Məhkəmə qərarları › İş №e-2-2(117)-684/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-684/2025

04.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-684/2025 04.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı **********00000 saylı hesabında qeydə aldığı 2024-cü ilin avqust ayında 396 manat, sentyabr ayında 715 manat, oktyabr ayında 925.50 manat, noyabr ayında 1711.25 manat, dekabr ayında 1230 manat, 2025-ci ilin yanvar ayında 2592.58 manat, fevral ayında 1546.41 manat, mart ayında 33229.77 manat, ümumilikdə 42346.51 manat əlavə borc məbləğinin (cərimlərin) silinməsi və məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu, Elşən Kərimov küçəsində yerləşən **********00000 saylı abonent kodu olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri mütəmadi olaraq daim İddiaçı tərəfindən vaxtlı vaxtında ödənilmişdir. Nəhayət 2024-cü ilin avqust ayınadək istifadə etdiyi təbii qazın dəyərinin hesablanmasında hər-hansı anlaşılmamazlıq olmamışdır. Bundan sonra isə abonent koduna 2024-cü ilin avqust ayında 396 manat, sentyabr ayında 715 manat, oktyabr ayında 925.50 manat, noyabr ayında 1711.25 manat, dekabr ayında 1230 manat, 2025-ci ilin yanvar ayında 2592.58 manat, fevral ayında 1546.41 manat sayğac sərfiyyatından əlavə akt əsasında cərimələr yazılmışdır. Lakin cavabdeh tərəfindən İddiaçı fəaliyyətilə bağlı məhdudiyyətlər, süni maneələr yaradılmaması üçün həmin məbləğlər mübahisələndirilməmiş, lakin bununla belə həmin cərimələrlə razılaşmadığından ödənilməmişdir. Nəhayət Cavabdeh İB-nin əməkdaşları 2025-ci ilin mart ayında İddiaçı məxsus qeyri yaşayış sahəsinə iştirakı olmadan baxış keçirmiş və nöbəti ay üçün xx.xx.2025-ci il tarixli 54 nömrəli hesab faktura təqdim edildikdə ödənilməli olan borc məbləği 52713.83 manat göstərilmişdir. Borcun yaranma mənbəyi göstərilməsə belə hesab faktura üzrə qeyd olunan borc məbləği ödənilmədiyi təqdirdə müəssisəsinin qaz təchizatı əlavə məlumat verilmədən dayandırılacağı barədə xəbərdar edilib. Öz növbəsində İddiaçı həmin borcla razılaşmadığından yalnız aylıq sayğac göstəricisi ilə qeydə alınan 12226.20 manat borcu ödəmişdir. Cavabdeh İB özünə qarşı hər ay 2024-cü ilin avqust ayından qanunsuz cərimələr tətbiq etdiyindən və sonuncu dəfə mart ayında 33229.77 manat cərimə yazıldığından hazırda İddiaçı dövr ərzində yazılmış cəriməni mübahisələndirmək qərarına gəlmişdir. Beləliklə 2024-cü ilin avqust ayından bu günədək ümumi 42346.51 manat aktlar əsasında cərimələr yazılmışdır. Həmin qanunsuz cərimələrin silinməsi, əks halda borcun yazılmasına əsas olmuş sənədlərin təqdim edilməsi barədə qarşı tərəf pretenziya qaydada xəbərdar olunmuşdur. Lakin bugünədək pretenziyaya rəsmi münasibət bildirilməmiş və cərimələrin yazılmasına əsas olmuş sənədlər təqdim edilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməkdədir. Hesab edir ki, yoxlayıcılar plandankənar yoxlamanın aparılması üçün, yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etməmiş, yoxlayıcılarının adları göstərilməklə vahid məlumat reyestrindən çıxarış alınmamış, yoxlamanın keçirlməsi ilə əlaqədar suallar müəyyən edilməmiş, eyni surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı, yoxlama sualları sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Bunun əksini sübut edəcək hər hansı sənədə də imza etdirilməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdeh təşkilatın nümayəndələri hər hansı cərimənin yazması üçün qeyri yaşayış sahəsində olan cihazlara baxış keçirlməsi lazımdı və bunun üçün “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3.5- 1-ci maddəsində nəzərdə tutulmuş qaydada sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini yoxlanılmalıdır. Sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini yoxlanılması isə plan (növbəti) üzrə yoxlamanın təsir dairəsinə düşür və bunun üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən, özünə məxsus sahibkarlıq subyektinin yoxlamanın aparılması planı yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən təsdiqlənərək əvvəlki cari ilin 1 noyabr tarixindən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron formada təqdim etməli və müvafiq icra hakimiyyəti orqanı həmin planları yoxlamaların vahid məlumat reyestrində yerləşdirməli idi. Bununla belə qanunda nəzərdə tutulmuş sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini yoxlanılmasını təkcə hazırkı Cavabdeh həyata keçirməsi mümkün deyildir.

3. Cavabdeh İstahsalat Birliyi xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı f/ş İddiaçı silinməsi tələb etdiyi 42346.51 manat borc həmin ünvanda xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt əsasında 396 manat, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt əsasında 715 manat, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt əsasında 925.50 manat, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt əsasında 1711.25 manat, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akt əsasında 1230 manat, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş akt əsasında 2592.58 manat, xx.xx.2025- ci il tarixdə tərtib edilmiş akt əsasında 1546.41 manat, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş akt əsasında 33229.76 manat əsasında yazılmışdır. Belə ki, f/ş İddiaçı məxsus qeyri- yaşayış sahəsinin qaz xəttində quraşdırılmış G-787 markalı 80098562 nömrəli qaz sayğacına keçirilən baxış zamanı onun elektron göstəricisi dayandığı müəyyən edildiyindən qaz sərfi hesabat kofisentə əsasən mexaniki göstərici ilə aparılmaqla müvafiq olaraq xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli hesabat aktları tərtib edilmişdir. Hesabat xx.xx.2024-cü il tarixli akta əsasən 7199 m3 x 1.22 k – 7199 m3 = 1584 m3 x 0.25 m = 396 man, xx.xx.2024-cü il tarixli akta əsasən 8411 m3 x 1.34 k– 8411 m3 = 2860 m3 x 0.25 m = 715 man, xx.xx.2024-cü il tarixli akta əsasən 16828 m3 x 1.22 k – 16828 m3 = 3702 m3 x 0.25 m = 925.50 man, xx.xx.2024-cü il tarixli akta əsasən 31114 m3 x 1.22 k – 31114 m3 = 6845 m3 x 0.25 m = 1711.25 man, xx.xx.2024-cü il tarixli akta əsasən 22364 m3 x 1.22 k – 22364 m3 = 4920 m3 x 0.25 m = 1230 man, xx.xx.2025ci il tarixli akta əsasən 41515 m3 x 1.22 k – 41515 m3 = 9133 m3 x 0.2850 m = 2592.58 man, xx.xx.2025-ci il tarixli akta əsasən 24663 m3 x 1.22 k – 24663 m3 = 5426 m3 x 0.2850 m = 1546.41 manat şəklində aparılaraq abonent bazasında qeydiyyata alınmışdır. Daha sonra iddiaçı f/ş İddiaçı məxsus qeyri- yaşayış sahəsində istismarda olan G-787 markalı 80098562 nömrəli qaz sayğacına və qaz təsərrüfatına baxış keçirilməsi üçün xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında KY252287177 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Belə ki, istismarda olan qaz sayğacına baxış keçirilən zaman korrektorun “port” hissəsinin qoruyucu örtüyünün kənar təsir nəticəsində deşildiyi, xüsusi nömrəli plombun olmadığı, dövlət yoxlamasının vaxtının bitməsi aşkarlandı. Nəticədə həmin akt əsasında sayğacın elektron hissəsinin işləmədiyi gündən əmsal tətbiq etməklə sərfiyatın yenidən hesablanaraq abonentin qaz sərfiyyatına əlavə edilmişdir. Başqa sözlə baxışın nəticələrini özündə əkst etdirən xx.xx.2025-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında sayğacın elektron hissəsinin işləmədiyi 2024-cü ilin avqust ayından yeddi ay müddətində yenidən hesabat aşağıdakı kimi müəyyən edilmişdir: 85916 m3 x 2.05 k = 176128 m3, 176128 m3 – 105827 m3 = 70301 m3, 70301 m3 x 0.25 m = 17575.25 man; 41515 m3 + 24663 m3 = 66178 m3 x 2.05 k = 135665 m3, 135665 m3 – 80737 m3 = 54928 m3, 54928 m3 x 0.285 m = 15654.48 man; 70301 m3 + 54928 m3 = 125229 m3, 17575.25 m + 15654,48 m = 33229.73 man. Hesabatın nəticəsi olaraq hesabatı aparılmış 33229.73 manat əlavə sərfiyyatın məbləği abonentin hesabatında qeydiyyata alınmışdır. Nəzərə çatdırır ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Göstərilənlərə əsasən, F/ş İddiaçı Cavabdehnə qarşı Cavabdeh İBnin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 42346.51 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi üzrə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı ilə cavabdeh arasında alqısatqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı qaz sayğacı ilə təchiz edilmişdir. 2024-cü ilin avqust ayınadək tərəflər arasında qaz ilə bağlı heç bir mübahisə olmamış və müvafiq olaraq sayğac hesablanmasında göstərilən məbləğlərə uyğun olaraq iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir. İddiaçı aylıq ona təqdim edilən qəbzləri görüb ona uyğun ödənişlər etmişdir. 2024-ci ilin avqust ayında müəyyən olunur ki, həmin qaz sayğacının göstəricisi qeyd olunan hissənin mexaniki yox, digər hissəsi sıradan çıxmışdır. Bununla bağlı cavabdeh quruma məlumat verilmişdir. Nöqsanı aradan qaldırmaq əvəzinə əsasız cərimələr hesablanmışdır. Hətda cərimə ilə birlikdə sərfiyyatı da hesablayırlar. Hər ay üçün ayrıca cərimələri hesablayıb göstərirlər və 2025-ci ilin yanavar ayında 2592 manat 58 qəpik, fevral ayında 1546 manat 41 qəpik sayğac sərfiyyatından əlavə cərimə hesablayırlar. Sonuncu dəfə mart ayında 33229 manat 77 qəpik cərimə məbləği hesablanmışdır. Ümumilikdə 42346 manat 51 qəpik əlavə borc məbləği müəyyən edilmişdir. İddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, hazırki mübahisə predmenti olan, borcun silinməsinə səbəb olan mübahisə bundan ibarətdir ki, 2024-cü ilin avqust ayından 2025-ci ilin mart ayının 10-dək olan dövr ərzində həmin ünvanda istismarda olan sayğacın elektron hissəsinin işləməməsi ilə bağlı problem yaranmışdır. 2025-ci ilin mart ayında sayğac həmin ünvandan açılmış və qüsur aradan qaldırılmışdır. Lakin keçən dövr ərzində avqust və fevral ayına kimi olan dövr ərzində olan hissələrdə sayğacın elektron hissəsinin işləməməsi ilə bağlı əlavə hesabat aparılmış və istehlakçının abonent hesabına qeydə alınmışdır. Mart ayında qeydiyyata alınan 33229 manat 77 qəpik həmin dövrdə qeydiyyata alınmayan əlavə sərfiyyat kimi Azəriqaz İstehsalat birliyi tərəfindən yenidən hesabat aparılmış və abonent bazasında qeydiyyata alınmış və 42346 manat 51 qəpik itirilmiş qazın həcmi müəyyən edilmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, 33229 manat 77 qəpiyin, 17575 manat 25 qəpik hissəsi 2024-cü ilin avqust ayından dekabr ayının 31dək olan dövrü əhatə edir ki, bu da 25 qəpikdən hesablanmışdır. Yanvar və fevral aylarında isə 15654 manat 48 qəpik hesabat aparılmış və 0.28 qəpiklə hesablanmışdır. Ümumilikdə sayğacın elektron hissəsinin işləməməsi nəticəsində qeyd olunan əlavə borc məbləği 42346 manat 51 qəpik təşkil edir. Hesab edir ki, iddiaçının iddiası əsassızdır və iddianın rədd edilməsini məhkəmədən xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yoxlama aktından görünür ki, İddiaçı məxsus Qəbələ rayonu Elşən Kərimov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (“Garden” hotel) mexaniki qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçrilmişdir.

8. İş materiallarında olan Azəriqaz İB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “təbbi qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Qəbələ rayonu Elşən Kərimov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (“Gabala Garden” hotel) mexaniki 80098562 zavod nömrəli qaz sayğacına Cavabdeh İBnin əməkdaşları Pirməmmədov Ayaz, Əliyev Elvin və Məmmədov Arif tərəfindən baxış keçirilmiş və baxış nəticəsində korrektorun “port” hissəsinin qoruyucu örtüyünün kənar təsir nəticəsində deşildiyi, xüsusi nömrəli plombun qırıldığı, dövlət yoxlaması vaxtının bitməsi aşkarlanmışdır. Sayğacın dövlət yoxlamasına göndərilməsi və elektron hissəsinin işləmədiyi gündən əmsal tətbiq edilməklə sərfiyyatın yenidən hesablanaraq abonentin qaz sərfiyyatına əlavə olunması qərara alınmışdır. Akt Cavabdeh İB-nin həmin əməkdaşları tərəfindən imzalanmışdır. Aktın iddiaçının nümayəndəsi tərəfindən imzalanmasından imtina edilmişdir.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Cavabdeh İB tərəfindən tərtib edilmiş inventar aktında İddiaçı məxsus Qəbələ rayonu Elşən Kərimov küçəsində yerləşən qeyriyaşayış sahəsində olan qazdan istifadə olunan qurğuların adları qeyd edilmişdir.

10. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 061 nömrəli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli 050 nömrəli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli 059 nömrəli, xx.xx.2025-ci il tarixli, xx.xx.2024-cü il tarixli 069 nömrəli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli 003 nömrəli, xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, İddiaçı məxsus Qəbələ rayonu Elşən Kərimov küçəsində yerləşən qeyri-yaşayış sahəsində aparılan yoxlama zamanı itirilmiş qaz sərfiyyatın dəyəri hesablanmış və aktlar üzrə qeyd edilmişdir

11. İş materiallarında olan xx.xx.2025-ci il tarixli KY252287177 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istisamara qəbulu” haqqında aktdan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində olan qaz sayğacı dövlət yoxlamasına aparılması məqsədi ilə götürülmüş və yerinə müvəqqəti qaz sayğacı quraşdırılmışdır.

13. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona məxsus **********00000 nömrəli abonent kodu üzrə 2025-ci ilin aprel ayına akt üzrə borc 63703,31 manat təşkil etmişdir.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hesab fakturadan görünür ki, İddiaçı məxsus abonent koduna Cavabdeh İB tərəfindən cəmi 45455,99 manat məbləğində borc hesablanmış və həmin borcun ödənilməsi cavabdehdən tələb edilmişdir.

15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı əsasında verilən Azərbaycan Respublikası Energetika Nazirliyi və X1 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus ünvan 1 ünvanında **********00000 nömrəli abonent hesabına qeydə aldığı 2024-cü ilin avqust ayında 396 manat, sentyabr ayında 715 manat, oktyabr ayında 925.50 manat, noyabr ayında 1711.25 manat, dekabr ayında 1230 manat, 2025-ci ilin yanvar ayında 2592.58 manat, fevral ayında 1546.41 manat, mart ayında 33229.77 manat borc məbləği (cərimə) sayğacdan istifadəyə görə deyil, G-400 markalı, 80098562 zavod nömrəli qaz sayğacının elektron göstəricisinin dayanmasına görə hesablanmışdır. Yuxarıda qeyd olunan borcların İddiaçı məxsus abonent koduna hesablanması Cavabdeh İB-nin təqdim etdiyi aktlarda və digər sənədlərdə göstərilən məlumatları nəzərə almaqla qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, İddiaçı fiziki şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nin 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısının üzərinə qoyulmuşdur. Cavabdeh sayğacın işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik daşıdığı halda, sayğacın işlək vəziyyətdə saxlanılmasını təmin etməmişdir. Cavabdehin nümayəndələri tərəfindən 2024-cü ilin avqust ayından 2025-ci ilin aprel ayınadək hər ay sayğacın göstəriciləri oxunarkən elektron göstəricinin dayanması müşahidə olunmuş, lakin sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi təmin edilməmişdir. Bundan başqa sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin tələb edilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən pozuntuda istehlakçının təqsiri olmuş olsun. Nə qaydalarda, nə də “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununda istehlakçının təqsiri olmadan qaz sayğacının işləmədiyi dövr üçün müxtəlif korreksiya əmsalları tətbiq edilməklə sayğacın elektron göstəricisinin işləmədiyi halda qaz məbləğinin müvafiq hesablanması nəzərdə tutulmamışdır.

V . Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

17. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun; 3.5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3.5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6-4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. 13.6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə. 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”; 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 4.2. məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

VI. Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.

20. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında hazırki iddiaçıya cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz borcunun silinməsindən irəli gəlir.

21. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı məxsus Qəbələ rayonu Elşən Kərimov küçəsində yerləşən qeyri-yaşayış sahəsində olan mexaniki qaz sayğacına Azəriqaz İB-nin əməkdaşları tərəfindən baxış keçrilmiş və bununla bağlı xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Baxış nəticəsində qaz sayğacının korrektorun “port” hissəsinin qoruyucu örtüyünün kənar təsir nəticəsində deşildiyi, xüsusi nömrəli plombun qırıldığı, dövlət yoxlaması vaxtının bitməsi aşkarlanmışdır. Sayğacın dövlət yoxlamasına göndərilməsi və elektron hissəsinin işləmədiyi gündən əmsal tətbiq edilməklə sərfiyyatın yenidən hesablanaraq abonentin qaz sərfiyyatına əlavə olunması qərara alınmış və itirilmiş qaz sərfiyyatının dəyəri iddiaçıdan tələb edilmişdir.

22. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus qaz sayğacına baxış keçirərək sayğacın zədələndiyi iddiası ilə ona əlavə akt üzrə borc hesablaması ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın tələblərinə uyğun deyildir. Belə ki, qaydalara əsasən cavabdeh (Azəriqaz İB) sayğacın işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik daşıyır. Lakin cavabdeh sayğacın işlək vəziyyətdə saxlanılmasını təmin etməmişdir. Cavabdehin nümayəndələri tərəfindən 2024-cü ilin avqust ayından 2025-ci ilin aprel ayınadək hər ay sayğacın göstəriciləri oxunarkən elektron göstəricinin dayanması müşahidə olunmuş, lakin sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi təmin edilməmişdir. Bundan başqa sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin tələb edilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən pozuntuda istehlakçının təqsiri olmuş olsun.

23. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus qeyriyaşayış sahəsində olan qaz sayğacına qanunsuz müdaxilənin (korrektorun “port” hissəsinin qoruyucu örtüyünün kənar təsir nəticəsində deşilməsi, xüsusi nömrəli plombun qırılması) olması aşkar edildiyi iddia edilir və akt məhz bununla bağlı tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İB tərəfindən həmin akt tərtib edildikdən sonra da qanunvericiliyə uyğun müvafiq tədbirlər görülməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6.5-ci bəndində qeyd olunduğu kimi qaz sayğacına qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi qaz paylayıcısı tərəfindən sayğaca qanunsuz müdaxilə aşkar edildiyi halda akt tərtib edilməli inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. Lakin Cavabdeh tərəfindən bu qaydaya əməl edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

24. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Məhz bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçının sayğacdan kənar paylayıcı şəbəkəyə qoşularaq təbii qazdan istifadə etməsi ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün kifayət edir.

26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan Cavabdeh İstahsalat Birliyi tərəfindən ünvan 2 ünvanda təbii qazdan istifadəyə görə İddiaçı **********00000 nömrəli abonent koduna hesablanmış 42346,51 manat məbləğində borc silinməlidir.

27. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddia tələbinə uyğun olaraq ödənilmiş 218 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİ. Nəticə:

28. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh İstahsalat Birliyi tərəfindən ünvan 2 ünvanda təbii qazdan istifadəyə görə İddiaçı **********00000 nömrəli abonent koduna hesablanmış 42346,51 manat məbləğdə cərimə borcu silinsin. Ödənilmiş dövlət rüsumununa görə 218 manat məbləğdə pul Cavabdeh İstahsalat Birliyindən tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar