Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-656/2024 11.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rəfail qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 43500 manat məbləğində əsas borc, 222.67 manat dövlət rüsumu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla cəmi 44222.67 manat pulun tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 43500 manat məbləğində əsas borc, 222.67 manat dövlət rüsumu, hüquqi yardımla bağlı ödənilmiş 500 manat olmaqla cəmi 44222.67 manat pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək Cavabdeh1 və Cavabdeh2 onun həyətində olan quraqlıqda saxladığı, hər kiloqramının dəyəri 0.55 manat olan toxumluq buğda məhsulundan 169400 kq toxumluq buğdanı nisyə alaraq İmişli rayonu Sarxanlı kəndinə aparmışlar. Onlar həmin buğdanın dəyəri olan 93170 manat puldan 35500 manatlıq hissəsini iddiaçıya ödəməmişlər. Əlavə olaraq cavabdehlər hər birinin dəyəri 88.89 manat olan 90 kisə ammofos gübrəsini nisyə almış və həmin gübrənin dəyəri olan 8000 manat pulu iddiaçıya ödəməmişlər. Beləliklə,cavabdehlərin iddiaçıya 43500 manat ödənilməmiş borcları qalmışdır. xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1, İddiaçı 35500 manat borcu var və həmin borcu 2023-cü ilin oktyabr ayınadək az-az ödəyib bitirəcəkdir. Həmin akt Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF-***, **-BB-***, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daşıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı yaranmış borcdan bu günə olan tarixdə 37300 manat ödəniş edilmiş və cavabdehlərin xx.xx.2022-ci il tarixinə 55870 manat borcları qalmışdır. Həmin akt Cavabdeh1 , Cavabdeh2, Tərlan Niftalıyev,İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2021-ci il tarixli Qəbələ rayonu Daşca kəndində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək Kamaz markalı **-BF-***, **-BB-***, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daşıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı bu günə olan borc yaranmışdır. Həmin akt Cavabdeh1 , Cavabdeh2, Tərlan Niftalıyev,İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli cavabdehlər Cavabdeh1 , Cavabdeh2 tərəfindən tərtib edilmiş (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd edilməklə) və imzalanmış qəbzdə bildirilmişdir ki, onların İddiaçı 35500 manat borcları vardır və həmin borcu noyabr ayının sonuna kimi ödəyəcəklər. Qəbz Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanaraq təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə Qəbələ şəhərində tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021ci il tarixində X2 atası X6 iştirakı ilə dəyəri 93170 manat olan 169400 kq İddiaçı məxsus olan taxıl məhsulu xx.xx.2021-ci il tarixinədək İmişli rayonuna daşımışlar. Əvəzində əkin üçün gübrə verəcəklərini bildirsələr də, gübrə verilməmişdir. Onlar tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh1 , Cavabdeh2 vasitəçi olduğu üçün bugünə kimi 49670 manat ödəniş edilmişdir. İddiaçı 43500 manat borcları qalmışdır. Həmin akt Cavabdeh1 , Cavabdeh2, İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli Bafsell MMC tərəfindən tərtib olunmuş daşınma sənədinə əsasən xx.xx.2022-ci il tarixində Şəki rayonundan Qəbələ rayonunun Daşca kəndinə yük avtomobili ilə 30 ton Ammofos gübrəsi daşınmışdır. Daşınma xidmətinin xərci 220 manat təşkil etmişdir. Sumqayıt Ekspertiza Xidmətinin xx.xx.2024-cü il tarixli 23 nömrəli ekspert arayışından müəyyən edilir ki, 2022-ci il tarixində 50 kq “Ammofos Evroxim” adlı gübrənin qiyməti 89 manat təşkil edir. Cavabdeh1 işləri ilə bağlı aparılmış qeydiyyat kitabından çıxarışlarda İddiaçı məxsus 169400 kq buğdanın qiymətinin 93170 manat olduğu, borcdan xx.xx.2021-ci il tarixdə 10 min manat, xx.xx.2021-ci il tarixdə 12 min manat, xx.xx.2021-ci il tarixdə 14300 manat, xx.xx.2021-ci il tarixdə 18670 manat, xx.xx.2022-ci il tarixdə 2700 manat,xx.xx.2022-ci il tarixdə 1000 manat verilmiş, atası tərəfindən 200 manat oğlu Azərə, 1141 manat isə əkin və digər xərclər üçün verilmişdir. xx.xx.2022-ci il tarixdə Şəki rayonundan 600 kisə Ammofos gübrəsi 2021-ci il tarixli 53400 manatlıq gübrə verilmişdir. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlər hər kiloqramının dəyəri 0.55 manat olan toxumluq buğda məhsulundan 169400 kq toxumluq buğdanı nisyə alaraq İmişli rayonu Sarxanlı kəndinə aparmışlar. Onlar həmin buğdanın dəyəri olan 93170 manat puldan 35500 manatlıq hissəsini iddiaçıya ödəməmişlər. Əlavə olaraq cavabdehlər hər birinin dəyəri 88.89 manat olan 90 kisə ammofos gübrəsini nisyə almış və həmin gübrənin dəyəri olan 8000 manat pulu ona ödəməmişlər. Cavabdehlərin cəmi 43500 manat borcları mövcuddur. Hər dəfə ödəniş olunduqda yeni akt tərtib etmişlər. Cavabdehlər ümumilikdə, ona 15000 manat, 9600 manat, 6000 manat pul ödəmişlər. Cavabdeh1 tərəfindən 600 kisə ona 2021-ci ilin dekabr ayında təhvil verilmiş, onu şumaltı gübrə olaraq istifadə etmişdir. Bundan başqa, taxılın alqı-satqısını cavabdehlər Vüsal və Elşadla danışmış, Əlişükürlə hər hansı bir danışıq aparmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ildən bəri gübrə satışı ilə məşğuldur, Fikrət ona 200 ton taxılının olduğunu bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. X1 ilə razılaşmışlar, Əlişükür buğdanı alıb üstünə 0.05 manat qoyaraq başqa alıcılara satırdı, xx.xx.2022-ci ildə 600 kisə gübrəni Fikrətə vermişlər. Cavabdeh bildirmişdir ki, onun Fikrətə borcu yoxdur. Qəbzlərə ona görə imza çəkmişdir ki, Əlişükürdən alacağı vardı və onu alıb Fikrətə verməli idi. Əlişükürün Fikrətə borcu olmuş, Əlişükürün Fikrətə olan borclarını o ödəmişdir. Əlişükürdən həmin pulun alınıb ona verilməsi üçün Fikrətdən köməklik göstərməsini istəmişdir. Onun Fikrətə heç bir borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirdi ki, əvvəllər Cavabdeh1 işçisi olub, Fikrət buğda satışı ilə məşğuldur, Fikrətlə Vüsal arasında alqı-satqı olub, taxıl yığıldıqdan sonra Əlişükür alırdı. Vüsalın sifarişi ilə 600 kisə ammofos gübrəsi gətirmiş və 2022-ci ilin avqust ayında İddiaçı vermişdir. İş üzrə Cavabdeh2 vəkil Nümayəndə2 məxsus elektron kabinet vasitəsilə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, iddia əsassızdır, oğlu Fikrətdən buğda almamış, Fikrətin onun oğluna borcu vardır. Əlişükür Fikrətdən buğda almış, oğlu zamin duraraq Əlişükür pulu ödəmədiyi təqdirdə o, ödəyəciyini bildirmişdir. Sonradan 35500 manat borca dair qəbzi imzalamışdır. Bundan sonra oğlu tərəfindən İddiaçı 35500 borc da tam ödənilmiş, 600 kisə gübrə ona təhvil verilmiş, hər kisənin qiyməti isə 89 manat olmuşdur. Fikrət onun oğluna 17900 manat borcu vardır. Məhkəməyə təqdim edilmiş Qəbələ Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilir ki, Cavabdeh1 şikayətlə müraciət edərək İddiaçı tərəfindən ona borclu olduğu 25806 manat borcunu qaytarmadığını bildirmiş, təhqiqat aparılmış, İddiaçı izahatında Cavabdeh1 borcunun olmadığını əksinə sonuncunun ona 43500 manat məbləğində borcunun olduğunu bildirmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aktlar, qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında taxıl bitkisinin və gübrə alqı-satqısı ilə bağlı mübahisə yaranmışdır. Düzdür, tərəflər arasında hər hansı bir yazılı alqı-satqı müqaviləsi bağlanmasa da, sonradan tərəflərin imzaları ilə rəsmiləşdirilmiş sənədlərə istinadən iddiaçı borcunu tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 5 ədəd qəbzin məzmunundan və iddiaçı, həmçinin cavabdehlərin məhkəmə iclasında və yazılı izahatından müəyyən edilir ki, Cavabdeh1 iddiaçıya məxsus taxılın alqı-satqısı ilə bağlı bilavasitə iddiaçı ilə danışıqlar aparmış, qəbzlərin bir qismində borcun cavabdeh özünə və atasına məxsus olduğunu qeyd etsə də, yalnız xx.xx.2022-ci il tarixli aktda X3 atası X8 buğda bitkisini almaqda vasitəçilik etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin izahatı və imzalanmış qəbzlərdən müəyyən edilir ki, bütün borcla bağlı danışıqlar iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında aparılmış, ödəniş 93170 manat məbləğində ümumi borcdan edilən bütün ödənişlər cavabdehlər tərəfindən edilmiş, Cavabdeh1 isə məhkəmə iclasında Əlişükürün borcunun olmadığını bildirməsi, sonuncunun borcunun ödəməsini o, üzərinə götürdüyünü, eyni zamanda Cavabdeh2 məhkəməyə göndərdiyi izahatında da oğlunun qeyd edilən borcu oğlu tərəfindən ödənilməsini öz üzərinə götürdüyünü bildirmişdir. Bu hal xx.xx.2022-ci il tarixli aktda da öz əksini tapmışdır. İmişli rayonunda taxıl bitkisinin satıldığı Əlişükürün məhkəmə icraatına cavabdeh olaraq cəlb edilməsi ilə bağlı iddiaçı və ya cavabdehlər hər hansı bir təşəbbüs göstərməmişlər və məhkəmə də qeyd edilən şəxsin cəlb edilməsinə hazırkı vəziyyətdə lüzum görməmişdir. Cavabdehlər tərəfindən imzalanmış akt və qəbzlərdə iddiaçıya olan borc ödənildikcə azalmış məbləğ qeyd edilmişdir. Lakin işdə olan 2022-ci ilin iyul və dekabr ayında imzalanmış akt və qəbzlərdə bir-birinə ziddiyyət vardır. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF-***, **-BB-***, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı bu günə olan borc yaranmışdır. xx.xx.2021-ci il tarixli aktda göstərilir ki, Cavabdeh1 İddiaçı 35500 manat borcu var və həmin borcu 2023-cü ilin oktyabr ayınadək az-az ödəyib bitirəcəkdir. Həmin akt Cavabdeh1 tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli digər aktdan görünür ki, Cavabdeh1 İddiaçı məxsus 169400 kq toxumluq taxılı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Kamaz markalı **-BF-***, **-BB-***, **-ZA-*** nömrə nişanlı nəqliyyat vasitələri ilə İmişli rayonu Sarxanlı kəndinə daşıyıb aparmışdır. Həmin taxıldan 93170 manat İddiaçı yaranmış borcdan bu günə olan tarixdə 37300 manat ödəniş edilmiş və cavabdehlərin xx.xx.2022-ci il tarixinə 55870 manat borcları qalmışdır. xx.xx.2022-ci il tarixli cavabdehlər Cavabdeh1 , Cavabdeh2 tərəfindən tərtib edilmiş (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd edilməklə) və imzalanmış qəbzdə bildirilmişdir ki, onların İddiaçı 35500 manat borcları vardır və həmin borcu noyabr ayının sonuna kimi ödəyəcəklər. Qəbz Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanaraq təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixində X2 atası X6 iştirakı ilə dəyəri 93170 manat olan 169400 kq İddiaçı məxsus olan taxıl məhsulu xx.xx.2021-ci il tarixinədək İmişli rayonuna daşımışlar. Əvəzində əkin üçün gübrə verəcəklərini bildirsələr də, gübrə verilməmişdir. Onlar tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh1 , Cavabdeh2 vasitəçi olduğu üçün bugünə kimi 49670 manat ödəniş edilmişdir. İddiaçı 43500 manat borcları qalmışdır. Həmin akt Cavabdeh1 , Cavabdeh2, İlahi Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə yuxarıda qeyd edilən akt və qəbzlərin məzmunu eyni zamanda cavabdehlərin məhkəmə iclasında verdikləri izahatında, həmçinin məhkəməyə təqdim edilən izahatında buğda bitkisinə görə toxumun şifahi alqı-satqısı iddiaçı ilə cavabdehlər arasında bağlanmış, cavabdehlər bilavasitə danışıq aparmış, bütün qəbzləri və aktları imzalamış, hətta özlərinin etiraflarına görə iddiaçıdan aldığı taxıl bitkisinin hər kq üçün satdığı şəxsdən əlavə 5 qəpik qazanmışlar. Məhkəmə belə qənaətə gəlmişdir ki, iş üzrə tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, taxılı İmişli rayonuna aparıb 5 qəpik artıq qiymətə satıb, özünün qazancını götürüb qalan məhsulun dəyərini isə iddiaçıya ödəməli idi. Düzdür, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktda cavabdehlərin alqısatqı üzrə 43500 manat borcun olduğu göstərilsə də, ondan daha əvvəl imzalanmış qısa məzmunlu xx.xx.2022-ci il tarixli qəbzdə 35500 manat borcun olduğu qeyd olunmuş və cavabdehlər tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, toxum alqı-satqısı olduqdan sonra borc məbləğinin artan sıra ilə getməsi məntiqə uyğun deyil, çünki cavabdehlər etiraf etmişdir ki, qeyd edilən borclar cavabdeh tərəfindən ödənildikcə azalmışdır. Yəni, cavabdehlərin borcu artan sıra ilə deyil, azalan sıra ilə getməsi daha məntiqəuyğundur. Bu səbəbdən də məhkəmə xx.xx.2022-ci il tarixli qəbzdə 35500 manat borcu əsas götürür və hesab edir ki, həmin borc cavabdehlərdən tutulmalıdır. Bundan əlavə, Cavabdeh1 işləri ilə bağlı aparılmış qeydiyyat kitabından çıxarışlarda 169400 kq buğdanın dəyəri olan 93170 manat pulun Cavabdeh1 və atası Elşad tərəfindən iddiaçıya ödənildiyi qeyd edilmiş, kitabda olan qeydlər birtrəfli qaydada yazılmış, yalnız cavabdehlərin iradəsi ifadə olunmuş, iddiaçının həmin sənədlərdə imzası olmadığından iradəsi ifadə olunmamışdır. Ona görə də qeyd edilən sənədlər borcun qaytarılması hissəsində sübut olaraq qəbul edilmir. Eyni zamanda, cavabdeh tərəfindən “Ammofos” gübrəsinin cavabdehlərə verilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, gübrənin daşınması və qiyməti ilə bağlı sənədlər məhkəməyə təqdim olunsa da, həmin gübrənin məhz İddiaçı verilməsi təsdiq edilməsə də, iddiaçı qeyd edilən 600 kisə gübrənin 2021-ci ilin dekabr ayında ona təhvil verildiyini bildirmiş, cavabdehlər, həmçinin, şahid isə qeyd edilən gübrənin 2022-ci ilin avqust ayında təhvil verildiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 Cavabdeh1la birgə işləməsi nəzərə alınaraq onun ifadəsinin mötəbər sübut olaraq nəzərə alınmasna məhkəmə şübhəli yanaşmışdır. Qeyd edilən gübrənin iddiaçı tərəfindən 2022-ci ilin iyul ayında yuxarıda tərtib edilmiş aktdan sonra, yəni avqust ayında təhvil verilməsini məhkəmə qəbul etmiş olsaydı 2022-ci ilin dekabr ayında tərtib edilmiş aktda olan cavabdehlərin borcu 43500 manat olmazdı, yəni azalardı. Çünki 2022-ci ilin iyul ayında olan qəbzə əsasən borc 35500 manat idi. Tərəflərin izahatlarından müəyyən edilir ki, tərəflər arasında artıq 2021-ci ilin ortalarından borc mübahisəsi yaranmış, 2022-ci ilin avqust ayında tərəflər arasında yeni bir ticarət əlaqəsinin olması inandırıcı görünmür, çünki tərəflərin münasibətlərində həmin dövrdə münaqişəli vəziyyət mövcud idi. İddiaçı tərəfindən cavabdehlərə təkrar pul verilə bilməzdi, çünki o verdiyi buğdasına görə, pulun əvəzində gübrə almağı da qəbul etmək məcburiyyətində idi. Cavabdehlər imzlanmış qəbzlərdən yalnız xx.xx.2022-ci il tarixli qəbzə qeyd edirlər ki, Əlişükürə vasitəçilik etsələr də borcu üzərlərinə götürmüş, borcdan xeyli məbləğin ödənişini aparmışlar. Bununla da iş üzrə tərəflərin arasında münasibətin yarandığı təsdiq edilir. Məhkəmə isə cavabdehin borclarını yuxarıda sadalanan hallar nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən tərtib edilmiş və imzalanmış qəbzdə İddiaçı 35500 manat borclarının olduğunu daha inandırıcı və əsaslı qəbul edir. Bundan əlavə iddiaçı ərizəsində də 8000 manat gübrə üçün verdiyi pulun əvəzində ona gübrənin verilmədiyini və onun qaytarılmadığını bildirir. Qeyd edilən məbləğ çıxılarsa yerdə qalan məbləğ 35500 manat təşkil etmiş olar. İddiaçı tərəfindən əlavə olaraq cavabdehlərə 8000 manat pulun verilməsi təsdiq edilmir. Bundan əlavə iddiaçı özü də qismən etiraf etmişdir ki, cavabdehlər ona ümumilikdə 93170 manat ümumi borcdan 57670 manat pul qaytarmış, borc 35500 manat təşkil etmişdir. Cavabehlər Cavabdeh2 da Cavabdeh1la birlikdə bütün qəbz və aktlarında öhdəliklərinin mövcud olması ilə bağlı irəli sürülən arqumentləri və həmin sənədləri öz iradələri əsasında imzaları ilə təsdiq etməsi məhkəmədə hər iki cavabdehin müştərək olaraq cavabdehlik daşıması qənaətinə gəlməyə əsas vermişdir. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə işin hallarını ümumiləşdirərək belə nəticəyə gəlir ki, cavabdehlərdən müştərək qaydada 35500 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, MPM-in 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iştirak etdiyi məhkəmə iclaslarının sayını və digər halları nəzərə alıb 300 manat hüquqi yardımla bağlı ödənilmiş pul cavabdehlərdən tutulması qənaətinə gəlmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə ödənilməli dövlət rüsumu 223 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən, dövlət rüsumunun 181.99 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 41.01 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 35500 manat məbləğində əsas borc, 181.99 manat dövlət rüsumu və 300 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-656/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-656/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver