Məhkəmə qərarları › İş №e-2-2(117)-659/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-659/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-659/2023 18.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı “1620 manat əsassız borcun silinməsi və ödənilmiş mediasiya rüsumunun cavabdehdən alınaraq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi Cavabdeh İB X3 İdarəsi tərəfindən qazla təmin edilmiş və abonent kodu verilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac şübhəli sərfiyyat səbəbindən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və abonentə başqa sayğac quraşdırılaraq qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra sayğac xx.xx.2022-ci il tarixdə laboratoriya şəraitində Metrologiya Departamneti tərəfindən yoxlanılmaqla kənar təsir nəticəsində plasmas qapağın daxili qulaqcıqlarının kəsilməsi, maqnit ötürücünün dişli çarxının olmaması, hesablama mexanizminin dişli çarxına və maqnit ötürücüsünə ip bağlanması, xətaların normaya uyğun olmaması, sayğaca müdaxilə olunması, yararsız olması müəyyən edilərək qeyriəhalı qaz sayğacının yoxlanması haqqında MS-29/1640-03348-07 nömrəli akt tərtib edilmiş və akt xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən iddiaçı barəsində təbi X1 pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən çıxarılmış sayğacın nominal qazburaxma qabiliyyəti 6 kub m., günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 6480 kub.m – 1620 manat müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün lazımi sənədlər hazırlanmış, bundan sonra təbii qaz təchizatı həyata keçirilmişdir. Aylıq istifadə olunan qazın dəyəri təqdim edilən hesab faktura əsasında tam şəkildə ödənilməkdədir və heç bir borcu olmamışdır. Lakin sonuncu dəfə təqdim edilmiş hesab fakturada 1620 manat borc olduğu göstərilmiş və bildirilmişdir ki, həmin borc ödənilmədiyi halda sahəyə qazın verilişi kəsiləcəkdir. Cavabdeh İB-nin əməkdaşları hesab bildirişin təqdim edilməsi zamanı ona qeyri yaşayış sahəsindən əvvəlki tarixdən açılmış sayğacın nasaz olması müəyyən edildiyi və bu səbəbdən cəriməyə əsasən 1620 manat borc yarandığı bildirilmişdir. Sayğac quraşdırılarkən ona vurulan plomblar sayğac açılarkən onun üzərində və saz vəziyyətdə olmuşdur. Sayğac onun xəbəri olmadan açılmış, sayğaca onun tərəfindən müdaxilə edilməmiş, bundan başqa onun dövlət yoxlamasında iştirakı da təmin edilməmişdir. Hər ay sayğaclara nəzarətçi tərəfindən baxış keçirilmiş, sayğac göstəricisi qeydiyyata alınaraq bildiriş verilmişdir. Sayğacda qüsur olmamışdır. Bundan əlavə aparılmış yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununlarının və “X2”nın tələblərinə uyğun aparılmamışdır. Cavabdeh İB elektron kabinet vasitəsilə iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00001 saylı qaz hesabında 1683,20 manat borc vardır. Həmin borcun 63,20 manat hissəsi sayğac üzrə, 1620 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G6 markalı 28256041 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismar qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 40381883 nömrəli sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli 29/1710-03348-07 nömrəli aktında göstərilmişdir ki, sayğacın kənar təsirlər nəticəsində plastmas qapağın daxili qulaqcıqlarının kəsilib, maqnit ötürücünün dişli çarxının aşkar edilməyib, hesablama mexanizminin dişli çarxına və maqnit ötürcüsünə ip bağlanılıb. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii X1 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (1620 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və sonuncu xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə etirazını və etirazının əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abonentin saldosu, Aktlar, Dəymiş ziyanla bağlı tələbnamə, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan 1620 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB onun tərəfindən aparılan yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydiyyata alınmalı olduğu halda bunu etməmişdir. Göründüyü kimi, aparılmış yoxlama qanunsuzdur. Belə olan halda qanunsuz yoxlama nəticəsində tərtib edilmiş akt və onun əsasında hesablanmış borc da qanunsuzdur. Yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X2”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (kənar təsirlər nəticəsində plastmas qapağın daxili qulaqcıqlarının kəsildiyi, maqnit ötürücünün dişli çarxının aşkar edilmədiyi, hesablama mexanizminin dişli çarxına və maqnit ötürcüsünə ip bağlanıldığı) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqısatqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB tərəfindən fiziki şəxs İddiaçı istifadəsində qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına laborotoriya baxışı keçirilmişdir. Sayğacın kənar təsirlər nəticəsində plastmas qapağın daxili qulaqcıqlarının kəsildiyi, maqnit ötürücünün dişli çarxının aşkar edilmədiyi, hesablama mexanizminin dişli çarxına və maqnit ötürcüsünə ip bağlanıldığı aşkar edilərək, bununla bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 6480 m3 olmaqla dəyəri 1620 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Bundan başqa aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmiş və cavabdehin qurumu olan laborotoriyada sayğacın yoxlanılması zamanı iddiaçının iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir ki, digər sübutetmə vasitələri olmadan cavabdehin qurumu olan laborotoriyanın rəyi mötəbər deyildir. Belə ki, laborotoriya cavabdehin qurumudur və sonuncunun mənafeyinə uyğun rəy verə bilməsi mümkündür. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Göründüyü kimi, tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən yoxlama qanuni əsas olmadan aparılmış, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqəti əks etdirsə belə, aparılmış yoxlama qanunsuz olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından borcun hesablanmasına dair Azəriqaz İB-nin hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 36,20 manat təşkil edir. İddia tələbi təmin edildiyindən cavabdehdən 36,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı təbii qazın itkisinə görə hesablanmış 1620 manat manat borc silinsin. Cavabdeh İB-dən 60 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh İB-dən 36,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar