Məhkəmə qərarları › İş №e-2-2(117)-701/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-701/2025

13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-701/2025 13.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 42100 manat pul vəsaitinin, pul məbləğinin gecikdirilməsinə görə 142,84 manat faizin, 222,62 manat dövlət rüsumunun və 350 manat vəkil xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında 16 fevral 2023cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlı İddiaçı tərəfindən elektron qaimə fakturalar göndərilmiş və həmin fakturalar təsdiq edilmişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh2 ilə Cavabdeh1 qardaşdırlar və birlikdə fəaliyyət gösətirirlər. Malların alqı-satqısı ilə bağlı danışıqlar iddiaçı tərəfindən cavabdehlərin hər ikisi ilə aparılmışdır. Həqiqətəndə hər iki cavabdehin birgə borclu olduğunu sübut edəcək vatsap danışıqları, yazışmalar və səs yazıları, eləcədə digər sübutlar məhkəməyə təqdim ediləcək. Hazırda satılmış mallara görə Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 42100,0 manat borcu vardır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 16 fevral 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən cavabdehə müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlı İddiaçı tərəfindən Cavabdeh2 elektron qaimə fakturalar göndərilmiş və həmin fakturalar təsdiq edilmişdir. Cavabdeh2 ilə Cavabdeh1 qardaşdırlar və birlikdə fəaliyyət gösətirirlər. Malların alqı-satqısı ilə bağlı danışıqlar iddiaçı tərəfindən cavabdehlərin hər ikisi ilə aparılmışdır. Həmçinin qarşı tərəfin borcu olduğunu sübut edəcək “Whatsapp” yazışmaları məhkəməyə təqdim edilib. Hazırda satılmış mallara görə Cavabdeh2 və Cavabdeh1 ümumilikdə 42100 manat borcu vardır. “Whatsapp” yazışmalarında da qarşı tərəf 42100 manat borcu olduğunu qəbul edir. Tərəflərindən cavabdehlərə dəfələrlə pretenziya məktubu, xəbərdarlıq göndərilməsinə baxmayaraq borcu ödəməmiş və buna görə də məhkəməyə müraciət ediblər. III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, “satıcı” (iddiaçı) İddiaçı ilə cavabdeh “alıcı” (cavabdeh) Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli A18-22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırılması haqqında tərəflər arasında bağlanmış əlavədə göstərilən malları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış qaimə-fakturalar əsasında təhvil verilir. 3.1-ci bəndinə əsasən alıcı satılmış mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-faktura və qaiməfakturalara uyğun olaraq aldığı malların dəyərini satıcının hesabına ödəyir. 3.3-cü bəndinə əsasən hazırki müqaviləyə əsasən satıcı tərəfindən göndərilən malın dəyərini bank köçürməsi yolu ilə 15 iş günü ərzində tam ödəyəcək. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

8. İş materiallarında olan İddiaçı tərəfindən, Cavabdeh2 göndərilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələrdə iddiaçı tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli A18-22 nömrəli alqı-satqı müqaviləsi əsasında verilən malların adları və hər birinin qiyməti öz əksini tapmışdır. Həmin qaimələrdən görünür ki, Cavabdeh2 iddiaçı tərəfindən cəmi 330829,22 manat dəyərində mallar verilmişdir.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məlumatda İddiaçı tərəfindən, Cavabdeh2 göndərilən elektron qaimələr üzrə hesablaşmalar (ƏDV, ümumi məbləğ və.s) öz əksini tapmışdır. Həmin məlumatda qaimələr üzrə borc məbləğləri də öz əksini tapmışdır.

V. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

13. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir.https://eqanun.az/framework/46837 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

VI. Məhkəmənin mövqeyi:

11. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməli, digər Cavabdeh1 münasibətdə isə rədd edilməlidir.

12. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

13. Məhkəmə ilk öncə Cavabdeh1 qarşı yönələn iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 münasibətdə iddianın əsaslığını təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsi iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, həmçinin elektron-qaimə üzrə hesablaşmalar da həmin tərəflər arasında baş vermişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mal vetdiyini və alqı-satqı münasibətlərinin cavabdehlərin hər ikisi ilə baş verdiyini iddia etsə də, bununla bağlı hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəticədə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəf Cavabdeh1 qarşı iddia etdiyi halları sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassız olduğundan rədd edilməlidir.

14. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı olduğundan təmin edilməlidir.

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh2 iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni cavabdehə elektron-qaimə fakturalarda göstərilmiş miqdarda və sayda mal (ərzaq, məişət məhsulları və.s) təhvil vermişdir. Cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və ödənilməmiş borcu qalmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 tərəflər arasında olan alqı-satqı münasibətləri nəticəsində yaranmış 42100 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

17. Əlavə olaraq məhkəmə hesab edir ki, iddia tələbi “pul məbləğinin gecikdirilməsinə görə 142,84 manat faizin cavabdehlərdən tutulması” hissəsinə münasibətdə təmin edilməlidir.

18. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

19. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən müqavilə üzrə borcun ödənilməsi gecikdirildiyindən və bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı gecikdirilən məbləğə görə faiz borcunun tələb edilməsində haqlı olmuşdur. Nəticədə iddia tələbi faiz borcuna münasibətdə də təmin edilməli və Cavabdeh2 142,84 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmirlər.

21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiyindən, iddianın qiymətinə görə ödənilmiş 216,73 manat dövlət rüsumu ondan tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

23. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi yardımla bağlı ödənilmiş 350 manat pulun cavabdehlərdən tutularaq ödənilməsi hissəsində qismən təmin edilməlidir.

24. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

25. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, 300 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

26. Beləliklə, qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 42100 manat əsas borc, 142,84 manat faiz borcu olmaqla cəmi 42242,84 manat pul vəsaiti və 216,73 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə və hüquqi xidmətə görə 300 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia Cavabdeh1 münasibətdə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

27. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 42100 manat əsas borc, 142,84 manat faiz borcu olmaqla cəmi 42242,84 manat pul vəsaiti və 216,73 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə və hüquqi xidmətə görə 300 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar