Məhkəmə qərarları › İş №e-2-2(117)-686/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-686/2025

09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-686/2025 09.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 12835.32 manat kredit borcu, 1382.90 manat faiz borcu və 469.78 manat cərimə borcu olmaqla, ümumilikdə 14688 manat məbləğində borcun və ödənilmiş 134.06 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 12835.32 manat kredit borcu, 1382.90 manat faiz borcu və 469.78 manat cərimə borcu olmaqla, ümumilikdə 14688 manat məbləğində borcun və ödənilmiş 134.06 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 (kredit alan), Cavabdeh1, X1 (zaminlər) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 026L**********69 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 80 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin (Cavabdeh1, X1) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 14 000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli 026S**********01 nömrəli (zamin Cavabdeh2) və 026S**********01 nömrəli (zamin Cavabdeh1) qoşulma barədə sazişlərə əsasən, zamin, borclunun xx.xx.2022-ci il tarixli 026L**********69 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasında yaranan öhdəliklərini təmin etmək məqsədilə bu sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq, müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 026R********** nömrəli razılaşma üzrə 12835.32 manat əsas, 1382.90 manat faiz, 183 gün gecikdirmə üçün hesablanmış 469.78 manat cərimə borcu mövcuddur. Cavabdeh razılaşma üzrə kredit borcundan cəmi 1164.68 manat ödəniş etmiş və onun ödənilməmiş 12835.32 manat borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, qoşulma barədə saziş, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tələbin “kredit razılaşması üzrə 12835.32 manat əsas borcun, 1382.90 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 14 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun kredit razılaşması üzrə 12835.32 manat kredit borcu, 1382.90 manat faiz borcu qalmışdır. Bu hal maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Məhkəmə tələbin kredit razılaşması üzrə 469.78 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə və qoşulma barədə sazişə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh3 öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada kredit razılaşması üzrə 12835.32 manat əsas bоrc, 1382.90 manat faiz borcu və 469.78 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 134.06 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 134.06 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tələb edildiyindən 134.06 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 12835.32 manat əsas bоrc, 1382.90 manat faiz borcu və 469.78 manat cərimə borcu olmaqla, cəmi 14688 manat pul və 134.06 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar