Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-722/2025 16.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “Cavabdeh2 45 111,15 manat əsas borc, 6225.34 manat cərimə borcu, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmış 375.92 manat borc olmaqla, cəmi 51 712,41 manat borcun, ödənilmiş 246 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, 10016689 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı müqavilədə nəzərdə tutulan ərzaq və qeyri-ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı (İddiaçıMMC) müqavilə üzrə sifariş olunan malları alıcıya (Cavabdeh2) təhvil vermiş, lakin alıcı həmin malların dəyərini müqavilənin tərkib hissəsi olan təhvil-qəbul aktına uyğun olaraq satıcıya ödəmədiyindən müqavilə üzrə öhdəliyini pozmuşdur. Onun 28 mart 2025-ci il tarixli 490580 nömrəli (9720.77 manat), 28 mart 2025ci il tarixli 490581 nömrəli (11196.64 manat), 28 mart 2025-ci il tarixli 490582 nömrəli (13919.36 manat), 28 mart 2025-ci il tarixli 490583 nömrəli (10274.38 manat) təhvil-qəbul aktlarına əsasən pul borcu əmələ gəlmişdir. Qarşılıqlı üzləşmə aktında ümumi borc vəziyyətinin 45111,15 manat olduğu müəyyən olunmuşdur. Həmçinin, cavabdeh öhdəliyin icrası vaxtını gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. Buna görə də iddaçı pul öhdəliyinin gecikdirilməsi ilə bağlı Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 386-cı, 425.1-ci, 442-ci, 443.1-ci, 443.3-cü, 445.1-ci, 445.2.1-ci, 445.7-ci, 462.1-ci, 567-ci, 597-ci, 598-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 149-150-ci maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-722/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
İİ. Tərəflərin mövqeləri:
5. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Belə ki, poçt bildirişləri cavabdehə çatdırılmamış, lakin göndərilmiş SMS məlumatlandırma bildirişləri istifadəsində olan bütün mobil nömrələrə göndərilmiş və əksər mobil nömrələrə həmin məhkmə bildirişləri çatdırılmışdır. Məhkəmə qeyd edilənləri əsas tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
- 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Sübutların tədqiqi:
16. İşdə olan İddiaçı MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 10016689 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən, satıcı 2-ci maddədə göstərilən ərzaq və qeyri-ərzaq mallarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən, ödənişi qabaqcadan və ya malın satıcı tərəfindən alıcıya təhvil verildiyi gün nağd olaraq və ya nağdsız qaydada satıcının hesabına ödənilir. 3.2.1. Müstəsna hallarda tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutulan malın dəyərinin ödənişi isə malın alıcı tərəfindən təhvil alındığı tarixdə, lakin bu müqavilənin 3.2.2-ci maddəsində qeyd olunan tarixdən gec olmamaq şərtilə həyata keçirilir. 5.2-ci bəndində qeyd olunur ki, əgər alıcı, ona satıcı tərəfindən təqdim olunmuş bu Müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,3 % miqdarında penya ödəməlidir. Bu bəndə uyğun olaraq hesablanış penya (cərimə məbləği) Satıcı tərəfindən hər hansı xəbərdarlıq edilmədən “Alıcı”ya təqdim edilməsi nəzərdə tutulan bonus (mükafat və ya endirim) məbləğindən tutulur. Bundan əlavə, "Satıcı" "Alıcı"ya xəbərdarlıq etmədən əsas borc va hesablanmış penya tam ödənilənədək bu Müqavilə üzrə öz öhdəliklərinin icrasını dayandıra bilər. 5.15. Alıcı, hər təqvim ilinin dekabr ayının ilk həftəsinin son iş gününədək həmin dövrə qədər olan bütün borc qalığını ödəməyi öz öhdəsinə götürür.
17. İşdə olan xx.xx.2025-ci il tarixli 490580 nömrəli (9720,77 manat), 490581 nömrəli (11 196,64 manat), 490582 nömrəli (13 919,36 manat), 490583 nömrəli (10 274,38 manat) malların təhvil-qəbul aktlarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə ümumilikdə, 45 111,15 manat məbləğində mal təhvil verilmişdir. Həmin aktlar tərəflərin nümayəndələrinin imzaları və iddiaçının möhürü ilə təsdiqlənmişdir.
18. İşdə olan xx.xx.2025-ci il tarixli MT2503 seriyalı 11860337 nömrəli (9720,7692 manat), 11860335 nömrəli (11 196,6424 manat), 11860332 nömrəli (13 919,3626 manat), 11860330 nömrəli (10 274,378 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş ümumilikdə 45 111, 1522 manat dəyərində olan mallar barədə məlumatlar sistem vasitəsilə cavabdehə göndərilmişdir.
19. İşdə olan İddiaçı MMC (daxili nəzarət mütəxəssisi X1 şəxsində) və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə Cavabdeh2 İddiaçı MMC-yə olan borcunun bu aktın imzalanması tarixinə 45 133,12 manat olduğu müəyyən edilmişdir. Həmin akt İddiaçı MMC-nin nümayəndələrinin və Cavabdeh2 imzaları ilə təsdiqlənmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
23. İşin müəyyən olunmuş halları və iş materialları, o cümlədən tərəflərin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halı İddiaçı MMC və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 10016689 nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından ibarətdir.
24. İşin mübahisələndirilən hallarına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun mövcud olub-olmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hallara aydınlıq gətirmişdir.
25. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi İddiaçı MMC və Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli 10016689 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 490580 nömrəli, 490581 nömrəli, 490582 nömrəli və 490583 nömrəli malların təhvil-qəbul aktları ilə cavabdehə ümumilikdə 45 111,15 manat məbləğində mal təhvil verilmiş (qeyd olunan məbləğ müvafiq olaraq elektron-qaimə fakturalarla da öz əksini tapır), bundan sonra xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış qarşılıqlı üzləşmə aktı ilə cavabdeh həmin tarixə 45 133,12 manat borcunun olduğunu qəbul etmişdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
27. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 45 111,15 manat əsas borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş malların təhvil-qəbul aktları, elektron qaimə-fakturalar və üzləşmə aktının qarşılıqlı araşdırılması zamanı öz təsdiqini tapır.
28. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir.
29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
31. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
32. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
33. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəf iddia tələbinə etiraz edərək qəbul etməsə də, dediklərini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.
34. Məhkəmə iddia tələbinin “6225.34 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndində qeyd olunur ki, əgər alıcı, ona satıcı tərəfindən təqdim olunmuş bu Müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,3 % miqdarında penya ödəməlidir.
35. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...
36. Məhkəmə hesab edir ki, 2255.56 manat məbləğində (əsas borcun 5%-i həcmində) penyanın tutulması daha ədalətli, ağlabatan və qanunidir.
37. Məhkəmə iddia tələbinin “əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmış 375.92 manat borcun tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
38. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilə 12 ay müddətinə bağlanmış və həmin müqavilə əsasında iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 490580 nömrəli, 490581 nömrəli, 490582 nömrəli və 490583 nömrəli malların təhvil-qəbul aktları ilə cavabdehə ümumilikdə 45 111,15 manat məbləğində mal təhvil verilmişdir. Qeyd edilən sənədlərlə müəyyən edilir ki, həmin müqavilə bəndinə görə tərəflər arasında bağlanmış müqavilənin müddəti 2025-ci ilin 01 fevralında bitmiş, növbəti 12 ay müddətə uzadılmış və müqavilənin müddəti hazırkı, yəni qətnamə qəbul edilən vaxtda bitməmişdir. Ona görə də tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olduğu dövrdə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən müvafiq faiz məbləğini deyil, müqavilə müddəaları əsasında müvafiq cərimə və digər faizlə məbləğlərini tələb edə bilər.
39. Məhkəmənin qənaəti bundan ibarətdir ki, iddiaçı qeyd edilən norma əsasında cavabdehdən müvafiq faiz məbləğini tələb edə bilməz. Çünki müvafiq alqı-satqı müqaviləsi qüvvədən düşməmişdir. Beləliklə yekun olaraq məhkəmə hesab edir ki, Cavabdeh2 45 111,15 manat məbləğində əsas borc və 2255.56 manat məbləğində cərimə borcu, cəmi 47 366,71 manat tutularaq iddiaçı olan İddiaçı MMC-yə ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
40. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 245.14 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən iddianın təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 225.33 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə isə dövlət rüsumunun 20,67 manat hissəsi iddiaçıya aid edilməlidir.
41. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 325 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş qəbzinin, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir.
Vİİİ Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 45 111,15 manat məbləğində əsas borc, 2255.56 manat məbləğində cərimə borcu, cəmi 47 366,71 manat borc, 250 manat məbləğində vəkil xidmət haqqı və 225.33 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov