Məhkəmə qərarları › İş №e-2-2(117)-677/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-677/2023

21.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-677/2023 21.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “3599,51 manat əsas borc, 380,43 manat faiz borcu, 86,98 manat cərimə borcu olmaqla cəmi 4066,92 manat borcun, 60 manat mediasiya xərcinin və 0,67 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6-MCR-1-238- 22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh1 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50% ilə 100000 manat (kreditin verildiyi məqamda mövcud olan valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 6-MCR-1-238-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 24 ay müddətinə aylıq 2,08 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada öhdəsinə götürmüşdür. Eyni zamanda öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə Z/01702/22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin Cavabdeh2 kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla bank qarşısında borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ASC cavabdehin ödənilməmiş 3599,51 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 380,43 manat faiz borcu, 86,98 manat cərimə borcu olmaqla cəmi 4066,92 manat borcu olduğunu əsas gətirərək borcun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə ünvanları üzrə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit limiti müqaviləsi, kredit razılaşması və ona 1 nömrəli əlavə, zaminlik müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 6-MCR- 1-238-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 24 ay müddətinə aylıq 2,08 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 3599,51 manat əsas borc, 380,43 manat faiz və 86,98 manat cərimə borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından həmin borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (4066,92 manat) ödənilməli dövlət rüsumu 60,67 manat olmalıdır. İddia tələbi edildiyindən 60,67 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 1 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı 0,67 manat dövlət rüsumunu tələb etdiyindənn 0,67 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya, 59,67 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3599,51 manat əsas borc, 380,43 manat faiz borcu, 86,98 manat cərimə borcu, 60 manat mediasiya xərci və 0,67 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 59,67 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar