Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-732/2025 05.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** saylı krеdit razılaşması üzrə 4244.44 manat məbləğində krеdit bоrcu, 514.08 manat məbləğində faiz bоrcu və 96.77 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4855,29 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 68.56 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, AccеssBank QSC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 015L**********24 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh1 AccеssBank QSC ilə bağladığı xx.xx.2024-cü il tarixli 015R********** saylı krеdit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində krеdit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 755.56 manat ödəmiş, onun 4244.44 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 114 gün üçün hesablanmış faiz borcu 514.08 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 114 gün üçün hеsablanmış cərimə 96.77 manat təşkil edir.
3. Cavabdeh2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, anası kredit xətti üzrə kredit götürmüş, götürdüyü kreditə o və iş yoldaşı Cavabdeh3 zamin olmuşlar. Həmin krediti ödədikdən sonra o yenidən anası Cavabdeh1 ilə kredit götürüb. Yalnız bankdan ona bildirmədilər ki, yenə zamin Cavabdeh3 olacaqdır. Onlar krediti götürəndə Cavabdeh3 onların yanında olmamışdır. Məhkəmədən ona bildiriş gəldikdə məlumatı olmuşdur ki, cavabdeh kimi Cavabdeh3 da göstərilmişdir. Halbuki sonuncu götürdüyü kreditdən Cavabdeh3 xəbəri olmamışdır. Hesab edir ki, AccеssBank QSC ondan və digər cavabdehdən əsas və faiz məbləğini çox tələb etmişdir. Hesablama şişirdilmişdir. Onun ağır olan vəziyyətini daha da ağırlaşdırmaq istəyirlər. Kredit təşkilatı tərəfindən hesablanmış əsas məbləğ və faiz şübhə doğurur və həmin məbləğləri qəbul etmir.
İİ. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxmışdır.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, ehtiyacı olduğundan bankdan kredit götürmüşdür. Lakin maddi imkanı olmadı deyə borcu ödəyə bilmədi. Banka müraciət edərək aylıq 150 manat ödəniş etməyə imkan yaradılmasını xahiş etsə də, bank razılıq verməmişdir. O, həmçinin bank tərəfindən hesablanmış 514 manat olan faiz borcunu qəbul etmədiyini bildirmişdir.
7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, birinci dəfə anası Cavabdeh1 3000 manat kredit götürən zaman o və Cavabdeh3 zamin kimi sənədlərə imza çəkiblər. İkinci dəfə kredit götürülən zaman anası Cavabdeh1 əməkdaşlardan ikinci dəfə zamin tələb olub-olmadığını soruşub. Əməkdaşlar anasına bildiriblər ki, zamin tələb olunmur. İkinci dəfə zaminliklə bağlı bankdan heç bir məlumat verməyiblər. O, həmçinin bank tərəfindən hesablanmış 514 manat olan faiz borcuna etiraz etmişdir.
8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, Cavabdeh2 3000 manat kredit götürən zaman zamin kimi öhdəlik götürmüşdür. Lakin ikinci dəfə kredit götürülən zaman zamin kimi iştirak edəcəyindən xəbəri yox idi. Həmçinin bank tərəfindən ona heç bir məlumat verilməyib.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
10. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 015L**********24 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 200000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminlər Cavabdeh2, Cavabdeh3 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
11. İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında xx.xx.2024-cü il tarixdə kredit sazişi-biznes krediti və girov barədə 015R********** nömrəli qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 30 % оlmaqla, 5000 manat məbləğində kredit verilmişdir.
12. İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 015R********** saylı krеdit razılaşması üzrə 4244,44 manat məbləğində krеdit bоrcu 514,08 manat məbləğində faiz bоrcu və 96,77 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4855,29 manat məbləğində bоrcu yaranmışdır.
13. İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 **********267430 nömrəli hesabına bank tərəfindən 5000 manat məbləğində pul köçürülmüşdür.
14. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2026-cı il tarixli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərdən və hesabdan çıxarış məlumatından görünür ki, Cavabdeh1 tərəfindən ona məxsus **********267430 nömrəli bank hesabına ümumilikdə 1100 manat məbləğində ödəniş edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4099 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2025-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) 4271,29 manat əsas, 441,93 manat faiz borcu təşkil edir.
16. İddiaçı QSC tərəfindən cavabdehlərə xx.xx.2025-ci tarixli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
V. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
Vl. Məhkəmənin mövqeyi:
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
21. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehlərin öhdəliyini icra etməməsi iddiaçıya kredit və zaminlik müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 5000 manat məbləği Cavabdeh1 vermiş, sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmişdir.
22. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
23. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzləri və hesabdan çıxarış məlumatına əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə bank hesabına cəmi 1100 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbi cavabdeh tərəfindən ödənilən məbləğə münasibətdə rədd edilməli, qalan 3144,44 (4244,44-1100) manat hissədə təmin edilməlidir.
24. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi 514,08 manat faiz borcun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
26. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişində cavabdehin həmin tarixə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 424,99 manat faiz borcunun yaranması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbi xəbərdalıq məktubunda qeyd olunan faiz borcu məbləğində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.
27. Əlavə olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan iddia tələbi cərimə borcuna münasibətdə təmin edilməlidir.
28. Bundan başqa məhkəmə hesab edir ki, işdə olan ekspert rəyinə hüquqi qiymət verilərək həmin rəy sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
29. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik deyildir. Bu səbəbdən məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyilə razılaşmayaraq belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyində hesablanmış əsas borc iddia tələbində olan əsas borcdan yüksək, həmçinin faiz borcu da bildirişdə olan faiz borcundan yüksək olduğundan məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə qeyd edir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
30. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
31. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56,66 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən 68,56 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
32. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 50 manat hissəsi isə iddiaçı "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilməlidir.
33. Beləliklə, qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 015R********** saylı krеdit razılaşması üzrə 3144,44 manat məbləğində krеdit bоrcu, 424,99 manat məbləğində faiz bоrcu və 96.77 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 3666,2 manat məbləğdə pul vəsaiti və ödənilmiş 56,66 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 50 manat hissəsi isə iddiaçı "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Vİl. Nəticə:
34. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 015R********** saylı krеdit razılaşması üzrə 3144,44 manat məbləğində krеdit bоrcu, 424,99 manat məbləğində faiz bоrcu və 96.77 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 3666,2 manat məbləğdə pul vəsaiti və ödənilmiş 56,66 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 50 manat hissəsi isə iddiaçı "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN:**********, büdcə təsnifatı kodu: 142595, Hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova