Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-73/2020 14.02.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Balakən rayon X2 X6 Birliyinin cavabdeh Balakən rayon X1rşı “xx.xx.2019-cu il tarixli 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Balakən rayon X2 X6 Birliyi cavabdeh Balakən rayon X1rşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “xx.xx.2019-cu il tarixli 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisənin direktoru X7 vəzifədən çıxmaq üçün ərizə vermiş, direktorun işdən çıxmaq üçün ərizə verməsindən istifadə edən Balakən rayon X5 sədri Tahir Məmmədov özünün tabe olduğu yuxarı orqanı olan Azərittifaqın işçiləri ilə əlaqəyə girərək müəssisənin ləğv edilib kooperativə birləşdirilməsi üçün fəallıq etmiş və yuxarı orqanının razılığı ilə vəzifəsindən sui-istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq müəssisənin müvəkkillərinin heç birinin iştirakı olmadan, daha doğrusu iclas keçirmədən qərar çıxarımışlar. Həmin qərardan çıxarışın surətini Balakən Rayon Məhkəməsindən 2020-ci il yanvar ayının 24-də əldə edə bilmişlər. Həmin qərardan çıxarışda göstərilir ki, guya müəssisə iflas olduğu üçün müəssisə ləğv edib İİK-ə birləşdiriməsi təklif edilib. İİK-nin yuxarı orqanı olan Azərittifaqın idarə heyəti də onların iştirakı olmadan xx.xx.2019-cu il tarixli 46 nömrəli iclasının qərarı ilə Balakən rayon İİK-nin xx.xx.2019-cu il tarixli 05 nömrəli qərarı ilə razılaşaraq vəzifəsindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşaraq müəssisənin ləğv edilməsi haqqında qərar çıxarmış, ləğv etmə komissiyasının yaradılmasını Balakən rayon İİK-nin sədrinə tapşırmışdır. Həmin qərarı rayona gətirən Azərittifaqın nümayəndəsi müəssisənin direktoru Elçin Şirinovdan müəssisənin möhür və ştampını götürüb qanunazidd olaraq T.Məmmədova vermişdir. Bu vəziyyətdən istifadə edən T.Məmmədov bütün işçilərə, Təhsil şöbəsinə, məktəb direktorlarına məktublar göndərərək X8 Birliyinin ləğv edildiyini, müəssisənin möhür və ştampının özünə verildiyini məlum etməklə və onlara təsir etməklə işçiləri qanunazidd olaraq işə qəbul etməklə onlardan müəssisəyə daxil olacaq pulları yığmağa başlamışdır. T.Məmmədov tərəfindən ləğv etmə komissiyası yaradılmamışdır. Azərittifaqla iddiaçı cəmiyyətin mövcud qanunvericiliyə görə heç bir əlaqəsi yoxdur. Möhür və ştampda belə onun və hətta İİK-nin adı qeyd olunmayıb. Müəssisənin vergi və sosial borcları bu günə 7657 manat təşkil etdiyi halda, X5 bu günə vergi və sosial borcu 35000 manatdan çox təşkil edir. Habelə müəssisəni iflas adı ilə saxta sənədlərlə ləğv edən təşkilatlar müəssisənin ləğv edilməsi bağlı və dövlət reyestrindən çıxarılmaları üçün qeydiyyat orqanına heç bir sənəd təqdim edə bilmirlər. Müəssisənin möhürü alındığı üçün heç bir rəsmi sənəddən istifadə edə bilmirlər. Dörd aydan çox vaxtdır ki, İİK-nin sədri müxtəlif üsullardan istifadə edərək müəssisənin büdcəsinə daxil olmalı 8100 manat pulu işçilərə təsir göstərərək heç bir qəbz verməyərək toplayıb demək olar ki, hamısını mənimsəyir. 8100 manat pulun 5140 manatı işçilərə veriləcək əmək haqqı, 1338 manatı müəssisə tərəfindən ödəniləcək sosial sığorta vəsaiti, 209 manat vergi ödənci, 1413 manat isə digər xərclər üzrə nəzərdə tutulmuş vəsaitdir. Balakən rayon X3 sədrinin qanuna zidd hərəkətlərinin nəticəsidir ki, işçilər 4 aydan çox vaxtdır ki, əmək haqqı ala bilmir, 4 aydır ki, vergi və sosial sığorta borcları ödəməmişlər. Bu pulların hamısı İİK-nin sədri T.Məmmədov tərəfindən mənimsənilmişdir. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırkı mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından işə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri görə müəyyən edilir ki, hazırkı mübahisədə mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olmadığından mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli 05 nömrəli müvəkkillər iclasının qərarı ilə Balakən rayon X2 X6 Birliyi ləğv edilmiş, möhür və ştamp cəmiyyətdən alınmış, qaytarılması iddia olunan pul vəsaiti isə iddiaçının deməsinə görə işçilərdən toplanmış pul vəsaitidir. Bu səbəbdən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır, mübahisə mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər hüquqi şəxslər olsalar belə, tərəflər arasında yaranmış mübahisə, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə mülki mübahisə olduğundan hazırkı mübahisəyə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmalı və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində iddia ərizəsinin qaytarılması əsasları dəqiq olaraq müəyyən edilmiş və 152.1.3-cü maddədə göstərilmişdir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, işin yalnız ərazi aidiyyəti üzrə məhkəmədə baxılmalı olmaması iddia ərizəsinin geri qaytarılmasının əsası kimi nəzərdə tutulmuş, məhkəmə aidiyyəti pozulmaqla məhkəməyə verilmiş iddia ərizəsinin onun verildiyi məhkəmədə baxılmalı olmamasına görə geri qaytarılması qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Məhkəmənin qənaətinə görə, işin həmin məhkəmədə baxılmalı olmaması yalnız ərazi aidiyyəti ilə əlaqələndirildikdə iddia ərizəsi icraata qəbul edilərkən mülki məhkəmə icraatını birinci instansiya məhkəməsi qismində həyata keçirən ümumi məhkəmələr və ya kommersiya məhkəmələri arasında işlərə baxılması üzrə qanunla müəyyən edilmiş səlahiyyət bölgüsü pozula bilər. Halbuki, aidiyyət qaydalarının pozulmasına qanunla yol verilmir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsi). Bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə uyğun analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edilərək həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Balakən rayon X2 X6 Birliyinin cavabdeh Balakən rayon X1rşı “xx.xx.2019-cu il tarixli 05 nömrəli müvəkkillər iclasının qərarının ləğv edilməsi, qanunazidd olaraq götürülmüş möhür və ştampın cavabdehdən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən işçilərdən toplanmış aidiyyəti üzrə təqdim edilməmiş 8100 manat miqdarında vəsaitin cavabdehdən alınaraq müəssisəyə qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-73/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-73/2020
14.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver