Məhkəmə qərarları › İş №e-2-2(117)-721/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-721/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-721/2024 14.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2023-cü il tarixli, 017653 nömrəli akt üzrə hesablanmış 2939 manat borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2023-cü il tarixli, 017653 nömrəli akt üzrə hesablanmış 2939 manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində (Mayak restoranı) “X1 Qaydalarına” uyğun yoxlama aparılmış, obyektə məxsus elektrik sayğacının uçot dəstinə baxış zamanı məlum olmuşdur ki, obyekt kənar xəttdən istifadə edir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə 017653 nömrəli akt tərtib edilmişdir. Akt əsasında 2939 manat ödənilməmiş elektrik enerjisinin dəyəri hesablanmışdır. Qeyd edilən akt obyektin sahibi olaraq Ramiz Kərimov qeyd edilmiş, işdə olan xx.xx.2021-ci il tarixli 145914 nömrəli ölüm şəhadətnaməsindən müəyyən edilmişdir ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. “X1 Qaydalarının” pozulması haqqında xx.xx.2023-cü il tarixdə 017653 nömrəli akta əsasən itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış 2939 manat borcun ödənilməsi İddiaçı tələb olunur. xx.xx.2023-cü il tarixli 017653 nömrəli akta əsasən elektrik sayğacını uçot dəstinə baxış keçirilən zaman kənar xəttdən istifadə aşkar olunmuşdur. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, istifadəsinə olan Mayak adlı restoranı barəsində xx.xx.2023-cü il tarixində akt tərtib edilmiş və həmin akta əsasən 2939 manat cərimə hesablanmışdır. Həmin cəriməni qanunsuz və əsassız hesab edir və silinməsini məhkəmədən xahiş edir. Əlavə olaraq iddiaçı tərəfindən “Mayak” restoranının atasının ölümündən sonra onun istifadə etməsi ilə bağlı bir sıra sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərdən sübut olunur ki, X3 vəfat etdikdən sonra həqiqətən də “Mayak” restoranını onun oğlu İddiaçı tərəfindən idarə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilsə də, cavabdeh iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində məhkəmə tərəfindən "xxxx" ASC-yə aparılmış yoxlamanın sahibkarlıq subyektlərində yoxlamanın aparılması qaydalarına uyğun olub-olmaması barədə sorğu ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən sorğuya cavab olaraq heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, xx.xx.2023-cü il tarixində cavabdehə 9725 kvt elektrik enerjisinin sərfiyyatı hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara akt, etiraz, məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin iddiaçının adına açılmış hər hansı bir yoxlama qeydə alınmamışdır. İddiaçı tələbində xx.xx.2023-cü il tarixli 017653 nömrəli aktın ləğv edilməsini və həmin akt əsasında hesablanmış 2939 manat məbləğin silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, qeyd edilən akt inzibati akt və ya qərar deyil, həmçinin həmin aktın məcburi xarakter daşıyan göstərişi olmadığından hazırkı iş üzrə sübut olaraq qiyətləndiril bilər. Ona görə də hər hansı bir sübutun işdə olan digər sübutlarla birlikdə baxılıb qiymət verilməsi məhkəmənin səlahiyyətində olan bir hal olduğundan, həmin aktın ləğv edilməsinə ayrıca bir tələb olaraq baxılması qanuni hesab edilə bilməz. Eyni zamanda məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, xx.xx.2023-cü il tarixində cavabdehə 9725 kvt elektrik enerjisinin sərfiyyatı hesablanmışdır. 9725 kvt sərfiyyatın hesablanması xx.xx.2023-cü il tarixli 017653 nömrəli aktla da öz təsdiqini tapır. Bununla da, 9725 kvt enerji sərfiyyatının dəyəri 1069.75 manat təşkil etmişdir (9725 x 0.11 = 1069.75). Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunsuz olmuşdur. Bu səbəbdən də yoxlama zamanı tərtib edilmiş akta əsasən hesablanmış 1069.75 manat borc İddiaçı abonent hesabından silinməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən “xx.xx.2023-cü il tarixli, 017653 nömrəli akt üzrə hesablanmış 1069.75 manat borc İddiaçı (xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X2) abonent hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar