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları təqdim edə bilmədiyindən qarşılıqlı iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə ilkin iddianın qiymətinə əsasən (300716 manat) ödənilməli dövlət rüsumu 590,72 manat, qarşılıqlı iddia üzrə ödənilməli dövlət rüsumu 100 manat olmalıdır ki, ilkin iddia üzrə iddiaçı 191 manat ödəməklə həmin məbləği tələb etdiyindən cavabdehdən 191 manat dövlət rüsumu tutularaq iddiaçıya, ödənilməmiş qalan 399,72 manat dövlət büdcəsinə ödənilməlidir. Qarşılıqlı iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin ilkin iddia üzrə iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin xərci cavabdehdən tələb etdiyindən 400 manat meidasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh MMC-dən icarə müqaviləsi əsasında ödənilməmiş fevral ayı üçün 26714 manat, mart ayı üçün 45667 manat, aprel ayı üçün 45667 manat, may ayı üçün 45667 manat, iyun ayı üçün 45667 manat, iyul ayı üçün 45667 manat, avqust ayı üçün 45667 manat olmaqla cəmi 300716 manat borc, 400 manat mediasiya xərci və 191 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilməmiş 399,72 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı Cavabdeh MMC-nin "xxxx" ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1 nömrəli əlavə və xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh MMC tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-654/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-654/2023
08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver