Məhkəmə qərarları › İş №e-2-2(117)-665/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-665/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-665/2024 29.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “cavabdehdən 15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun müştərək qaydada tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hər birindən 7510 manat olmaqla, cəmi 15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 2021-ci il tarixində Oğuz rayonu, Kərimli kəndində yerləşən inşaat materialları mağazasına gələrək Oğuz rayon, Xalxal kəndində Cavabdeh2 ilə birlikdə inşa etdikləri binanın tikintisi üçün inşaat materialları almışdırlar. O, cavabdehlərə inanaraq malları nisyə vermişdir. Cavabdehlər öhdəliklərini düzgün yerinə yetirməmiş və ödənilməmiş 15020 manat borcları qalmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixində iddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 almış olduğu malları digər Cavabdeh1 məxsus obyekt üçün istifadə etdiyini nəzərə alaraq iddia tələbinin “15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun Cavabdeh1 tutulması” kimi qəbul ediməsini və həmin tələbin təmin edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 anası (tərəflərin etiraf etdikləri fakt) X1 rayonu Xal-Xal kəndi ünvanında yerləşən 250 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh2 1 illik icarəyə vermişdir. Bununla yanaşı iddiaçı tərəfindən 75 ədəd satış qaiməsinin surətləri məhkəməyə təqdim olunmuş, həmin qaimələrdən göründüyü kimi alıcı qismində qeyd olunmuş “Nəsimi Xal-Xal” adlı şəxsə müxtəlif tarixlərdə inşaat malları satılmış, qəbzlərin bir çoxunda təhvil verilən hissədə müvafiq imzalar olsa da, təhvil alınan hissədə imzalar aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə aralarında inam və razılıq olub, bu səbəbdən də nisyə mallar satılmışdır. Sonradan satılmış malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh borcunun olduğunu “Whatsapp” yazışmaları və səs yazıları vasitəsilə etiraf etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o iddiaçıdan heç bir mal almamışdır. Məhkəmə aidiyyəti məsələsinə məhkəmə baxdıqdan sonra işə Nərimanov rayon məhkəməsində baxılan zaman izahatını verəcəkdir. Eyni zamanda içərisində iki ədəd səs yazısı olan audio-disk məhkəməyə təqdim olunmuş və həmin səs yazısı məhkəmə iclasında tərəflərin razılığı və iştirakı ilə dinlənilmişdir. Cavabdeh1 qeyd edilən diskdə İddiaçıla danışıq aparan şəxsin həqiqətən də özü olduğunu və həmin yazıda cavabdeh sonuncu dəfə 1000 manat məbləğində ödəniş etdiyini və təxminən 11000 manat borcunun qaldığını bildirir. Həmçinin, Cavabdeh1 qeyd edilən borcun Cavabdeh2la heç bir əlaqəsinin olmadığını bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia əsassızdır, iddiaçıya borcu yoxdur, obyekt Cavabdeh1 anasına məxsusdur, həmin obyekti icarəyə götürmüş, gəliri az olmuşdur, mallar həmin obyektə qəbul edilmiş və onun tərəfindən qəbul edilsə də həmin obyekt Cavabdeh1 aid olduğu üçün ona təhvil vermişdir. Belə ki, ilk dəfə Cavabdeh1la İddiaçı Oğuz rayonundan olduğu üçün o tanış etmiş və bu alqı-satqıya şəraiti o yaratmış, lakin alınan malların ona hər hansı bir aidiyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, iddiaçı atasıdır, mağazanı o da işlədir və satılan mallardan xəbərdardır. Cavabdeh2 ilə münasibətləri yaxşı olduğu üçün ona inanmış, onun xahişi ilə Cavabdeh1la tanış olmuş və sonuncuya inşaat materialları vermişdir. Qeyd edilən qaimələrdə tikilən obyekt Oğuz rayonunun Xal-xal kəndində olduğundan “Nəsimi Xal-xal” qeyd edilmişdir. Cavabdeh2 malları Cavabdeh1 və onun anasına məxsus obyektə təhvil alsa da, Cavabdeh1 üçün qəbul etmişdir. Qeyd edilən qaimələrin hamısını “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Cavabdeh1 təqdim etmiş, sonuncunun hər hansı bir etirazı olmamışdır. Həmin çıxarışları atası məhkəməyə təqdim etmişdir. Cavabdeh1 ilə son zamanlar aralarında telefon danışığı olmuş, mübahisələri olan zaman ona nalayiq sözlər demiş və bununla da münasibətləri kəskinləşmiş və sonuncu pulu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Cavabdeh1 şahidin bildirdiklərinə hər hansı münasibət bildirməmiş və susmaq hüququndan istifadə etdiyini bildirmişdir. Məhkəməyə təqdim olunmuş bir ədəd nisyə verilən malların qeydiyyatı və ödəmələrin aparıldığı jurnala məhkəmə tərəfindən baxış keçirilmiş və həmin jurnaldan məhkəmə iclasında edilən çıxarışdan-hesab vərəqindən görünür ki, cavabdeh ümumilikdə 16.020 manat dəyərində mal almış, sonuncu dəfə 1000 manat ödəniş etmiş və 15020 manat borc qalmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara icarə müqaviləsi, qəbzlər, ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. İddiaçı xx.xx.2024-cü il tarixə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 almış olduğu malları digər Cavabdeh1 məxsus obyekt üçün istifadə etdiyini nəzərə alaraq iddia tələbinin “15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun Cavabdeh1 tutulması” kimi qəbul ediməsini və həmin tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazılıq iclası və məhkəmə baxışı iclasında araşdırma aprıldıqdan sonra tərəflərin izahatı və təqdim etdikləri sübutlar əsasında iş üzrə hallar müəyyən edilmiş, ona görə də məhkəmə iddiaçıya prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prosessual hərəkətlərinin nəticələrini izah etmiş, iddiaçı iddia tələbində dəqiqləşmə aparmış və iddia tələbində dəqiqləşmə məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 2021-ci il tarixində Oğuz rayonu, Kərimli kəndində yerləşən inşaat materialları mağazasına Cavabdeh2 ilə birlikdə gələrək Oğuz rayon, Xalxal kəndində inşa etdiyi istirahət mərkəzində bina və kottejlərin tikintisi üçün inşaat materailları almışdırlar. İddiaçı tərəf öhdəliyini yerinə yetirsə də digər tərəf öhdəliyini tam yerinə yetiməmiş və ödənilməmiş 15020 manat borc qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh1 anası X1 rayonu Xal-Xal kəndi ünvanında yerləşən 250 kv.m olan qeyriyaşayış sahəsini Cavabdeh2 1 illik icarəyə vermişdir. İddiaçı tərəfindən 75 ədəd satış qaiməsinin surətləri məhkəməyə təqdim olunmuş, həmin qaimələrdən göründüyü kimi alıcı qismində qeyd olunmuş “Nəsimi Xal-Xal” adlı şəxsə müxtəlif tarixlərdə inşaat malları satılmışdır. Məhkəməyə təqdim olunmuş nisyə malların satılmasına dair qeydiyyat jurnalından edilmiş çıxarışdan müəyyən edilir ki, cavabdeh ümumilikdə 16.020 manat dəyərində mal almış və cəmi 1000 manat ödəniş etmişdir. Əlavə olaraq içərisində iki ədəd səs yazısı olan audio-disk məhkəməyə təqdim olunmuş, həmin səs yazısı tərəflərin razılığı və iştirakı ilə dinlənilmişdir. Cavabdeh1 səs yazılarında bildirmişdir ki, o, 1000 manat ödəniş etmiş və onun təxmini 11000 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh1 bildirmişdir ki, həqiqətən də diskdə mövcud olan səs yazısı ona məxsusdur. Cavabdeh1 borcunun hansı səbəbdən 15020 manat deyil, təxminən 11000 manat olmasını əsaslandırmamış, susmuş və borcunun ödənilməsinə dair sübutları təqdim etməmişdir. Qeyd edilən halda iddiaçı tələbinin əsasını sübut etmək üçün arqumentlərini ortaya qoysa da, cavabdeh tərəf etrazının əsasını sübut edə bilməmiş, bu halla münasibət bildirməmiş və susmuşdur. Bundan əlavə Cavabdeh1 borcunun mövcud-olub olmamasına dair verilən sualları cavabsız qoyub sussa da, Cavabdeh2 hazırkı borcla əlaqəsi olmadığını bildirmişdir. Eyni zamanda işdə olan sübutlar əsasında Cavabdeh2 Oğuz rayonunda yaşayan şəxs olduğundan inşaat materiallarının alınmasında Cavabdeh1 köməklik göstərərək iddiaçı ilə onu tanış etmiş, hətta digər cavabdehin anasının adına rəsmiləşdirilmiş Xal-xal kəndində yerləşən sahibkarlıq obyektini icarəyə götürərək istifadə etmiş, bu səbəbdən qeyd edilən obyektə göndərilən inşaat malları onun tərəfindən qəbul edilsə də, inşaat malları Cavabdeh1 məxsus obyektdə istifadə olunmuşdur. Qeyd edilən inşaat materiallarının qaimələri Cavabdeh1 məxsus mobil nömrədə olan “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona təqdim edilmişdir. Düzdür Cavabdeh1 şahidin bildirdiyi bu fakta heç bir münasibət bildirməmiş, susmuş və heç bir söz deməyəcəyini bildirmişdir. Məhkəmə sübutların araşdırılması nəticəsində belə qənaətə gəlir ki, tərəflər arasında həqiqətən də alqı-satqı münasibətləri olmuş, Cavabdeh2 alqı-satqı prosesində iştirak etsə də, malları alan Cavabdeh1 olmuş və həmin materiallar ona faktiki olaraq məxsus olan sahibkarlıq obyektində istifadə olunmuşdur. Məhkəmə tərəflərin izahatları və işin hallarının araşdırılması nəticəsində müəyyənləşdirmişdir ki, Cavabdeh2 hazırkı mübahisə ilə bağlı inşaat mallarını alan şəxs olmamış, həmin malların alınmasında Cavabdeh1 köməklik göstərmişdir. Beləliklə nəticə ondan ibarətdir ki, Cavabdeh1 iddiaçıya olan 15020 manat borcu mövcuddur və cavabdeh məhkəmə iclaslarında və səs yazısında cəmi 11000 manat borcunun olduğunu bildirsə də bununla bağlı heç bir təsdiqedici sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin üzərinə isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə işin hallarını ümumiləşdirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 15020 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Vəkilin işdə iştirakı və aktivliyi nəzərə alınmaqla hüquqi yardımla bağlı ödənilmiş 200 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 200 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 15020 manat məbləğində borc, 200 manat mediasiya xərci və 200 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar