Məhkəmə qərarları › İş №e-2-2(117)-72/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-72/2022

18.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-72/2022 18.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X2” MMC-yə qarşı “cavabdehin dövlət büdcəsinə ödənilməmiş 1763,34 manat vergi və 3939,71 manat məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 10000 manat və 12000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 1763,34 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 3939,71 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 27.09.2021-ci il tarixli **********3 nömrəli, 02.11.2021-ci il tarixli **********307100 nömrəli **********306400 nömrəli qərarları əsasında 03.11.2021-ci il tarixli **********306400 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 10000 manat olan 1 ədəd Biokimya Analizotor (Mindray B240 markalı, ağ rəng, Almaniya istehsalı) və **********307100 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 12000 manat olan 1 ədəd ultrasəs müayinə aparatı USM (toshiba firması, ağ rəngdə) siyahıya alınmışdır. 10.11.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi və məcburi dövlət sosial sığorta üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarlar çıxarmış, həmin qərarlar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakları siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokollar tərtib edilmişdir. Əmlaklar siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh məhkəməyə ödəniş qəbzləri təqdim edərək Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3939,71 manat məbləğində borcdan iddia ərizəsi verildikdən sonra 897,32 manat və dövlət büdcəsinə ödənilməmiş 1763,34 manat borcdan 3157,68 manat ödənildiyini bildirmiş və digər borcların ödənilməsi üçün 3 ay müddətində vaxt verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 27.01.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəf həqiqətəndə dövlət büdcəsinə olan borcu ilə əlaqədar ödənişlər etmişdir, lakin həmin ödənişlər məhkəmədə iddia qaldırılmasından əvvəlki tarixə aiddir. Odur ki, cavadehin dövlət büdcəsinə olan ümumilikdə vergi üzrə 1763,34 manat və məcburi dövlət sosial sığorta haqqı üzrə 3939,71 manat borcunun ödənilməsini təmin etmək üçün 10000 manat və 12000 manat məbləğində siyahıya alınmış əmlakların açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu 17.01.2022-ci il tarixdə elektron poçt vasitəsilə iddia tələbinə münasibət bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqələrinin surətləri, əmlakın siyahıya alınmasına dair vergi orqanının qərarları, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə protokolların surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” 18.02.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin 27.09.2021-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 1763,34 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 3939,71 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin və sığortaedənin üzərinə qanunla müəyyən edilmiş vergiləri, sosial sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi qismən təmin edilməli və cavabdehin dövlət büdcəsinə olan vergilər üzrə 1763,34 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 3939,71 manat, ümumilikdə 5703,05 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 10000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalı, iddia digər əmlakın satılması hissəsində rədd edilməlidir. Belə ki, qeyd olunduğu kimi Vergi Məcəlləsinin 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə cavabdehin dövlət büdcəsinə ümumilikdə 5703,05 manat borcunun olmasına baxmayaraq siyahıya alınmış əmlakının ümumi dəyəri 22000 manat olmaqla (10000 + 12000) borc məbləğindən çox yüksəkdir. Vergi Məcəlləsinin 90.1-ci maddəsini, habelə hərracın keçirilməsi ilə əlaqədar olan xərcləri də nəzərə alan məhkəmə hesab edir ki, ümumilikdə 10000 manat dəyərində olan əmlakın satılması borcun ödənilməsi üçün kifayət edən məbləğdir. Məhkəmə cavabdehin ödənişlərlə bağlı təqdim etdiyi qəbzlərə münasibətdə qeyd edir ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergilər və məcburi sosial sığorta üzrə yaranmış borcların ödənilməsi üçün əmlakları siyahıya alınmış, iddiaçı xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmiş, nəticədə cavabdeh tərəfindən borcun bir hissəsi ödənilmiş, cavabdehin vergilər üzrə ödənişləri nəzərə alınmaqla 1763,34 manat qalıq borcu qalmışdır. Məcburi dövlət sosial sığorta borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra 11.01.2022-ci il tarixdə cavabdeh tərəfindən DSMF-nin Yevlax şəhər şöbəsinin hesabına 82.72 manat məcburi dövlət sosial sığorta ödənilmişdir. Cavabdehdən hazırda tələb edilən 3939.71 manat məbləğində borc məcburi dövlət sosial sığorta haqqı üzrə faiz borcu olduğundan ödənilmiş 82.72 manat məbləğində borc Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən ödəmə ardıcıllığına uyğun cavabdehin məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış əsas borcundan çıxılmış, bu səbəbdən iddia ərizəsi verilərkən iddiaçı tərəfindən borcun ödənilməsi kimi nəzərə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qalıq borcları tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin qalıq borcu ödəməsi üçün 3 ay müddətində vaxt verilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə sadələşdirilmiş icraatda baxılan iş üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır ki, cavabdehə vaxtın verilməsi hazırki icraatda mümkün deyildir. Cavabdeh qətnamə qanuni qüvvəsini alanadək və ya icra mərhələsində borcu könüllü icra edə bilər. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi iddianın qiymətinə, yəni borcun ödənilməsi hissəsinə münasibətdə təmin edildiyindən cavabdehdən 77,03 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X1” MMC-nin dövlət büdcəsinə olan vergilər üzrə 1763,34 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 3939,71 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 10000 manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılsın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh “X1” MMC-dən 77,03 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar