Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-701/2022 22.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış 28931,85 manat borcun silinməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış 28931,85 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X2” MMC xx.xx.2007-ci il tarixdə sayğacda qısa qapanma nəticəsində yanğın baş vermiş, sayğac alışıb yanmış və müəssisəyə enerji verilişi dayandırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra sayğacın üzərində olan göstəricilər yanğın nəticəsində silindiyindən cavabdeh tərəfindən 2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə 28931,85 manat borc hesablanmışdır. Lakin payız-qış mövsümündə suvarılma aparılmadığından həmin məbləğdə enerji sərfinin olması mümkün deyil. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixli 036909 nömrəli Aktdan görünür ki, baxış zamanı məlum olmuşdur ki, sayğacda qısa qapanma nəticəsində yanğın baş vermiş, sayğac alışıb yanmışdır. Müəssisəyə enerji verilişi dayandırılmışdır. X1 xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “X2” MMC-nin 2020-ci il oktyabr ayı üçün sərf edilən elektrik enerjisinin miqdarı 98592 kv/s, 2019-cu ilin oktyabr ayı üzrə sərf edilən elektrik enerjisinin miqdarı 93870 kv/s olmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilən arayışdan və elektron qaimələrdən görünür ki, 2020-ci ilin oktyabr ayı üzrə 28931,85 manat məbləğində enerji sərfiyyatı olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2020-ci il tarixli 036909 nömrəli akt, xx.xx.2021-ci il tarixli ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, itirilmiş enerjinin dəyərinin hesablanması ilə tərtib etdiyi sənədlər cavabdehin həmin sahibkarlıq obyektində yoxlama, təftiş, manitorinq və digər formada baxış keçirmə ilə bağlı olmamış, məhz yararsız hala düşmüş sayğacda silinmiş göstəricidə faktiki olaraq sərf edilmiş enerjinin dəyərinin bərpa edilməsi məqsədi olmuşdur. Ona görə də bu formada cavabdehin həmin sayğaca baxış keçirməsi və itirilmiş enerjinin dəyərinin hesablaması sahibkarlıq fəaliyyəti obyektində yoxlama kimi qəbul edilə bilməz və cavabdehin bu hərəkətinin dövlət reyestrində qeydiyyata alınması tələb edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra mətndə Qaydalar): 8.8-ci bəndinə əsasən Enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Enerjitəchizatı müəssisəsinin təqsirindən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacı zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), onun qoşulma sxemi pozulduqda dövlət elektroenergetika müəssisəsi bu elektrik qurğusunun faktiki maksimal yükünə və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində, enerjitəchizatı müəssisəsinə yenidən hesablaşma aparılmalıdır. Hesablaşma elektrik sayğacının normal işinin bərpa olunması enerjitəchizatı müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, “X2” MMC xx.xx.2007-ci il tarixdə sayğacda qısa qapanma nəticəsində yanğın baş vermiş, sayğac alışıb yanmış və müəssisəyə enerji verilişi dayandırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra sayğacın üzərində olan göstəricilər yanğın nəticəsində silindiyindən cavabdeh tərəfindən 2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə 28931,85 manat borc hesablanmışdır. Lakin iş üzrə mütəxəssis tərəfindən tədqiqat aparılmış və tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, 2020-ci ilin oktyabr ayı ərzində iddiaçı tərəfindən 98592 kv/s enerji istifadə olunmuşdur. Bundan əlavə qeyd edilən sayğac göstəriciləri üzrə 2019-cu və 2021-ci ilin analoji ayları üzrə təqdim edilən sayğac göstəricilərindən müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixə sayğac göstərici 93870 kv/s sərfiyyat, 2021-ci ilin 29 oktyabr tarixə olan göstəricisi 111090 kv/s olmuşdur. Qeyd edilən dövlərlə itirilmiş elektrik enerjinin dəyərinin bərpa edilməsi ilə bağlı 2020-ci ilin 26 oktyabr tarixinə olan sayğac göstəricisini müqayisə etdikdən həmin sərfiyatdan təxminən 3 dəfə çox hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş elektrik enerjisindən dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Hazırki vəziyyətdə qeyd edilən hal mövcud deyildir və mütəxəssis rəyi ilə də 2020-ci ilin oktyabr ayında iddiaçının 98592 kv/s enerji sərfiyyatının olduğu daha inandırıcıdır. Belə ki, təqdim edilən enerji sərfiyatı barədə elektron qaiməllərdən məyyən edilir ki, 2019-cu ilin və 2021-ci ilin analoji dövrlərində olan sərfiyyatla mütəxəssisin tədqiqatının nəticəsində verdiyi rəy üst-üstə düşür və inandırıcıdır. Həmin enerji sərfiyyatının məbləği iddiaçı tərəfindən ödənilən əlavə dəyər vergisi hesablanmaqla 8873,28 manat təşkil edir. Belə ki, iş materiallarında olan elektron qaimələrdən görünür ki, 1 kv/s -ın həmin dövrə buraxılış qiyməti 0,076271186 manat olmuşdur. Məhkəmə sadə hesablama yolu ilə təqdim edilmiş sübutlar əsasında 2020-ci ilin oktyabr ayı üçün iddiaçının ödəməli olduğu elektrik enerji sərfiyyatının məbləğini aşağıdakı kimi hesablamışdır: İddiaçının 2020-ci ilin oktyabr ayı üçün sərf etdiyi sərfiyyat 98592 kv/s x 0,076271186=7519,73 manat. İddiaçı tərəfindən ödənilməli olan əlavə dəyər vergisi: 7519,73x0,18= 1 353,55 manat. İddiaçının sərfiyyat məbləği ilə əlavə dəyər vergisini toplayaraq (7519,73+1353,55=) 8873,28 manat 2020-ci ilin oktyabr ayı üçün itirilmiş elektrik enerjinin dəyəri müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, 2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış 28931,85 manat məbləğində borcun 20058,57 manat məbləğində hissəsi silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı məhkəməyə müraciət etməmişdən 200 manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı ümumilikdə 176,79 manat dövlət rüsumu ödəməli olduğundan o hissədə dövlət rüsumunu ödəməkdən azad edilmiş, iddiaçı mediasiya xərcini tələb etməmişdir. Lakin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu tərəflər arasında bölünməlidir. Ona görə də 123,59 manat “Azəriqaz” İB-dən, 56,2 manat isə iddiaçıdan alınıb dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2020-ci ilin oktyabr ayı üçün elektrik enerjisindən istifadəyə görə hesablanmış 28931,85 manat məbləğində borcun 20058,57 manat məbləğində hissəsi silinsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli 179,79 manat dövlət rüsumunun 123,59 manat hissəsi cavabdehdən, 56,2 manat hissəsi iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-701/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-701/2022
22.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver