Məhkəmə qərarları › İş №e-2-2(117)-72/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-72/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-72/2025 30.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 27441.11 manat əsas borc, 2189.15 manat faiz borcu, 7.16 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 29637.42 manat borcun və 178.91 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə 50000 manat kredit limiti ayrılmışdır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli, Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır 2024-cü il oktyabrın 9-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 27441.11 manat əsas borcu, 2189.15 manat faiz borcu, 28.65 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 29658.91 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 28.65 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 7.16 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

İİ. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasında iştirak etmiş, lakin digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər.

4. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 28 yanvar 2025-ci il tarixli məktubuna əsasən Cavabdeh1 məhkəmə bildrişinin və qərardadının çatdırılması Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edilmişdir.

5. Azərbaycan Respublikası Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin 28 yanvar 2025-ci il tarixli məktubuna əsasən Cavabdeh2 və ya ailə üzvləri ünvan 1 ünvanında yaşamadıqlarından və faktiki yaşayış ünvanları aşkar olunmadığından qərardadın və bildirişin Cavabdeh2 və ailə üzvlərinə çatdırıması mümkün olmamışdır.

6. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxmışdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş, iddianı müdafiə etdiyini bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, bankla uzun müddət əməkdaşlıq etmiş, hər dəfə kreditə pul götürüb vaxtında ödəmişdir. Sonuncu dəfə bağladığı kredit müqaviləsi əsasında 30000 manat kredir götürmüşdür. Amma banka köhnə kreditlərdən borcu qalmışdı, həmin borcları İddiaçı ASC-nin verdiyi kreditlə bağlamışdır. Bundan sonra qalan 15 000 manat məbləğində pulu nağd şəkildə götürmüşdür. Krediti alanda optika biznesi ilə məşğul olurdu. Bu məqsədlə bankdan kredit götürmüşdü. Banka olan borcunun bir hissəsini ödədi. Lakin sonradan biznesi işləmədi. Maddi imkanı olmadığına görə borcu ödəyə bilməmişdir. İddia ərizəsində göstərilən məbləğdə borcunun olduğunu təsdiq edir. Odur ki, iddia tələbinin təmin edilməsi barədəqətnamə qəbul şıxarılmasına etiraz etmədiyini bildirdi.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-cı maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

10. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 20-MCR-1-630-22 nömrəli kredit limitinin ayrılmasına dair Razılaşmaya əsasən sonuncuya 120 ay müddətinə, aylıq 2.50 faiz dərəcəsi olmaqla 50 000 manat məbləğində kredit xətti ayrılmışdır.

11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 20-MCR-1-630-22/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 bank tərəfindən 36 ay müddətinə aylıq 1,75 faiz olmaqla 30 000 manat məbləğində kredit verilmişdir.

12. İddiaçı ASC-nin 20-MCR-1-630-22/2 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh3 bank tərəfindən 36 ay müddətinə hər ay 1130,25 sonuncu ay 1130,36 manat ödəmək şərtilə aylıq 1,75 % olmaqla 30 000 manat məbləğində kredit verilmişdir.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış Z/21131/23 nömrəli, xx.xx.2023-cü il tarixli və Z/17755/22 nömrəli, xx.xx.2022cü il tarixli Zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 20-MCR-1-630-22 nömrəli kredit limitinin ayrılmasına dair Razılaşma üzrə borclu Cavabdeh3 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzrərinə götürmüşdür.

14. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 İddiaçı ASC-yə 20-MCR-1-630-22/2 nömrəli kredit verilməsinə dair Razılaşma üzrə 27441,11 manat məbləğində əsas bоrc 2189,15 manat məbləğində faiz bоrcu və 28,65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 29658,91 manat məbləğində bоrcu yaranmışdır.

15. İddiaçı ASC-nin təhvil - təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 tərəfindən plastik kart götürülmüşdür.

16. İddiaçı ASC-nin məxaric qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 tərəfindən 15000 manat məbləğində pul götürülmüşdür.

17. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Məhkəmənin mövqeyi:

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

21. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 30000 manat məbləği Cavabdeh3 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdehlərə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir.

22. Məhkəmə qeyd edir ki, cavabdeh tərəflər borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi Məhkəməyə təqdim etməmişdir.

23. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 27441.11 manat əsas borc, 2189.15 manat faiz borcu, 7.16 manat cərimə borcu olmaqla, ümumilikdə 29637.42 manat məbləğində pul müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Bundan başqa Məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 178,91 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 178,91 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.

25. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

26. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 27441.11 manat əsas borc, 2189.15 manat faiz borcu, 7.16 manat cərimə borcu olmaqla, ümumilikdə 29637.42 manat borc və 178.91 manat dövlət rüsumunu tutularaq iddiaçı “Yelo Bank" ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar