Məhkəmə qərarları › İş №e-2-2(117)-716/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-716/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-716/2023 10.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “4913,56 manat kredit borcu, 1220,91 manat faiz borcu və 830,39 manat cərimə borcu olmaqla cəmi 6964,86 manat məbləğində borcun və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə X3 arasında bağlanmış 019L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 30000 manat məbləğində kredit xətti açılmış, cavabdehə ödəniləcək məbləğ və müddətin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 019S**********04 nömrəli və 019S**********03 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə X3 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 019R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 4913,56 manat kredit borcu, 1220,91 manat faiz borcu və 830,39 manat cərimə borcu yaranmışdır. X3 borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 4913,56 manat kredit borcu, 1220,91 manat faiz borcu və ona hesablanmış 830,39 manat cərimə borcu qalmışdır. Balakən rayon İHB-nın Sarıbulaq İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 189 nömrəli arayışla müəyyən edilir ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür və X1, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 onun vərəsələridir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli **********90 nömrəli məktubla müəyyən edilir ki, mərhum X2 adı ilə bağlı Balakən rayonu Sarıbulaq kənd ərazisində JN-439 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədində qeyd olunan 3,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,8346 ha hissəsi xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə ümumbirgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsinin 0,2984 ha hissəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Səfər Eminovun adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Balakən rayon İHB-nin Sarıbulaq kənd inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən 9 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli 188 nömrəli arayışla müəyyən olunur ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ailəsinə məxsus 3,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə ümumbirgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmı 2,8346 ha hissəsindən hal-hazırda faktiki olaraq oğlu Cavabdeh1 və arvadı X1 istifadə edir. Kredit müqaviləsi üzrə borclu X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə poçt vasitəsilə ünvanları üzrə çatdırılmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanılmış müqavilə, Kredit razılaşması, Zaminlik müqavilələri, Ödəniş planı, Balakən rayon İHB-nın Sarıbulaq İnzibati Ərazi Dairəsinin arayışı, DƏKR publik hüquqi şəxsin məktubu, Balakən rayon İHB-nın Sarıbulaq kənd inzibati ərazi dairəsi nümayəndəsinin arayışı, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə X3 arasında bağlanmış 019L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 30000 manat məbləğində kredit xətti açılmış, cavabdehə ödəniləcək məbləğ və müddətin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh2 arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 019S**********04 nömrəli və 019S**********03 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə X3 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 019R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Borcalan öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 4913,56 manat kredit borcu və 1220,91 manat faiz borcu borcalan və zaminlərdən birgə tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə iddia tələbinin 830,39 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 830,39 manat deyil, 100 manat məbləğində cərimə borcalan və zaminlərdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa iddia üzrə tələb olunan borcun borcalanın vərəsələrindən tutulması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halını ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Hazırki işin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubu və Balakən rayon İHBnın Sarıbulaq kənd inzibati ərazi dairəsi nümayəndəsinin arayışı ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə borcalan X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun adı ilə bağlı Balakən rayonu Sarıbulaq kənd ərazisində JN-439 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədində qeyd olunan 3,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,8346 ha hissəsi xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə ümumbirgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsinin 0,2984 ha hissəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Səfər Eminovun adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Onun ailəsinə məxsus 3,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə ümumbirgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmı 2,8346 ha hissəsindən hal-hazırda faktiki olaraq oğlu (həm də iş üzrə zamin) Cavabdeh1 və arvadı X1 istifadə edir. Sadalanan qanunvericiliyin tələblərinə və məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarına əsasən X2 4 vərəsəsi olsa da, miras əmlak faktiki olaraq oğlu, həm də iş üzrə zamin Cavabdeh1 və arvadı Məryəm Eminova tərəfindən qəbul edildiyindən məhkəmə hesab edir ki, borcalanın borcu onun yalnız miras əmlakı faktiki qəbul etmiş vərəsələri Cavabdeh1 və Məryəm Eminov tərəfindən miras əmlak paylarına mütənasib surətdə tutularaq iddiaçı banka ödənilməli, qalan vərəsələrə münasibətdə iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (6964,86 manat) ödənilməli dövlət rüsumu 89,65 manat olmalıdır. İddia tələbi qismən edildiyindən 9,40 manat iddiaçıdan, 80,25 cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 0,10 manat dövlət rüsumu ödənildiyindən iddiaçı tərəfindən ödənilməli olan 9,40 manat dövlət rüsumundan həmin məbləğ çıxılmaqla 9,30 manat dövlət rüsumu iddiaçıdan tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etdiyindən 100 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 80,25 manat dövlət büdcəsinə və iddiaçıdan 9,30 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehlərdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 9,30 manat dövlət rüsumu çıxılmaqla 90,70 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 9,30 manat hissəsi isə cavabdehlər tərəfindən ödənilməli olan 80,25 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 89,55 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 qəbul etdiyi miras əmlak payına mütənasib qaydada, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4913,56 manat kredit borcu, 1220,91 manat faiz borcu, 100 manat cərimə borcu və 90,70 manat mediasiya xərci tutularaq idddiaçı İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 89,55 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət gəlirinə ödənilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar