Məhkəmə qərarları › İş №e-2-2(117)-70/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-70/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-70/2023 10.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs xxxx QSC BOKT-a qarşı “kredit müqaviləsi üzrə xxxx QSC BOKT-dan yaşıl tütünü becərərək cavabdehə təhvil vermək üçün götürdüyü 3350 manat kredit borcunun, Cavabdeh ASC-nin laqeyliyi ucbatından iddiaçıya vurmuş olduğu ziyanın 100 faizinin zaminlik müqaviləsi əsasında Maraqlı şəxs BOKT QSC-yə ödənilməsi öhdəliyinin cavabdhein üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs xxxx QSC BOKT-a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “kredit müqaviləsi üzrə xxxx QSC BOKT-dan yaşıl tütünü becərərək cavabdehə təhvil vermək üçün götürdüyü 3350 manat kredit borcunun, Cavabdeh ASC-nin laqeyliyi ucbatından iddiaçıya vurmuş olduğu ziyanın 100 faizinin zaminlik müqaviləsi əsasında Maraqlı şəxs BOKT QSC-yə ödənilməsi öhdəliyinin cavabdhein üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iş üzrə iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, ərizədəki tələb cavabdehin üzərinə birbaşa iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı deyil, üçüncü şəxsin, yəni, Maraqlı şəxs QSC BOKT-un hüquqlarının müdafiəsi üçün cavabdehin üzərinə müəyyən öhdəliklərin qoyulmasından ibarətdir. Bundan əlavə tərəflər arasında zaminliklə bağlı hər hansı bir müqavilə münasibəti ilə bağlı sənədlərin olması iş materiallarından görünmür. Bundan başqa, ilkin mediasiya ilə bağlı arayış məhkəməyə təqdim edilsə də, məhkəməyədək pretenziya qaydasına əməl edilməsi və iddia ərizəsinin cavabdehə çatdırılması barədə tələblərə riayət edilməmişdir. MPM-in: 150.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-in 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. MPM-in 152-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən ərizəçinin diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs xxxx QSC BOKT-a qarşı “kredit müqaviləsi üzrə xxxx QSC BOKT-dan yaşıl tütünü becərərək cavabdehə təhvil vermək üçün götürdüyü 3350 manat kredit borcunun, Cavabdeh ASC-nin laqeyliyi ucbatından iddiaçıya vurmuş olduğu ziyanın 100 faizinin zaminlik müqaviləsi əsasında Maraqlı şəxs BOKT QSC-yə ödənilməsi öhdəliyinin cavabdhein üzərinə qoyulması” barədə ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar