Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-7/2021 29.01.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2108,78 manat məbləğ olmaqla, cəmi 19947,28 (on doqquz min doqquz yüz qırx yeddi manat, 28 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı şəhəri, H.Əliyev pr., ev 9, mənzil 13 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafasında nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev pr., ev 9 mənzil 13 ünvanında yerləşən mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 18000 manat qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək götürdüyü 14000 manat kredit borcunu tam ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə 70 manat məbləğində olmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə və 2108,78 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 19947,28 manat kredit borcunun olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsinin iddia müddətinin tətbiqi haqqında qanunvericiliyin tələbinə əməl edilmədən verildiyindən məhkəmə tərəfindən iddiadan imtina edilməlidir. Belə ki, kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Göstərilənlərə əsasən iddia müddəti ötdüyünə görə iddiadan imtina edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, müqavilə bağlandıqdan 6 il sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Bankla aralarında əldə olunan razılaşmaya əsasən 60 ay müddətində kredit borcunu ödəyəcəkdir. Borcun restrukturizasiyası ilə bağlı banka müraciət etmək üçün ora getmişdir. Lakin İddiaçıın İsmayıllı filialın müdiri Elxan müəllim onu qəbul etməmişdir. Sonradan köməkçisini göndərərək onu banka dəvət etmişdir. Borcun 60 ay müddətində ödənilməsi barədə razılaşmışlar və ona iddia müddətinin tətbiqi barədə ərizə vermiş, bunun müqabilində 500 manat pul istəmişdir. Maaşını almadığından pulu sonra verəcəyini bildirmişdir. Ondan 500 manat pul borcun restrukturizasiya olunması barədə ərizənin yazılması, qəbulu və iddia müddəti ilə bağlı ərizənin məhkəməyə təqdim olunması üçün yazılmasına görə istənilmişdir. Cavabdeh hazırda keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ötən məhkəmə iclasında verdiyi izahatları təsdiq edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüşdür. Lakin, ödəməyə imkanı olmamışdır. Borc restrukturizasiya edilsə idi hissə-hissə ödəyərdi. Bununla bağlı bankın İsmayıllı filialına müraciət etmiş, onu yaxına buraxmamışlar. Sonradan filialın müdiri Elxan müəllim köməkçisi Cümşüdü göndərərək onu banka dəvət etmişdir. Ona iddia müddətinin tətbiqi barədə və borcun restrukturizasiya olunması barədə ərizə vermiş, ərizəni ona imzalatmış və buna görə 500 manat pul istəmişdir. Pulu hələ verməmişdir. Köməkçisi Cümşüd hazırkı vaxtadək pulla bağlı 70 dəfə zəng etmiş və pulun yuxarı çatacağını bildirmişdir. Bununla bərabər ona əgər məhkəmə qərar versə 14000 borcu hissə-hissə ödəyərsən demişlər. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndə X1 ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqaviləsi, Bildiriş, Ödəniş cədvəli, cavabdehin ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 739.1, 739.2)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 179/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh mülkiyyətində olan İsmayıllı şəhəri H.Əliyev pr., ev 9 mənzil 13 ünvanında yerləşən mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 18000 manat qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 14000 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır ki, iddiaçının əsas borca münasibətdə iddia tələbi əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasındakı kredit müqaviləsi xx.xx.2014-cü ildə bağlanmış və 3 illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddiadan imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh 36 ay müddətinə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda İddiaçı ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş Cavabdeh kredit hesabından çıxarışdan müəyyən olunur ki, onun tərəfindən iddiaçıya sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə 70 manat məbləğində olmuşdur. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə xx.xx.2014-cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli e-2-2(117)-290/2020 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış və iddiaçı yenidən xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixli 3 il müddətinə bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı xx.xx.2017-ci il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı ilk dəfə hazırkı iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdr. Sonda məhkəmə onu da qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə - 376). Məhkəmə qeyd edir ki, ipoteka qoyanların iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin verilməsi və ya verilməməsi iddianın bu hissədə rədd edilməsinə təsir etmir. Belə ki, əsas borcluya yönələn tələb üzrə iddia müddətinin keçməsi əsas tələbin təminatı qismində çıxış edən ipoteka predmeti ilə bağlı iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən də ipoteka qoyan cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə əlavə hüquqi qiymət verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbi ilə bağl iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutumanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İpoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 150 manat pul iddiaçı və əsas borclu olan cavabdehdən bərabər tutularaq “X2” MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “14000 manat əsas, 1941,50 manat faiz, 1897 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2108,78 manat məbləğ olmaqla, cəmi 19947,28 (on doqquz min doqquz yüz qırx yeddi manat, 28 qəpik) manat kredit borcunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, İsmayıllı şəhəri, H.Əliyev pr., ev 9, mənzil 13 ünvanında yerləşən mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh tutularaq “X2 MMC-nin Günay Bank” ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-7/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-7/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver