Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-69/2023 22.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “035R********** nömrəli kredit razılaşması üzrə 2280,70 manat məbləğində kredit borcu, 685,85 manat məbləğində faiz borcu və 1241,88 manat cərimə borcu olmaqla, cəmi 4208,43 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 2,08 manat məbləğində dövlət rüsumunun və 60 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair işə məhkəmə üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : xx.xx.2018-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 035L**********01 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən, cavabdehə ödəniləcək məbləğ və müddətin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında borcalanın kredit xətti müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 035S**********01 nömrəli və 035S**********02 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 035R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 18 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 2280,70 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh3 borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 2280,70 manat məbləğində kredit borcu, 685,85 manat faiz borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdeh3 poçt vasitəsilə kağız daşıyıcıda etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3, 448.4, 458.2 və 458.1-ci maddələrini qeyd etmiş, etirazını əsaslandırmamış, iddiaçı bankın ona qarşı ədalətsiz iddia qaldırdığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/2247 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh3 iddiaçı banka xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) 2328,78 manat əsas, 608,86 manat faiz borcu, xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət edildiyi tarix) 2328,78 manat əsas, 714,95 manat faiz borcu vardır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit xətti müqaviləsi, Kredit razılaşması, Zaminlik müqavilələri, Xəbərdarlıq məktubları, Hesabdan çıxarış, Ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 035L**********01 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən, cavabdehə ödəniləcək məbləğ və müddətin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında borcalanın kredit xətti müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 035S**********01 nömrəli və 035S**********02 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 035R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 18 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3000 manat məbləğində kredit verilmişdir. İşin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/2247 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh3 iddiaçı banka xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) 2328,78 manat əsas, 608,86 manat faiz borcu, xx.xx.2023-cü il tarixə (məhkəməyə müraciət edildiyi tarix) 2328,78 manat əsas, 714,95 manat faiz borcu vardır. Borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh3 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə 2328,78 manat əsas, 608,86 manat faiz borcu qalmışdır. İddiaçı 2280,70 manat əsas borcun cavabdehlərdən tutulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində 2280,70 manat əsas borc və ekspert rəyi ilə müəyyən edilmiş 608,86 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. Eyni zamanda məhkəmə ekspert rəyi ilə müqavilə müddəti bitdikdən xx.xx.2022-ci il tarixdən sonra məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixə faiz borcunun artıq hesablanmasına münasibətdə onu qeyd edir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə ekspert hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi qeyd edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Məhkəmə iddia tələbinin 1241,88 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehlərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 1241,88 manat deyil, 50 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə 2280,70 manat əsas, 608,86 manat faiz və 50 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (4208,43 manat) ödənilməli dövlət rüsumu 62,08 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 62,08 dövlət rüsumunun 18,72 manat hissəsi iddiaçıdan, 43,36 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı ərizəsində 2,18 manat dövlət rüsumu ödədiyini bildirməklə həmin məbləği cavabdehlərdən tələb etsə də, iddiaçı tərəfindən dövlət büdcəsinə 0,10 manat ödənilmişdir ki, həmin məbləğ ödənilməlii olan 18,72 manat dövlət rüsumundan çıxılmaqla iddiaçı tərəfindən dövlət büdcəsinə 18,62 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 60 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 43,36 manat dövlət büdcəsinə və iddiaçıdan 18,62 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehlərdən mediasiya xərci üçün ödənilmiş 60 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 18,62 manat dövlət rüsumu çıxılmaqla 41,38 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 18,62 manat hissəsi isə cavabdehlər tərəfindən ödənilməli olan 43,36 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 61,98 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə iş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə ödənilməli olan 145 manat xərc tərəflər arasında bərabər qaydada bölünməklə 72,50 manat iddiaçıdan, 72,50 manat cavabdehlərdən tutularaq müvafiq qaydada ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2280,70 manat əsas borc, 608,86 manat faiz borcu, 50 manat cərimə borcu və 41,38 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 61,98 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 145 manat ekspertiza xərcinin 72,50 manat hissəsi İddiaçı QSC-dən, 72,50 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142319, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ
22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Rüfət Məcidov